İlham Əliyev: "Azərbaycanla Rusiya fəal əməkdaşlıq edir"
Bizi izləyin

Nida.az

İlham Əliyev: "Azərbaycanla Rusiya fəal əməkdaşlıq edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq, Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söyləyib.

Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlət başçısı bunun ikitərəfli münasibətlərin bütün istiqamətlərində, o cümlədən, siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd edib.

Bu günlərdə Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirdə Rusiya Federasiyasının müxtəlif bölgələrini təmsil edən 300-dən artıq nümayəndənin iştirakının əhəmiyyətini önə çəkib. Ölkələrimizin bütün sahələrdə səmərəli fəaliyyət həyata keçirdiyini deyən dövlət başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etməsinin önəmini diqqətə çatdırıb. Dövlətimizin başçısı ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü illik sessiyasının yaxşı nəticələr verəcəyinə əmin olduğunu bildirib.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə, Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd edib və sessiyada əhəmiyyətli müzakirələrin aparılacağına ümid etdiyini söyləyib.

Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm