Ağdam, Füzuli və Cəbrayıl geri qaytarılır - İddia
Bizi izləyin

Nida.az

Ağdam, Füzuli və Cəbrayıl geri qaytarılır - İddia

“Azərbaycanla üç rayonun qaytarılması razılaşdırılıb”.

Musavat.com-a bunu ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov iddia edib.. Onun sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya mühüm rol oynayır. Ü.Cəfərov Azərbaycan üçün kritik vəziyyət yarandığını qeyd edir. Onun fikrincə, üç rayonun qaytarılması qarşılığında Rusiya Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb: “Xarici işlər nazirinin müavini Araz Əzimovun da çıxışlarından hiss olunur ki, üç rayonun qaytarılması razılaşdırılıb. Artıq buna hazırlaşırlar. Ermənistan da buna hazırdır. Rusiya əvəzində ermənilərə Avrasiya İttifaqına üzvlüyü, maddi dəstək və s. təkliflər vəd verib. Onlar da ikiəlli razılıq veriblər.

Azərbaycana da şirnikləndirici vədlər verilir - üç rayonun qaytarılması şəklində. Odur ki, ortada bir erməni-rus fitnəkarlığı var. Rusiya Azərbaycana sərt şəkildə dirənib. Məhz Naxçıvanda, Əlibəylidə atışmalar da bir siyasi gedişdir ki, xalqa göstərsinlər biz üç rayonu qaytarırıq. Halbuki, Rusiya tərəfindən planlaşdırılmış oyunlar aparılır. Son bir ay ərzində Roqozinin, Lavrovun Bakıya səfərləri, Lavrovun sonra İrəvana getməsi, ardınca Putinlə Əliyevin telefon danışıqları həlledici proseslərin getməsindən xəbər verir. Qərb isə Rusiyanın Qafqazdakı bu fəaliyyətini tamaşaçı kimi seyr edir”.

Hərbçi ekspertin qənaətincə, Azərbaycan tərəfi üç rayonun qaytarılmasını toy-bayram edib, xarici siyasətin uğurlu nəticəsi kimi təqdim edəcək: “Ancaq riskli dövrdür. Rusiya Azərbaycanı sıxır. Rəsmi Bakı da təhlükələrlə üz-üzə qalmasın deyə bu addımları atır. Yəni öz hakimiyyətinin saxlanmasını düşünür. Unutmaq lazım deyil ki, zaman bizim ziyanımıza işləyir. Rusiya heç vaxt Qarabağ problemini bütövlükdə həll etməyəcək. Müharibə xəbərləri də şişirdilmiş və maraqlara xidmət edən haldır. Azərbaycan tərəfi bir qədər maraqlıdır ki, Əlibəyli, Naxçıvanda qızğın döyüşlərin getməsini qabartsın, şişirtsin. Müdafiə Nazirliyi isə Statistika Komitəsinin işini yerinə yetirir. Hər gün rəsmi məlumat yayırlar ki, 40 dəfə atəşkəs pozulub, 45 dəfə güllə atılıb, 87 dəfə düşmən cavab atəşi ilə susdurulub. Müharibə başlayacağı nonsensdir. Burada sırf informasiya müharibəsi gedir. Düşmənin başladığı informasiya müharibəsini Azərbaycan da cavablayır”.

Əlibəylidəki vəziyyətə toxunan ekspert deyir ki, sosial şəbəkələrdə videolar dövriyyəyə buraxılıb: “Yanvarda olan atışmanın görüntüləri yerləşdirilib. İnandırıcı görünmür ki, hər iki tərəfdən artilleriya atəşləri olsun. Guya qızğın döyüşlərin getdiyi səhnəsini əks etdirmək istəyirlər. Burada incə məqam ondan ibarətdir ki, Rusiyanın Azərbaycana təklif etdiyi üç rayonun qaytarılması gündəmə gəlib, qansız-qadasız onları geri qaytarmaq istəyi var. Azərbaycana da deyirlər ki, bununla kifayətlənin. Bir gün bizi fakt qarşısında qoya bilərlər. Söhbət Qarabağın Ermənistana birləşdirilməsi təhlükəsindən gedir. Nə qədər ki, neft-qaz müqavilələri, iqtisadi layihələr, maraqlar var, müharibə olmayacaq. Geniş miqyaslı əməliyyatların başlanılacağı absurddur”.

Ü.Cəfərov qaytarılacaq rayonların adlarını da çəkib: Ağdam, Füzuli və Cəbrayıl.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm