Bakıda Avropa Komissiyasının plenar iclası
Bizi izləyin

Nida.az

Bakıda Avropa Komissiyasının plenar iclası

Bakıda Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclası keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə iştirak etmək üçün CEPEJ-in rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Con Steysi və Komissiya üzvləri Azərbaycana səfərə gəliblər.

Plenar iclasının təntənəli açılış mərasimində Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya, CEPEJ-in prezidenti C.Steysi, Ədliyyə Nazirliyinin məsul şəxsləri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyalarının nümayəndələri və hakimlər iştirak ediblər.

Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə səmərəli əməkdaşlığını vurğulayaraq dünyada getdikcə nüfuzu artan CEPEJ-in plenar iclasının Bakıda keçirilməsini əlamətdar hal kimi dəyərləndirib, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib.

Bildirilib ki, Avropa Şurası ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində məhkəmə fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılıb, institusional mexanizmlər, o cümlədən məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən müstəqil Məhkəmə-Hüquq Şurası təsis edilib. Həmçinin ədalət mühakiməsinə çatımlılığın artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə son illər geniş regional məhkəmə şəbəkəsi, apellyasiya, inzibati, ağır cinayətlər məhkəmələri yaradılıb, hakimlərin sayı iki dəfə artırılıb, qabaqcıl İKT-lər təchiz olunmaqla məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə davamlı tədbirlər görülüb.

Ölkəmizdə hakimlərin ən şəffaf seçim qaydasının təsbit olunduğunu bildirən nazir CEPEJ tərəfindən Azərbaycanın bu sahədə müsbət təcrübəsinin Avropada örnək kimi dəyərləndirildiyini vurğulayıb, dünyada məhkəmə hakimiyyətinin müstəqilliyinin təşviqini və yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini qeyd edib.

Ali Məhkəmənin sədri R.Rzayev Azərbaycanın Avropa Şurası, o cümlədən CEPEJ ilə məhkəmə-hüquq sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb, hakimlərin müstəqilliyinin təmin olunmasını, vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini, məhkəmələrdə şəffaflığın artırılmasını, İKT-lərin tətbiqini qeyd edib, CEPEJ-in Plenar iclasının məhkəmə sisteminin inkişafına öz töhfəsini verəcəyini bildirərək tədbirin işinə uğurlar arzulayıb.

Çıxışlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması faktı qonaqların xüsusi diqqətinə çatdırılıb.

Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri F.Buaya çıxış edərək CEPEJ-in plenar iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, vətəndaşların məhkəmələrə çatımlığının asanlaşdırılmasından və ictimai etimadın yüksəldilməsindən, məhkəmə fəaliyyətinin açıqlığından danışıb, hüquqi dövlətlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, CEPEJ-in Avropa Şurası üzv dövlətlərində məhkəmə islahatlarına dəstəyini, Komissiyanın qəbul etdiyi hesabatların bu islahatlara töhfəsini qeyd edərək onun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.

CEPEJ-in prezidenti C.Steysi ölkəmizin demokratik hüquqi dövlət quruculuğu sahəsində mütərəqqi addımların atıldığını qeyd edərək, Azərbaycanın bir çox dövlətlərin yüz il ərzində keçdiyi inkişafa qısa müddətdə hərtərəfli dinamik tərəqqiyə nail olmasını yüksək qiymətləndirib və ölkəmizin bu uğurlarını dünyada paylaşmasının əhəmiyyətini vurğulayıb.

C.Steysi, həmçinin Azərbaycanın CEPEJ-də fəal təmsilçiliyini qeyd edib, hakimlərin seçimində ölkəmizin müsbət təcrübəsini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini vurğulayaraq ayrılan maliyyə vəsaitlərinin artırıldığını təqdir edib.

Sonra CEPEJ-in plenar iclası gündəlikdə duran məsələlər üzrə öz işinə başlayıb. İclasda bir sıra mühüm məsələlərə baxılacaq, o cümlədən məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən və islahatlar üçün "yol xəritəsi" sayılan qurumun növbəti hesabatı müzakirə olunacaq. Tədbir iyulun 4-dək davam edəcək.

Eyni zamanda, nüfuzlu ekspertlərin Azərbaycana səfəri nəzərə alınaraq Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə CEPEJ-in fəaliyyətinə dair informasiya seminarı keçiriləcək. Seminarda CEPEJ-in ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu, onun hesabatlarının məhkəmə islahatlarına töhfəsi, qabaqcıl təcrübələrin təşviqi və s. mövzular ətrafında faydalı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulub, birgə fəaliyyət çərçivəsində mütərəqqi islahatlar həyata keçirilərək mühüm nailiyyətlər əldə olunub.

Avropa Şurasının 65 illiyinin qeyd olunduğu bir vaxtda cari ilin mayında bu qurumun Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçib.

Ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq sədrlik çərçivəsində 50-dən çox ölkədə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in plenar iclasının Strasburqdan kənarda, Bakıda keçirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm