Nida.az
Prezident: "Müsəlman ölkələrinin çox böyük potensialı, təbii resursları var"
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
- Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs
Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim
ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox məsələlər,
ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifadə edərək
xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı
təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına
çatdırasınız.
Biz sizinlə il ərzində müxtəlif tədbirlərdə dəfələrlə görüşürük,
təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarının, digər
yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı. Bir sözlə,
il ərzində biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan ayında
bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti vardır.
Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx
əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək
səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin
həllində biz çox fəal əməkdaşlıq edirik.
Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr
yüksək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki
şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes
qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə
bilər.
Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd
etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici
siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq
ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı
birliyi daha da möhkəmləndirək.
Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi
dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik,
xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim
mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir.
Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli
işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə
sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik
tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq
normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə
qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını
törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini
abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır.
Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik
Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından
çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə əlbəttə
ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa
göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq
nümunəsidir.
Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda
müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da
müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır.
İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması
işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT
Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə
bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən
irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə
çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə
məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim
ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə
BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim
prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də
bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla
əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik.
Eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir.
Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir,
öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağıq ki,
mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə
töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki,
Avropanın bəzi ölkələrində İslamafobiyaya qarşı adekvat münasibət
göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və
aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz
tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında
Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki,
İslam sülh, mərhəmət dinidir.
Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti vardır.
Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan
mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab edirəm ki,
bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə
bilərik.
Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcəkdir.
Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz
nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada
proseslər daha müsbət istiqamətdə gedəcəkdir.
Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii
resursları, iqtisadi potensialı vardır. Çalışmalıyıq səyləri
birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq. Sağ
olun.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB