Müxalifətin fəaliyyəti “Cırcırama və qarışqa” hekayəsini xatırladır” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Müxalifətin fəaliyyəti “Cırcırama və qarışqa” hekayəsini xatırladır” - MÜSAHİBƏ

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Bahar Muradovanın Publika.az-a müsahibəsi:

– Bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazimizdə - Kəlbəcərdə Azərbaycan vətəndaşları olan Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovu əsir götürüblər. Ermənilərin mülkü Azərbaycan vətəndaşları ilə hərbi əsir kimi rəftar etməsi və ağır işgəncələri nəticəsində soydaşlarımızdan ikisinin vəfat etməsi xəbəri yayılıb. Sizə elə gəlmirmi ki, artıq beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT artıq Ermənistana “dur” deməlidir?

– Heç konkret bu hadisə olmasa belə, bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətinə, münaqişə tərəflərinə olan münasibətə və cəbhə xəttində baş verən hadisələrə nəzər salsaq görərik ki, ATƏT və digər beynəlxalq təşkilatlar mövcud vəziyyəti görsə də, danışmaq istəmir. Ona görə də Ermənistan tərəfindən ardıcıl olaraq hüquqa zidd bu kimi hərəkətlər davam etdirilir. Biz isə bütün bu məsələləri daim uca səslə bəyan edirik, tələb edirik, beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk qrupunu ədalətli mövqe sərgiləməyə çağırırıq. Ancaq çox təəssüf ki, reallıq bundan ibarətdir.

Cəbhədə üzbəüz dayanmış hərbiçilər arasında baş verən hadisələrə görə mülkü vətəndaşlardan əvəz çıxmaq yalnız və yalnız təcavüzkar mövqedə olan, insanlıqdan kənar, heç bir insani dəyərlərə qiymət verməyən subyekt tərəfindən edilə bilər. Bu gün Ermənistanı dövlət də adlandırmaq olmaz. Çünki qanuni dövlətdə heç zaman belə hallara yol verilməz. Dövlət üçün qanunlar və beynəlxalq hüquq mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in üzvü olan ölkələrdir. ATƏT-in əsaslandığı Helsinki yekun aktının prinsipləri mövcuddur. Bundan əlavə, beynəlxalq davranış qaydaları, müharibədə davranış qaydaları var. BMT-yə üzv olan dövlət bu konvensiyaları imzalayaraq üzərilərinə öhdəlik götürür və sairə. Bu gün biz Ermənistanla təkcə müharibə vəziyyətində olan dövlət deyilik. Ermənistan hər zaman Azərbaycanı özünə bir nömrəli hədəf seçmiş, uzun illərdən bəri düşmənçilik mövqeyi nümayiş etdirmiş ölkədir.

Onlar millət olaraq da mövcud dəyərlərə, standartlara heç vaxt əməl etməyib. Ermənilərin indiyədək bizə qarşı nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, insan olan belə hərəkət etməz. Əgər ermənilər istəmirsə ki, insanlıqdan kənar olduqları barədə onların adlarına fikirlər eşitsinlər, o zaman özləri belə hərəkətlərə qiymət verməli, onu qınamalıdırlar.

Bu gün Kəlbəcər ermənilərin işğalı altındadır. Erməni təcavüzünə baxmayaraq, həmin Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarının həsrətinə dözməyib gizli də olsa ora səfər ediblər. Ermənilər isə Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarını girov götürdükdən sonra onlara qarşı amansız rəftar edib, gözlərini çıxardıb, şərəfini, ləyaqətini alçaldan işgəncələrə məruz qoyub, beynəlxalq qaydalara əməl etməyiblər. Bu cür hərəkətlər dövlət, millət və insanlıq adına uyğun gəlməyən, heç bir çərçivəyə sığmayan hərəkətlərdir. Üstəlik də bu gün işğalçı ölkənin müdafiə nazirinin durub bəyanat verməsi ki, girov götürülən azərbaycanlılar cinayət ediblər və buna görə mühakimə olunacaqlar və sairə, bu, heç bir əndazəyə sığmır. Çünki həbs olunan, girov götürülən şəxslər Azərbaycan ərazisində, öz dədə-baba yurdları olan Kəlbəcərdə tutulublar. Axı Ermənistanın bura nə aidiyyatı var? Ermənistan qanunlarının bura nə aidiyyatı var? Bu gün Dağlıq Qarabağa səfər edən Azərbaycan vətəndaşları heç bir cinayət məsuliyyəti daşımır. Ona görə də törədilən bu hərəkət, onun ətrafında güdülən hərbi-siyasi maraqlar və bundan Ermənistan rəhbərlərinin dövlət siyasətində istifadə etməsi heç bir standartlara sığmır. Hesab edirəm ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyət öz mövqeyini bəyan etməlidir. Azərbaycan dövləti əsir və girovlarla davranış qaydalarına dair qanunları və beynəlxalq hüququn prinsiplərini əldə rəhbər tutaraq lazımı addımlar atacaq. Nə qədər gec deyil, Ermənistan tərəfi öz məsuliyyətini dərk edərək normal və konstruktiv mövqe sərgiləməli və həmin insanları azad etməlidir.

– Bu cür hadisələrin Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan görüşü ərəfəsində baş verməsi sizə elə gəlmir ki, Ermənistanın bu görüşə gəlmək istəmədiyindən xəbər verir?

– Çox qəribədir ki, Ermənistan tərəfi bütün bu vəhşilikləri, insanlığa qarşı olan hərbi və bəşəri cinayətləri törətməklə yanaşı dünyada sülhdən, xalqlar arası münasibətlərin bərpasından danışır, sonra isə Azərbaycan tərəfini ittiham edir ki, guya biz sülh istəmirik və sairə.

O ki qaldı bu cür hərəkətlərin prezidentlərin görüşü ərəfəsində törədilməsi məsələsinə. Məgər Ermənistan tərəfinin belə hərəkətlər törətmədiyi gün olubmu? Fürsət düşdüyü anda, hətta görüşdən dərhal sonra belə cəbhə xəttində gərginliyi artırmağın Ermənistan tərəfi üçün heç bir əhəmiyyəti yoxdur. Bu onların xislətidir, azərbaycanlılara olan düşmənçiliyinin təzahürüdür. Əminəm ki, hətta danışıqlar çox intensiv gedəcəyi, hər mərhələdə yeni uğur əldə olunacağı halda belə onlar bu cür hərəkətləri davam etdirəcəklər. Odur ki, Ermənistan sülhə məcbur edilməlidir. Ermənilər türklərə və azərbaycanlılara qarşı düşmənçilik aparmaqla və düşmən olduqlarını konkret əməlləri ilə göstərməklə hər zaman fəxr ediblər. Bunu Ermənistanın prezidenti də, hərbiçisi də, ziyalısı da, adi vətəndaşı da edir. Bu cür hərəkətlərlə qürur duyan və insanlığa ləkə olan şəxsləri yetirən toplumdan başqa nə gözləmək olar? Bu gün erməni xalqının da bu hərəkətlərə qınağı yoxdursa, deməli onlar da bu cinayətlərə şərikdirlər. Xatırlayırsınızsa, yanvarın 28-də sərhədin Tovuz istiqamətində erməni Mamika Tiqranoviç Xocayan Azərbaycan tərəfindən saxlanılmışdı. Ancaq Azərbaycan mediası, ayrı-ayrı şəxslərimiz bu məsələni çox geniş müzakirə etdilər və qınadılar ki, kimlərsə onunla kobud davranıb. İndiyədək Ermənistan tərəfindən belə bir hərəkətə rast gəlmisinizmi? Həmin vaxtı aparılan müzakirələr zaman biz olmayan günahları sanki öz adımıza yazmağa çalışırdıq. İndi qoy erməni xalqı, ictimaiyyəti, hətta Leya Yunusla birgə fəaliyyət göstərən QHT nümayəndələri də öz rəsmi dövlət strukturlarının və soydaşlarının bu hərəkətlərinə münasibət bildirsin.

Azərbaycana qarşı qarayaxma kampaniyasında hər zaman bir yerdə çıxış edən şəxslər olaraq yaxşı olar ki, Leyla Yunus Ermənistandan olan rəfiqələri ilə birgə bu məsələ barədə də bəyanat versinlər. Bu cür halların xalq diplomatiyasına uyğunluğunu dəyərləndirsinlər. Qoy desinlər görək öz ata-baba yurdunda olduğuna görə ermənilər tərəfindən tutulub girov götürülən və gözü çıxarılan günahsız və mülkü şəxslərə qarşı bu cür əməllər nə dərəcədə qanunidir? Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar da münasibət bildirməlidir.

– Cəbhəyanı ərazimizdən biri Olan Füzuli rayonundan yeni qayıtmısınız. Orada vəziyyət necədir?

– İlk növbədə Şəhid Səməndər Kərimovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmək üçün getmişdim. Bilirsiniz ki, o, bir neçə həftə əvvəl Tərtər rayonunda hərbi tapşırığı həyata keçirərkən həlak olub.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin tapşırığı və Müdafiə Naziri Zakir Həsənovun əmri ilə o, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmin tədbirdə də Müdafiə nazirliyinin əməkdaşları ilə birlikdə medalı onun valideynlərinə təqdim etdik. Atası Fazil kişi, anası Məlahət xanım hamımızı riqqətə gətirən fikirlər söyləyərək onu qəbul etdilər. “Təki Vətən sagolsun, digər övladlarımız da bu yolda qurban” dedilər.

Azərbaycan igid oğullar yetirən belə insanların vətənidir. Odur ki, onların qanı yerdə qalmayacaq.

Sualınıza gəldikdə isə söyləməliyəm ki, orada vəziyyət gərgindir. Hər gün, hər gecə ermənilər tərəfindən atəşkəs rejimi pozulur, insanlar daim təhlükə altında yaşayır. Təmas xəttində yaşayan insanlar hər an ölüm təhlükəsi ilə qarşılaşa bilir. Bu həm psixoloji problemlər, həm də real təhlükələr yaradır. O insanların neçə illərdən bəri qurub yaratdıqları abadlıq və inkişaf adına nə varsa, hər an dağılmaq təhlükəsi qarşısındadır. Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlarımız doğrudan da çox fədakar insanlardır, hərbiçilərimizə də daim mənəvi dəstək olurlar. Onlar Azərbaycanın indiki inkişafının əsas rəmzlərindən biridir. Bu həm də Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan, oradakı tarixi və mədəni abidələri yer üzündən silən Ermənistana bir mesajdır.

Azərbaycan regionda bu cür inkişafa nail olması ilə göstərir ki, o torpaqlar bizim üçün çox əzizdir və bütün təhlükələrə baxmayaraq insanlarımız orada yaşayırlar. Eləcə də digər işğal altında olan ərazilərimizin də erməni tapdağı altında qalmasına razı olmayacağıq. O torpaqların hər bir qarışı işğaldan azad olunacaq. Çünki o torpaqlarda Azərbaycan oğullarının tökülmüş qanı var. Qanla yoğurulan bu torpaq bizim Vətənimizdir. Vətən torpağının hər bir qarışı isə vətənpərvər oğullar üçün əzizdir. Odur ki, bütün təhlükələrə baxmayaraq haqqında əvvəldə danışdığımız şəxslər o torpaqlardan dəfələrlə video çəkilişlər ediblər. Onlar ata-baba torpaqları haqqında təsəvvür oyatsın deyə o çəkilişləri aparırlar. Bu gün silahsız azərbaycanlıları tutaraq onları təhqir edən hər bir erməni hərbiçisi və bu siyasətə qulluq edən şəxslər bilsin ki, qisas günü uzaqda deyil. Azərbaycan dövləti bu hadisəni törədənləri, öz hərəkətləri ilə öyünən və mülkü Azərbaycan vətəndaşlarını kəşfiyyatçı adlandıran erməni rəsmiləri ədalət mühakiməsinə cəlb edəcək. Onlar törətdikləri bu əməllərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər.

– Bu günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda medianın inkişafına 2,4 milyon dollar həcmində qrant vəsaiti ayıracağını elan edib. Müsabiqə isə gizli formada həyata keçirilir. Sizcə bu nə qədər şəffaf sayılır?

– Azərbaycan demokratik bir cəmiyyət qurur. Bizim üçün vətəndaş cəmiyyətinin inkişafı və formalaşması çox vacib bir prioritetdir. Bu sahə ilə bağlı Azərbaycan dövlətinin tutduğu mövqe, ölkə prezidenti tərəfindən verilmiş sərəncamlar, qəbul edilmiş qanunlar və onların icra mexanizmləri bütün bunları sübut edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərən layihələr də bizim tərəfimizdən hər zaman dəstəklənir. Onlar da konkret mexanizmlər və proseduralar əsasında öz fəaliyyətlərini qurmalıdır. Özlüyündə hər hansı beynəlxalq təşkilatın qrant ayırması və müsabiqə elan etməsində qeyri-qanuni heç bir şey yoxdur. Problemlər onun icrası zamanı, şəffaflıq qorunmayan zaman yaranır. Bizim üçün narahatedici məqam da bundan ibarətdir. Düşünmürəm ki, Azərbaycan dövlətinin əsaslarını 2,4 milyonluq qrant layihəsi ilə sarsıtmaq mümkün olsun. Sadəcə olaraq bir qrup qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri olan insanlar var ki, onlar Azərbaycanda şəffaflıq tələbi ilə hər zaman çıxışlar edirlər, hesabatlılığın olmasını istəyirlər. Hesab edirəm ki, bu normal istəkdir və biz də bunu istəyirik. Ancaq bu adamların özlərinə gəldikdə isə bütün istəklər arxa plana keçir və şəffaflıqla bağlı məsələni yada belə salmaq belə istəmirlər. Məhz belə bir məqamda bu cür məsələlər müzakirə və diskussiya mövzusuna çevrilir. Bu mənada mən Azərbaycan ictimaiyyətinin sözügedən məsələ ilə bağlı narahatlığını bölüşürəm. Yəni, USAİD Azərbaycan qanunları çərçivəsində öz işini görməlidir. Bir həftə ərzində bu qədər vəsaitin nə dərəcədə şəffaf bölüşdürüləcəyi şəxsən məndə şübhələr yaradır. Mən istərdim ki, onlar bizim üçün qaranlıq qalan bu sualları cavablandırsın. Çünki bu müsabiqədə yaxşıların yaxşısı seçilməlidir və bu proses də şəffaf həyata keçirilməlidir. Bunun üçün isə müəyyən qədər vaxt lazımdır. Yəni, bir həftə vaxt bu cür müsabiqələr üçün kifayət qədər az müddətdir. Hesab edirəm ki, bizim media nümayəndələri, tədqiqatçı jurnalistlərimiz bu məsələni diqqətdə saxlamalı və müvafiq araşdırmalar aparmalıdır. Mən sizin vasitənizlə də sözügedən qrant layihəsinin təşkilatçılarından xahiş edirəm ki, onlar bu suallara cavab versinlər. Əgər olmazsa, o zaman daha yeni suallar ortaya çıxacaq və adekvat olaraq mövqelər sərgilənəcək.

– Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Seçki ərəfəsi müxalifət partiyalarının fəaliyyətində nə qədər fəallıq hiss olunur?

– Sizin bu sualınızdan sonra xatirimə orta məktəb dərsliyində keçirilən “Cırcırama və qarışqa”nın hekayəsi düşdü. Hekayə belə başlayırdı: Cırcırama yaz, bahar, Nəğmə oxur biqərar. Sonda da cırcırama qarışqaya möhtac olur. İndi özlərini Azərbaycanda ictimai-siyasi proseslərin subyekti hesab edən bir çox şəxslər də cırcırama ömrü yaşayır. Zəhmət, əzab-əziyyət, daim çalışmaq yox, ancaq sonda isti yemək, isti yuva və sairə istəyirlər. Bu da olmayanda deyirlər ki, qarışqalar bizə imkan vermədi. İndi də buna oxşar bir vəziyyət yaranıb. İşin, zəhmətin, ardıcıl və məqsədyönlü fəaliyyətin gətirdiyi nəticələr də uğurlu olur. Bu, kapital üzərinə kapital gətirir. Nə siyasi kapitalı, nə iqtisadi imkanları, nə sosial dayaqları olmayan kəslərin fəaliyyəti sonda yenə cırcırmanın nəticələrini ortaya qoyacaq. Ancaq daim zəhmət çəkən, məsuliyyət yükünü dərk edən və hər zaman insanların yanında olan siyasi qüvvələr mütləq qalib gələcəklər. Uduzanlar isə bu qələbəni müzakirə edəcək. Biz yenə də eyni mənzərənin şahidi olacağıq. Əlbəttə ki, bələdiyyə seçkiləri bir çoxları üçün maraqlı deyil. Əvvəla, Azərbaycanda bələdiyyələrin indiki vəziyyəti və statusu bir çox müzakirələr doğurur. Azərbaycanda bələdiyyə institutu addım-addım inkişaf etməlidir və bu cür də davam edir. Çünki Azərbaycanda belə bir təcrübə olmayıb və bələdiyyə institutu yeni yaranıb. Hesab edirəm ki, zamanı gələndə bələdiyyə institutu da öz layiqli yerini tutacaq. Ancaq bir çoxları bu prosesi keçmədən bir çox ölkələrin təcrübəsindən nümunə gətirərək Azərbaycanda da onun olmasını və özlərinin də orada olmasını istəyirlər. Yaxşı olar ki, bu prosesin əvvəlindən onun içərisində olasan və mövcud təcrübəyə yiyələnəsən. Amma bu prosesi keçməyə bir çoxlarının hövsələsi çatmır. Onlar bələdiyyələr barədə danışan zaman da söylədikləri ancaq iqtidara qarşı ittihamlar olur. Həmin adamlar bununla da öz işlərini bitirmiş sayırlar və bundan siyasi alət kimi istifadə edirlər. Ona görə də mən bu cür adamların yenə də bu prosesdə fəal yer tutacağını düşünmürəm. Ancaq Yeni Azərbaycan Partiyası (YAP) və bizə dəstək olan ictimai-siyasi qüvvələrin bələdiyyə seçkiləri prosesində yenə də öndə olacağını düşünürəm. Çünki biz məsuliyyət hissinin mövsümü daşıyıcısı deyilik. Bizdə məsuliyyət hissi daimidir. Amma bu işə mövsümü iş kimi baxanlar isə yenə də bundan siyasi spekulyasiya məqsədlər üçün istifadə edəcəklər.

– Bəs gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyət necədir?

– Gələn il Azərbaycanda çox ciddi siyasi proseslər gedəcək və parlament seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərini parlament seçkilərinin başlanğıcı kimi də qəbul etmək olar. Yəni, bu il başlanan iş davamını gələn il parlament seçkilərində göstərəcək. Hesab edirəm ki, biz yenə məqsədyönlü və ardıcıl, biri digərini tamamlayan fəaliyyətlərin sahibi olacağıq. Nəticələr isə yenə uğurlu olacaq. Parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının (YAP) üstünlük qazanacağına əminəm.

– Parlament seçkilərində yenidən namizədliyinizi verməyi düşünürsünüz?

– Bilirsiniz ki, mən üç çağırış Milli Məclisin deputatı seçilmişəm. Namizədliyimi irəli sürmək isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və partiya rəhbərliyinin qərarı ilə olub. Mən heç vaxt fərdi qaydada namizədliyimi irəli sürmək barədə qərar verməmişəm. Əgər partiya rəhbərliyi və YAP-ın müvafiq qurumları belə bir qərar qəbul edəcəksə, o zaman mən onun yalnız icraçısı olacam. Ona görə də mən indi bu barədə düşünmürəm. İndi bizim üçün əsas məsələ partiyamızın ümumi iştirakı və qələbəsi məsələsidir.

– Milli Məclis tətilə gedib. Bəs siz istirahət etmirsiniz?

–Yox, mən hələ istirahət etmirəm. İstirahətimiz gördüyünüz kimi, iş başında keçir. Yay tətilində istirahət etmək üçün də hər hansı xüsusi planım yoxdur. Əgər bir neçə gün boş vaxtım olarsa, o zaman Bakı bağlarında istirahət edəcəm. Yəqin ki, istirahəti Azərbaycanda edəcəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm