2,4 milyon dolları onlar alır - Adbaad
Bizi izləyin

Nida.az

2,4 milyon dolları onlar alır - Adbaad

ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə – 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.

Hələlik müsabiqəyə hansı təşkilatın layihə təqdim etdiyi rəsmən açıqlanmayıb. Ölkənin aparıcı KİV-lərinin rəhbərləri “Gündəlik Teleqraf” qəzetinə verdikləri açıqlamada 2,4 milyon dollar dəyəri olan layihədən xəbər tutmadıqlarını və müsabiqədə iştirak etmədiklərini bildiriblər. Lakin “Gündəlik Teleqraf”ın araşdırması nəticəsində “İREX Azərbaycan” təşkilatının bu müsabiqədə iştirak etdiyi məlum olub. Bəs “İREX-Azərbaycan” təşkilatının rəhbərliyi kimdir? Bu təşkilatda kimlər çalışır? Başqa sözlə desək, 2,4 milyonu kimlər alacaq?

Teleqraf.com bu şəxslərin kimliyini oxucuların diqqətinə çatdırır.


Anjela Nikoara - Azərbaycan Yeni Media Layihəsinin layihə rəhbəri kimi fəaliyyət göstərir. Layihə Azərbaycan üçün USAID-nin Media İnkişafı Proqramının son mərhələsində peşəkar və vətəndaş jurnalistlərinin tənqidi çıxışları, sahəsində genişləndirilmiş; icmalar, QHT və Azərbaycan vətəndaşları arasında informasiya-əsaslı əlaqələri inkişaf etdirilmiş, yeni və ənənəvi mediada söz azadlığını dəstəkləyən media-savadlı vətəndaşların inkişaf etdirilməsində yardım etmiş İREX tərəfindən yaradılmış fonda əsaslanır.

Irex.az saytı bildirir ki, Anjela jurnalistika və beynəlxalq proqramların idarə olunmasında 15 ildən çox təcrübəyə sahibdir. O, əvvəllər Serbiya, Sudan, Ruanda və Şri-Lankada layihə rəhbəri kimi fəaliyyət göstərib. Sərbəst jurnalist və media təlimçisi kimi Rumıniya, Rusiya, Bosniya-Herseqovina, İndoneziya, Konqo Demokratik Respublikasında, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çalışıb. Anjela Brandeys Universitetinin “Birgəyaşayış və Münaqişələr” üzrə magistr dərəcəsinə sahibdir.

Sayt, həmçinin bildirib ki, Anjela Afrika musiqilərini dinləməyi çox sevir və 2 triatlonu tamamlayıb.

Azərbaycan Yeni Media Layihəsi direktor müavini Ələsgər Məmmədli - Ə.Məmmədli 1996-cı ildə Türkiyənin İstanbul Universitetinin Hüquq fakultəsində bakalavr təhsili alıb. Magistr dərəcəsinə isə 2001-ci ildə Türkiyə Dövlət İdarəçilik İnstitutu və Ankara Yaxın Şərq İnstitutunda yiyələnib. Ə.Məmmədli vəkil kimi İstanbulda, hüquqşünas kimi isə Internews və İREX Azərbaycan təşkilatında işləyib.

O, media hüququ, informasiya əldə etmək hüququ, seçki hüququ, konstitusiya hüququ və insan haqları üzrə ixtisaslaşıb. Müntəzəm olaraq hüquqşünaslar və jurnalistlər üçün təlimlər təşkil edir. Hətta Bakı Dövlət Universitetində, Jurnalistika məktəbinin tələbələrinə “Media Hüququ”ndan dərs keçir. Azərbaycan Açıq Cəmiyyət İnstitutunda Ekspert Komissiyasının üzvüdür.

Sayt Ə.Məmmədli barədə özəl məlumat kimi qeyd edir ki, o, yerli və beynəlxalq media tərəfindən nəşr olunmuş hüquq üzrə çoxsaylı məqalələrin və 21 kitabın müəllifidir.


“İREX-Azərbaycan”ın baş proqram mütəxəssisi Natella Abdullayevanın Azərbaycanda beynəlxalq yardım və inkişaf proqramları sahəsində 15 ildən artıq layihə menecmenti təcrübəsi var. Rus ədəbiyyatı fakültəsinin məzunudur. 2013-cü ildən İREX-də Baş Proqram Mütəxəssisi işləyən Natella regional internetə çıxış mərkəzləri üzərində işləyir, vətəndaş jurnalistlərini həvəsləndirir, vebsayt və yeni media təlim layihələrinə nəzarət edir. N.Abdullayevanın beynəlxalq təşkilatlarla (British Council, Beynəlxalq Xilas Komitəsi) və kommersiya şirkətləri (Rohde & Schwarz, Strabag) ilə böyük iş təcrübəsi var. Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsini Dövlət Neft Akademiyasından və Corciya Dövlət Universitetindən alıb. Xüsusilə maliyyə və resursların idarəçiliyi üzrə ixtisaslaşıb.


Layihənin proqram koordinatoru Könül Əliyevanın İT, Azərbaycan və ingilis dillərində təlimlər və layihə koordinasiyası sahəsində 8 illik təcrübəsi var. O, ABŞ-ın Sülh Korpusunda Dil və Mədəniyyət Müəllimi işləyib və 2011-ci ildən 2012-ci ilədək 9 Sülh Korpusu Könüllüsünə təlim keçib. 2012-ci ilin sonunda İREX Azərbaycana layihə koordinatoru kimi qoşulub. Könül Əliyeva hazırda Elektron Kənd, SRP, İCT və digər proqramların həyata keçirilməsində layihə komandasını dəstəkləyir.


Miralim Seyfiyev İREX Azərbaycanda maliyyə və inzibati mütəxəssisdir. O, maliyyə işlərinə – layihə və tədbirlərin büdcəsinin hazırlanmasına, xüsusilə Qrant Departamenti üçün müxtəlif maliyyə inzibati sənədlərin hazırlanmasına baxır. Miralim Qafqaz Universitetini bitirib, iqtisad və maliyyə sahəsi üzrə magistr dərəcəsi alıb.


Maddi-texniki təchizat mütəxəssisi Cavid Kazımov İREX-ə çox sadiqdir, 10 ildən çoxdur İREX Azərbaycanda çalışır. Hazırda Cavid maddi-texniki təchizat koordinatorudur. Proqramlar, təhsil və qrant komandaları üçün mal və xidmətlərin alınmasına məsuldur. O, həmçinin tədbirlərin təşkilində iştirak edir.


Qrant meneceri Oksana Zarukayeva Azərbaycan və Orta Asiyada böyük iş təcrübəsi olan savadlı menecerdir. İREX, UNDP (BMT-nin İnkişaf Proqramı) və digər təşkilatlar və layihələrdəki işi vasitəsilə, Oksana layihə menecerliyi, qrant menecerliyi, nəzarətçi təcrübəsi və təlimlər sahəsində praktik təcrübəsini geniş şəkildə paylaşır. Oksana Özbəkistan-Yaponiya İnsan İnkişafı Mərkəzində Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsi alıb.


Sayt “İREX-Azərbaycan”ın media mütəxəssisi Ülviyyə Əsədzadəni təcrübəli jurnalist kimi xarakterizə edib. O, korrupsiyaya qarşı yazıları və araşdırmalar sahəsi üzrə ixtisaslaşıb. O, Azadlıq Radiosunun Bakı bürosunda araşdırma komandasının üzvü və multimedia müxbiri işləyib. Canlı siyasi debat aparıb və beynəlxalq mediada Azərbaycanla bağlı yazılarla çıxış edib. O, 2012-ci ildən İREX-də çalışır və regional internetə çıxış mərkəzləri üzərində işləyir, vətəndaş jurnalistikasını həvəsləndirir, sayta və yeni media təlim layihələrinə nəzarət edir.


Təhsil proqramlarının koordinatoru Samirə Rəsulova 2010-cu ildən İREX-də işləməyə başlayıb. O, proqramların qəbulu, seçimi və məzunların fəaliyyətini əlaqələndirir. S.Rəsulova proqramların öz məqsədinə çatması və təsiri olması üçün əlindən gələni edir. O, qrant sənədlərinin idarəçiliyi, məzunların fəaliyyətinə nəzarətlə məşğuldur və məzunlar arasında icma hissinin, əməkdaşlığın yaranmasına çalışır.


Nigar İsgəndərova İREX ailəsinə 2006-cı ildə qoşulub. Maliyyə koordinatoru vəzifəsində çalışır. Maliyyə sənədləri ilə işləyir, maliyyə məsələləri ilə əlaqədar əməkdaşlara xidmət göstərir, insan resursları sahəsində fəaliyyətlə məşğuldur. Milli və beynəlxalq QHT-lərdə 12 il iş təcrübəsi var. Xəzər Universitetini bitirib. Maliyyə sahəsində magistr dərəcəsi var.

Bəli, əziz oxucular, İREX Azərbaycan təşkilatının direktor müavini Ələsgər Məmmədli istisna olunmaqla, bu qurumda çalışanların adı ölkə mətbuatı üçün heç nə demir. Ələsgər Məmmədlini də media nümayəndələri İREX-dəki fəaliyyətinə görə deyil, bir hüquqşünas və ekspert kimi tanıyırlar. İREX Azərbaycan təşkilatının bu günə qədər Azərbaycan mediasının inkişafına heç bir ciddi töhfə vermədiyini, ölkənin aparıcı tv, radio, qəzet və internet mediasında çalışan tanınmış jurnalistlərdən uzaq durduğunu gündəmə gətirəcəyik. Görünür bunun bir səbəbi də budur ki, İREX-ə ayrılan böyük həcmli qrantların məqsədi heç də müstəqil mətbuata dəstək vermək deyil. Bu qrantların bir hissəsi İREX-in timsalında “ikinci əldən” Xədicə İsmayılova kimilərinin qeyri-jurnalist fəaliyyətlərinin maliyyələşdirilməsinə sərf edilir.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm