Vətəndaşlar Prezidentə yazırlar: Xalqımız hər zaman Sizin arxanızdadır
Bizi izləyin

Nida.az

Vətəndaşlar Prezidentə yazırlar: Xalqımız hər zaman Sizin arxanızdadır

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

Publika.az Prezident saytına istinadən həmin məktubların bir neçəsini təqdim edir:

Lerik rayonunun Barzavu kəndindən Hakim Qənbərov yazır: “Hörmətli cənab Prezident, bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfərləri ərəfəsində Azərbaycanda yaşanan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sevgi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb. Bu dönməz qətiyyətin sayəsində Sizin - Ali Baş Komandanımızın döyüş əmri ilə yaxın zamanlarda torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik. Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adından Sizə minnətdaram. Dövlətim və millətim üçün həmişə döyüşməyə və şəhid olmağa hazıram. Vətən sağ olsun!”.

Saatlı rayonunun Mollavəzili kəndindən Mirzəka Ağayev və Rövşən Bədəlov yazırlar: “Hörmətli cənab Prezident, Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Kəndimizin bütün sakinləri qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğunu bildirir, döyüş əmrinizi gözləyirlər”.

Füzuli rayonundan Fuad Şükürov: “Cənab Ali Baş Komandan, Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Ordumuz düşmənə hər an layiqli cavab verməyi bacarır. Xalq-iqtidar birliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib”.

Bakı şəhərinin sakini Günay Yusifova: “Hörmətli cənab Prezident, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Bu hadisə Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu bir daha göstərdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri düşmən hücumlarının qarşısını məharətlə aldı və düşməni geri oturtdu. Sizin də dediyiniz kimi, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Torpaqlarımızın tezliklə azad ediləcəyinə inanırıq”.

Bakı şəhərinin sakini Orxan Nuriyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, əfsuslar olsun ki, torpaqlarımızın 20 faizi təcavüzkar Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlərboyu doğmalarımız həmin ərazilərdə yaşayıb yaratmışlar. İşğal olunmuş ərazilərimizdə tarixi, dini abidələr dağıdılıb yerlə-yeksan edilib. Son günlərdə erməni işğalçıları tərəfindən atəşkəsin pozulması beynəlxalq hüquq normalarının yenidən pozulması deməkdir. Biz həmişə inanmışıq və indi də inanırıq ki, Sizin müdrik, uzaqgörən siyasətiniz və ordumuzun gücü sayəsində doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyü çox qısa zamanda bərpa olunacaq. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik”.

Masallı rayonunun sakini Spartak Nadirov: “Hörmətli cənab Prezident, bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını alan ordumuzun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə əsgərlərimizi dəstəkləyir, şərəfli Azərbaycan əsgərinin formasını geyinərək cəbhə bölgəsinə getmək, torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün əmrinizi gözləyirəm. Sizinlə qürur duyuram. Qarabağda bayrağımızı dalğalandıranlardan biri olmaq arzusu ilə döyüş əmrinizə hazıram”.

Daşkəsən rayonundan Günel Məmmədova: “Hörmətli cənab Prezident və əziz Mehriban xanım, bu narahat günlərdə Sizin ordumuza, xalqımıza verdiyiniz dəstək əvəzedilməzdir. Əminəm ki, bu günlər arxada qalacaq, gələcəkdə bizi yalnız qələbə sevinci ilə dolu günlər gözləyəcək. Hamımız bilirik ki, Siz gecə-gündüz çalışır, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlirsiniz. Xalqımız da hər zaman Sizin arxanızdadır. Biz birlikdə güclüyük!”.

Ağdam rayon 135 saylı köçkün tam orta məktəbinin müəllimi Aynurə Səlimova: “Hörmətli Cənab Prezident, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir. Cənab Prezident, belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpaqda axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir. Biz Sizinlə qürur duyuruq”.

Bakı şəhərinin Binəqədi rayonundan Səlcuq Müzəffərli: “Cənab Ali Baş Komandan, son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olundu. Biz ordumuzun gücünə inanırıq və ona da inanırıq ki, işğal altındakı bütün torpaqlarımız Sizin rəhbərliyinizlə düşmən tapdağından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənc var ki, bunlardan Yeni Azərbaycan Partiyasının gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində "Yaşasın Azərbaycan" şüarı ilə vuruşmağa könüldən hazırdırlar. Biz Sizin gücünüzə inanırıq və bu çətin zamanda Sizin yanınızda yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur”.

Bakı şəhərinin sakini Rüfət Əhmədov: “Hörmətli cənab Prezident, son günlərdə cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənə daim layiqli cavab vermiş, onların həmlələrini uğurla dəf etməklə nəyə qadir olduğunu bütün dünyaya sübut etmişdir. Bu gün Azərbaycanın bütün uğurları Sizin adınızla bağlıdır. Cənab Prezident, biz Sizinlə birgə güclüyük. Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir”.

Zəngilan rayon 35 saylı məktəbin müəllimi Həyat Abdullayeva: “Hörmətli cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya malikdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, Azərbaycan bu gün düşmənə layiqli cavab verə bilir. Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır. Cənab Ali Baş Komandan, Zəngilan gəncləri olaraq bizlər daim dövlətimizə xidmət edirik. Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq”.

Bakı şəhərinin sakini Elvin Hüseynov: “Hörmətli cənab Prezident, bu müraciəti Sizə ünvanlamağı özümə borc bildim. Son günlərdə mənfur düşmənlərimizin ölkəmizə qarşı təcavüzünü Azərbaycan gəncləri qəti şəkildə qınayır və Sizin əmrinizi gözləyirik ki, düşmənə şanlı Aprel döyüşlərində olduğu kimi, layiqli cavab verək. Bu gün biz gənclər tərəfindən döyüş həm ön cəbhədə, həm də arxa cəbhədə sosial şəbəkələrlə davam edir və düşmənə hər iki tərəfdə layiqli cavab verilir. Cənab Prezident, ön cəbhədə əlimizdə silah qanımızın son damlasına kimi Vətəni müdafiəyə hazırıq”.

Bərdə rayonunun sakini Ramal Əhmədov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda erməni faşistləri öz çirkin xislətinə sadiq qalaraq, Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Qüdrətli Azərbaycan Ordusunun cavabı nəticəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuş və həlak olan hərbçilərimizin qisası alınmışdır. Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizi əmin edirəm ki, bizlər daim dövlətimizə və dövlətçiliyimizə xidmət edirik. Sizin yanınızda yumruq kimi birləşmişik. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazırıq. Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq”.

Bakı şəhərinin daha bir sakini Yeganə Məmmədova yazır: “Möhtərəm cənab Prezident, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Sizə inamıdır. Azərbaycan gəncləri Sizin ətrafınızda sıx birləşib. Sizin ordumuzun inkişafına daim qayğı göstərməyiniz, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməyiniz sayəsində güclü ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var”.

Paytaxt sakini Ümudə Rəhimova: “Möhtərəm cənab Prezident, biz gənclər Sizi hər zaman dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizin tapşırıqlarınızı hər zaman uğurla yerinə yetirəcəyimə tam əmin ola bilərsiniz. Biz Sizin iradənizə güvənirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm