Nida.az
İlham Əliyev: "İnkişafımız göz qabağındadır" (FOTO)
Bu gün Azərbaycan məhz görülən işlərə görə
dünya miqyasında diqqət mərkəzinə çevrilib.
Publika.az-ın məlumatına görə, bunu Prezident
İlham Əliyev iyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzinin açılışı
mərasimində deyib.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan
Prezident İlham Əliyev bildirib: "Sizi ürəkdən salamlayıram.
Yenidən Xızıda olmağımdan çox şadam. Bu, Xızıya mənim üçüncü
səfərimdir. Yadımdadır, keçən dəfə xəstəxananın açılışını qeyd
etmişik. Bu gün də bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışında
bir yerdəyik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm. Bu, çox gözəl bir Mərkəzdir, çox gözəl binadır. Həm xarici
görünüşü, həm daxili tərtibatı ən yüksək səviyyədədir. Çox böyük
zövqlə tikilibdir".
Dövlət başçısı əminliyini bildirib ki, Xızı
rayonunun sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə
edəcəklər: "Çünki bu Mərkəzdən gənclər, yeniyetmələr, yaşlı nəslin
nümayəndələri müxtəlif istiqamətlər üzrə istifadə edə bilərlər. Həm
funksional, həm memarlıq baxımından çox gözəl bir yerdir. Burada
fəaliyyət göstərəcək dərnəklərdə gərək gənclər iştirak etsinlər və
bu Mərkəz yaşamalıdır. Çünki belə gözəl bina tikilib və əlbəttə ki,
bunun funksional tərəfi də yüksək səviyyədə təşkil edilməlidir.
Mərkəz Ulu Öndərin adını daşıyır və bu da təbiidir. Çünki Heydər
Əliyev müstəqilliyimizin banisidir. Məhz onun fəaliyyəti
nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır,
güclənir".
İlham Əliyev qeyd edib ki, ölkəmiz üçün ən ağır
dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev
müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi
inkişaf yoluna çıxarıb: "Bu gün biz bu siyasətə bütün istiqamətlər
üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir.
Bu inkişafı biz Xızı rayonunun timsalında da görürük. Çünki
bildiyiniz kimi, Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min
civarındadır. Buna baxmayaraq, Xızının sosial-iqtisadi inkişafı
üçün bütün lazımi tədbirlər görülür. Biz bu tədbirləri ardıcıllıqla
görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini
tapsın. Magistral yoldan Xızıya gözəl bir yol çəkilib. Bu yol
əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl
standartlara uyğundur. Burada digər yol layihələri icra edilir. Bu
yaxınlarda kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılmışdır.
Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcəkdir. Digər
yol layihələri indi həllini gözləyir və o məsələlər də həll
olunacaqdır. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün
də vəsait ayrılacaq".
Dövlət başçısı bildirib ki, yol infrastrukturu
əsasdır və indi ölkəmizin bütün yerlərində kənd yolları prioritet
kimi gündəlikdədir: "Yol olanda əlbəttə ki, rahatlıq da, inkişaf da
olur. Xızının turizm potensialı çox böyükdür. Burada çox gözəl
təbii şərait var - gözəl dağlar, təmiz hava. Bu gün mənə yeni
layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni,
bu sahədə əlavə tədbirlərin görülməsi əlbəttə ki, rayonun iqtisadi
potensialını artıracaqdır. Çünki ilk növbədə yol olmalıdır,
infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun
spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə
tutulur, o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional
inkişaf proqramında Xızı rayonunun inkişafı üçün bütün lazımi
tədbirlər nəzərə alınıb. Keçən dəfə burada olarkən biz xəstəxananın
açılışını qeyd etmişik. Bu, çox gözəl tibb ocağıdır. Həm gözəldir,
həm də ki, orada quraşdırılan bütün avadanlıq dünya klinikalarından
geri qalmır. Hesab edirəm ki, bu da insanların sağlamlığına çox
böyük töhfədir".
Prezident İlham Əliyev vurğulayıb ki, Xızı
rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addım
atılmışdır: "Suvarma layihəsinə start verildi və bu layihə
Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olmuşdur.
Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft
sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür,
kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir.
Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı, elektrik stansiyası,
Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr artıq icra edilibdir.
Beləliklə, biz Samur çayının sularından istənilən həcmdə istifadə
edirik. İndi isə biz artıq bu kanal üzərində yerləşən rayonların
kənd təsərrüfatına da ciddi diqqət göstəririk".
Azərbaycan Prezidentinin sözlərinə görə, Siyəzən,
Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri
dövriyyəyə buraxılacaqdır. Xızı rayonunda isə doqquz min hektar
torpaq su ilə təmin ediləcəkdir: "Hazırda Xızı rayonunda suvarılan
torpaqların sahəsi üç min hektardır. Yəni, indikindən üç dəfə çox
torpaq suvarılacaqdır. Beləliklə, fermerlər üçün əlavə imkanlar
yaranacaqdır. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə
istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və
Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul
olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların
nomenklaturasını müəyyən edək. Yəni, bu, kənd təsərrüfatının
inkişafı üçün çox böyük layihədir, böyük töhfədir. Əminəm ki, yaxın
vaxtlarda - bir il ərzində artıq bütün lazımi şəbəkə qurulacaqdır.
İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya
bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin. Bax, budur bizim
konkret gördüyümüz işlər".
Dövlət başçısı qeyd edib ki, Xızı rayonunun
gələcək inkişaf ilə bağlı, əlbəttə ki, əlavə tədbirlər
görüləcəkdir: "Mən bilirəm ki, problemlər də vardır. Onların
arasında birinci problem içməli su problemidir. Bildiyiniz kimi,
indi ölkə üzrə bu problem tədricən öz həllini tapır. Əminəm ki,
üçüncü regional inkişaf proqramının icrası nəticəsində bizim bütün
şəhərlərimizdə içməli su layihələri təmin ediləcəkdir, o cümlədən
Xızı rayonunda. Bilirəm ki, mənbənin müəyyən edilməsi ilə bağlı
müxtəlif çətinliklər vardır. O məsələ də öz həllini tapacaqdır.
Yəni, Xızı rayonuna da təmiz, içməli su gətiriləcəkdir. Çünki biz
indi bu layihələrə böyük diqqət göstəririk. Artıq son vaxtlar bir
neçə şəhərə təmiz içməli su gətirilibdir. Eyni zamanda,
kanalizasiya layihələri də bərabər aparılır, o cümlədən Xızıda da
bu məsələ öz həllini tapacaqdır. Yəni, son vaxtlar aparılan işlər
onu göstərir ki, biz bütün problemləri ardıcıllıqla həll edirik və
həll edəcəyik. Misal üçün, bu gün Xızıda qazlaşma doxsan faiz
təşkil edir. Amma vaxtilə burada qaz yox idi, yollar yox idi.
Yollar tikilibdir. Xəstəxana yox idi, xəstəxana tikilibdir. İndi
içməli su layihəsi də icra ediləndən sonra demək olar ki, əsas
infrastruktur məsələləri həll olunacaqdır.
Suvarma layihəsinə start verildi. Fermerlərə
güzəştli şərtlərlə kreditlər verilir. Təkcə o qalıb ki, insanlar bu
imkanlardan səmərəli şəkildə istifadə etsinlər, işləsinlər və öz
əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər. Bizim ümumi
inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü
yaşayır və ölkədə böyük quruculuq işləri
aparılır".
Prezident İlham Əliyev vurğulayıb ki,
iqtisadiyyatımız artır, sosial məsələlər həll olunur. Ölkədə
sabitlik və vətəndaş həmrəyliyi hökm sürür: "Bir sözlə, bu gün
Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət
mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir
istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o
cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə
bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcəkdir,
insanlar daha da yaxşı yaşayacaqlar. Əminəm ki, dediyim məsələlərin
reallaşması nəticəsində biz hələ sizinlə çox görüşəcəyik. Çünki
gələcəkdə burada yenə də böyük açılışlar olacaqdır. Sizi bir daha
salamlayıram. Sizə ən xoş arzularımı çatdırıram".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!