Ermənistan cəmi 36 gün müharibə apara bilər, sonra iqtisadiyyatı tam çökəcək - EKSPERT
Bizi izləyin

Nida.az

Ermənistan cəmi 36 gün müharibə apara bilər, sonra iqtisadiyyatı tam çökəcək - EKSPERT

“Müxtəlif hesablamalar var. Belə bir hesablama da oldu ki, müharibənin hər bir günü Ermənistan iqtisadiyyatına 100 milyon dollara başa gəlir. Ermənistan büdcəsi 3,6 milyard dollardır. Yəni 36 günlük müharibə aparacaq qədər büdcələri var”.

Publika.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli Ermənistan iqtisadiyyatının müharibəyə nə qədər duruş gətirəcəyini şərh edərkən bildirib.

N.Cəfərlinin sözlərinə görə, burada bir məsələ var ki, Ermənistanın silah-sursatla təchizatında Rusiyanın oynadığı rol çox mühümdür: “Yəni bəzi hallarda Rusiya silah-sursatı ya pulsuz, ya uzun müddətli kreditə, yaxud da Ermənistanda olan iqtisadi aktivlərin müqabilində verir. Ona görə də silah-sursat təchizatı ilə bağlı büdcələrindən daha az pul xərcləyirlər. Amma hər bir halda, Ermənistan büdcəsinin, ümumi daxili məhsulun vəziyyətinə baxsaq, gördüyümüz odur ki, Ermənistanın müharibəyə dözmək potensialı həftələrlə ölçülür. Artıq 3 həftədən çoxdur ki, əks-hücum əməliyyatları gedir. Deməli, Ermənistanın iqtisadi potensialı tükənmək üzrədir, müharibəni uzunmüddətli davam etdirə bilməz. Yəni xaricdən böyük dəstək almasa, bunu davam etdirməsi mümkünsüz görünür”.

Cəfərli qeyd edib ki, Ermənistan diasporası bu istiqamətdə müəyyən iş görür: “Artıq rəqəmlər də var. Avropada və Amerikada olan diaspor təşkilatlarının son günlər 29 milyon dollar pul topladığı ilə bağlı mediada məlumat var di. Amma bu, çox kiçik məbləğdir. Burada dövlətlərin yardımı olmalıdır ki, ayaqda qala bilsin. Hər həftə 30-40 milyon dollar da yığa bilər. Amma bu, müharibənin heç 1 gününün vəsaiti deyil. Ancaq Rusiya, Fransa, Amerika böyük yardım etsə, ayaqda qala bilərlər. Görünən odur ki, indiki vəziyyətdə nə Rusiyanın, nə Fransanın, nə Amerikanın, nə də digər böyük dövlətlərin bu sahədə hər hansı bir addım atmaq fikirləri var. Yəni ən azından indiki halda belə istək, hansısa bir hərəkət görünmür. Fransa tərəfindən müəyyən bəyanatlar oldu, amma sonradan o da müəyyən düzəlişlərə getdi. Fransa Xarici İşlər Nazirliyi normal bir bəyanat verdi ki, biz bu münaqişənin tərəfi deyilik, hər iki tərəflə eyni qaydada işləməyə davam edəcəyik. Yəni görünən odur ki, böyük dövlətlər hələ Ermənistana hansısa bir böyük dəstəyin verilməsində maraqlı deyillər”.

“Bu halda, Paşinyan nəyə güvənib “münaqişənin diplomatik yolla həlli mümkün deyil” deyir” sualını Cəfərli belə cavablandırıb: “Bu, sadə bir şantajdır. Paşinyanın elan etdyi qırmızı cizgi ondan ibarət idi ki, Azərbaycan və dünya Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. O, dünya ölkələrinə də müraciət edib ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyın. Bu, şantajdır ki, Dağlıq Qarabağın müstəqilliyi tanınmasa, müharibə alovlanacaq və böyük, uzunmüddətli bir müharibəyə keçə bilər. Yəni Paşinyan da, dünya da anlayır ki, özü təkbətək qalsa, uzunmüddətli müharibəyə davam gətirəsi deyil. Ermənistanın buna nə iqtisadi, nə siyasi, nə də diplomatik potensialı çatır. Ona görə də bunu bir şantaj kimi dəyərləndirmək lazımdır. Dünya ölkələrinə müraciətinin ardınca bu baş verdi. Ona görə Paşinyanın bu hərəkəti əgər şantaj deyilsə, axmaqlıqdır. Bunun başqa izahı yoxdur. Nə qədər qəribə səslənsə də, hərbi üstünlük Azərbaycan tərəfində olan bir vəziyyətdə düşmən ölkənin rəhbərliyinin belə bir çıxış etməsi əksinə, Azərbaycanın xeyrinədir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm