Eldar Sabiroğlu: “Leyla Yunus ermənilərə hərbi məlumatlar ötürüb”
Bizi izləyin

Nida.az

Eldar Sabiroğlu: “Leyla Yunus ermənilərə hərbi məlumatlar ötürüb”

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu hüquq müdafiəçisi Leyla Yunusun barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi qərarına münasibət bildirib.

E.Sabiroğlu Publika.az-a açıqlamasında deyib ki, Leyla Yunus siyasətə qoşulduğu gündən pozuculuq işləri ilə məşğul olub:

“Onun son illərdə olan fəaliyyəti bir daha göstərir ki, Leyla Yunus Azərbaycanı sevən və onun qayğıları ilə yaşayan şəxsə bənzəmir. O daha çox ermənipərəstliyi ilə diqqəti cəlb edir. Leyla Yunus Azərbaycanın əleyhinə yorulmadan mübarizə aparır. Mən hələ bir dəfə də olsun rast gəlməmişəm ki, Leyla Yunus Azərbaycanla bağlı müsbət fikir söyləsin. O, azərbaycanlıya bənzəmir. Leyla Yunusun ermənilər arasında daha çox dostları var. Allah insanı elə yaradır ki, milliyətindən asılı olmayaraq, hamının qanı qırmızı olur. Leyla Yunusun da qanı qırmızı olduğu üçün bəzən bu məqam adamı çaşdırır. Bu cür anti-milli adamların psixoloji analizi barədə hamının xəbəri olmalı və bununla birgə mübarizə aparılmalıdır”.

E.Sabiroğlu Leyla Yunusun Azərbaycanın Müdafiə Nazirliyində çalışdığı illərdəki fəaliyyətinə də toxunub:

“Mən Müdafiə Nazirliyində işləyərkən Leyla Yunusun vaxtilə bu nazirlikdə işlədiyi zaman göstərdiyi fəaliyyətlə maraqlandım. Məlum oldu ki, Leyla Yunus ermənilərə məlumatlar ötürüb və ermənipərəst mövqeyi ilə seçilib. Leyla Yunus Azərbaycan dövlətinin imicinə xələl gətirmək üçün artıq ölkə qanunlarının tələblərinə də tabe olmaq istəmirdi. Axı nə üçün Leyla Yunus Baş Prokurorluğa dəvət olunsa da, o, bundan imtina edir? Dövlətin qayda və qanunlarına hər kəs əməl etməlidir. Qanunlara tabe olmamaq böyük günahdır. Bu baxımdan da mən Leyla Yunusun həbsinə haqq qazandırıram. Digər tərəfdən isə, mən bu cür adamların ictimai-siyasi fəaliyyətinin tam əleyhinəyəm. Çünki bu cür fəaliyyət bütövlükdə Azərbaycan dövlətinin imicinə xələl gətirir. Çox təəssüf ki, bu cür keyfiyyətsiz adamları müdafiə edən şəxslər də tapılır. Mən buna çox təəssüflənirəm. Düzdür, Leyla Yunus qadındır və mən onun həbsə düşməsinə sevinmirəm. Ancaq bu adama öz yeri mütləq göstərilməlidir. Leyla Yunus bilməlidir ki, Azərbaycan qanunlarına tabe olmaq vacibdir”.

Xatırladaq ki, L.Yunusa Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunusova qarşı isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri üzrə ittiham elan olunub.

L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm