Krım və Qarabağ ssenarisi eyni ölkənin qələmindən çıxıb
Bizi izləyin

Nida.az

Krım və Qarabağ ssenarisi eyni ölkənin qələmindən çıxıb

İyulun sonlarından başlayaraq Azərbaycan və Ermənistan sərhədi boyunca, Qarabağda, təmas xətti boyunca atəşkəs kobud şəkildə pozulub.

Hər iki tərəfdən ölənlərin sayı barədə xəbərlər ziddiyyətlidir.

Tərəflər arasında açıq mövqe müharibəsi gedir. Azərbaycanda bütün media bundan yazır, təhlillər verilir, müsahibələr alınır...

Lakin heç kəs demir ki, beynəlxalq qanunlara görə, Azərbaycanda iyulun sonlarından bəri cinayət baş verir. Əslində, bu cinayət 20 ildir ki, davam edir.

20 ildir ki, Cənubi Qafqazda bir ölkə başqa ölkənin torpağını zorla, qanunsuz olaraq zəbt və qəsb edib.

Bunu hamı - münaqişəni çözməli olan diplomatlar da, ATƏT-in Minsk qrupuna daxil paytaxtlar da, hətta işğalçılar da bilirlər.

Bu barədə BMT-nin qətnamələri var. Qətnamələrdə erməni işğalçılardan zəbt etdikləri torpaqlardan çıxıb getmələri tələb edilir.

Avropa strukturlarının hamısı indiyədək qondarma “Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş bütün seçki və referendumların qanunsuz olduğunu bəyan edib.

Yəni demək istəyiblər ki, qanunsuz torpaqda seçki keçirməzlər, hökumət qurmazlar. DQR-i heç Ermənistanın özü də guya tanımır.

Amma indiyədək heç kəs qəsbkara birbaşa qəsbkar demir.

Kim birinci başlayıb?

Ermənistan mediasının son günlər ən populyar mövzusu atəşkəsin kim tərəfindən pozulmasıdır. Və Ermənistan mediası, təbii ki, atəşkəsi qarşı tərəfin pozduğunu söyləyir.

Atəşkəsin az qala hər gün pozulduğu təqdirdə bu nə dərəcədə əhəmiyyətli məsələdir? “Təmas xətti” də, onun o tərəfi də, bu tərəfi də Azərbaycan torpaqlarıdır.

Sivil dünya Rusiyanın yazdığı, Qırğızıstanın paytaxtında imzalanmış bir parça kağızla yox, beynəlxalq qanunlarla idarə olunmalıdır.

Əslində, “Bişkək protokolu” deyilən o kağızın iki fərqli variantı var. Prezident Heydər Əliyev sənədi imzalamazdan əvvəl ona öz düzəlişlərini edib və kağız da Azərbaycan tərəfindən eləcə imzalanıb. O düzəlişlərin də canı o idi ki, torpağı qəsb edən oradan çıxmalıdır.

İndi isə BMT, Avropa İttifaqı, beynəlxalq qanunlar qalıb bir tərəfdə, hətta ABŞ da danışanda “Bişkək protokolu”dan çıxış edir.

Nəhayət, bu “öz içində bağıran sualı” Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə verib: “Siz nə üçün Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırmırsınız? Həmsədrlərin hər dəfə yadlarına salmaq lazım gəlir ki, status-kvo qeyri-məqbuldur və çox təhlükəlidir. Faktlar yaxşı bəllidir. Erməni qoşunları bizim torpağımızda nə edirlər? Onlar Ermənistanda olmalı deyillərmi? Əgər həmsədrlər doğrudan da sülh və tərəqqi istəyirlərsə, nə üçün biz o torpaqlarda deyilik?”

Xatırladırıq ki, Minsk qrupunun amerikalı həmsədri Uorlik özünün tvitter hesabında təmas xətti boyunca gərginlikdən narahat olduğunu bildirmiş və atəşkəsə riayət olunmasına çağırmışdı.

Təmas xətti və atəşkəs

İndi görək bu “təmas xətti” və “atəşkəs” nə olan şeydir?

Tanınmış beynəlxalq jurnalist və şərhçi Klod Salhani yazır:

“Ermənistanın silahlı qüvvələri son bir neçə gündür ki, onları Azərbaycan qoşunlarından ayıran təmas xəttini çox fəal və çox qaynar saxlamağa başlayıblar...Əslində, düzünü desək, ermənilər bu xətti “norma”da olduğundan daha qaynar saxlayırlar. “Norma” isə atəşkəsin gündə 60-80 dəfə pozulmasıdır. Hə, yanlış eşitmədiniz, gündə 60-80 dəfə. Amma bir şey son dərəcə müəmmalı və qaranlıqdır: niyə?”

Tanınmış təhlilçi bu sualın cavabını yazmır. Bəlkə də, bilmir.

Kimə sərf edir?

Beləliklə, beynəlxalq hüquq normaları ilə baxdıqda Azərbaycan ərazisində beynəlxalq və hərbi cinayət baş verir. Cinayət baş verəndə isə ağıllı adamlar özlərinə belə bir sual verirlər: Bu, kimə sərf edir?

Əslində, bu suala da bəzi Azərbaycan təhlilçiləri, hətta bəzi millət vəkilləri ehtiyatla da olsa, cavab veriblər. Bu cinayət o qüvvəyə sərf edir ki, bu münaqişə başlandığı gündən 20 ildir ki, elə ona sərf edir.

Krım Rusiya tərəfindən ilhaq edilənədək, hələ Qərbdə də Moskvaya anlaşıqla baxmaq istəyənlər vardı.

Krımın ilhaqı, bu gün Ukraynanın şərqində baş verənlər Qarabağ münaqişəsini o dərəcədə xatırladır ki, ssenarinin bir nəfərin (bir ölkənin) qələmindən çıxdığına inanmaya bilmirsən.

Əksinə, bu gün Ukrayna hadisələrini izləyəndə, o vaxt Azərbaycan torpaqları işğal olunanda başa düşülməyənləri də başa düşmək olur.

Bir daha anlaşılır ki, Qarabağ münaqişəsində Rusiya Ermənistanın təkcə yolgöstərəni, silah verəni və dəstəkçisi olmayıb. Moskva bir tələbkar müəllim kimi bu qanlı tarixi yazan millətçilərin əlini ovcunda sıxaraq, nə yazıbsa, özü yazıb.

O vaxt Qarabağ necə “Artsax” olubsa, bu gün Rusiyanın dövlət mediası Ukraynanın şərqini o sayaq Novorossiya – Yeni Rusiya adlandırır.

Təhlükəli müttəfiq

Və yaxud Moskvanın Ukraynadakı vəziyyətin gərginləşməsində ABŞ-ı və Qərbi ittiham etməsini yada salaq. Burda da dəst-xətt eynidir.

Rusiya İnnovasiya və İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru, politoloq Andrey İvanov “Bizim yol” qəzetinə müsahibəsində deyir: “Biz münaqişənin yayılma sahəsinə baxsaq, görərik ki, sadəcə Rusiya ətrafında qeyri-sabitlik qurşağı formalaşır. Təsəvvür etmək çox çətindir ki, Ukraynadakı ağır vəziyyətdən başqa, Moskva üstəlik Qafqazda da münaqişə ocağı istəsin. Aydındır ki, hərbi münaqişələrin katalizatoru digər ölkələr, ilk növbədə Birləşmiş Ştatlar olub...İnanın ki, Qarabağda müharibə başlaması Rusiyaya qətiyyən sərf etmir”.

Belə bəyanatlara əvvəllər də inanan çox deyildi, Ukraynadan sonra o da qalmayıb. Bir sıra Azərbaycan təhlilçilərin fikrincə, inanmaq çətindir ki, Ermənistan Rusiyanın xeyir-duası və ya təhriki olmadan “təmas xəttini qaynar saxlasın”.

Elə isə Yerevan niyə buna gedir? Bu sualın da cavabı göz qabağındadır. Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan son anda imtina edərək Gömrük İttifaqına, qaça-qaça hansı səbəbdən qoşulubsa, başqa işləri də eyni səbəbdən edir.

O vaxt Ermənistan rəsmilərindən biri açıq şəkildə demişdi ki, Moskva Yerevanı Qarabağı sahibinə qaytarmaqla hədələyib.

Həmin rəsmi şəxs Rusiyanı “təhlükəli müttəfiq” adlandırmışdı.

Ukrayna dərsləri

Ukrayna Ermənistandan fərqli olaraq assosiasiya sazişini imzaladı və Yerevan indi Ukrayna və onun ətrafında baş verənləri dəhşətlə izləyir.

Ermənistanı təşvişə salan, qüdrətli havadarının Qərb tərəfindən darmadağın edilməsi, Qərbin, nəhayət, separatçıya “separatçı” deməsi və bu separatçını kokret olaraq dəstəkləyənin Rusiya olduğunu bildirməsidir.

Taleyin istehzasıdır ki, Ermənistan havadarının başına dəyən sanksiya zərbələri şiddətləndikcə, onun əsməyə başlayan dizlərini daha möhkəm qucaqlamağa məhkumdur.

Lakin Rusiya İnnovasiya və İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru, politoloq Andrey İvanov “Rusiya ətrafında qeyri-sabitlik qurşağı formalaşır” deyəndə, görəsən, hansı qurşağı nəzərdə tutur? Söhbət məgər təkcə Ukraynadan getmirmi?

Azərbaycan “minalanmış sahədə”

Məsələ doğrudan da burasındadır ki, Azərbaycan Ukrayna və Ermənistandan fərqli yol tutub. Nə assosiasiya sazişinə, nə də Rusiyanın Gömrük İttifaqına qoşulmayıb.

Rəsmi Bakı müstəqil siyasət yürütdüyünü və bütün dünya ilə, o cümlədən Avropa İttifaqı ilə bərabərhüquqlu iqtisadi münasibətlər qurmaq istədiyini bəyan edib.

Lakin Qərb Azərbaycan qazına onu Rusiyanın asılılığından azad edəcək vasitə kimi baxır. Rusiya isə bunu öz növbəsində öz iqtisadi maraqlarına zidd görür.

Cənubi Avropanın bir sıra ölkələri, o cümlədən İtaliya bildirib ki, Avropaya TAP kəməri ilə gələcək Azərbaycan qazını gözləyir.

İtaliya rəsmilərinin sözlərinə görə bu qaz, “Gazprom”un qazından xeyli ucuz olacaq.

Bir sıra təhlilçilər Azərbaycanın olduqca təhlükəli strateji məkanda fəaliyyət göstərdiyini dəfələrlə yazıblar.

Ukraynadan sonra növbənin Azərbaycana çatacağını proqnozlaşdıranlar da olub. Rəsmi Bakı doğrudan da “minalanmış sahədə” irəliləməyə məcburdur.

Vəziyyət nə dərəcədə ciddidir?

Bu günlərdə Azərbaycanın media vasitələrindən bəziləri cəbhə boyunda olan hərbçilərə istinadən bildirib ki, Ermənistan sərhədyanı kəndlərinin əhalisini evakuasiya edir. Bu xəbərlər rəsmi təsdiqini tapmayıb, lakin əgər doğrudursa, çox təhlükəli meyldən xəbər verə bilər.

Ukraynada da separatçılar ağır silahlardan istifadəyə keçmək ərəfəsində arvad-uşaqlarını Rusiyaya evakuasiya edirdilər. Günlərlə davam edən bu proses çoxlarının diqqətini cəlb etmədi.

Vəziyyətə Qərbin münasibətini göstərən rəsmi xəbər də var.

ABŞ Dövlət Departamenti Diplomatik Təhlükəsizlik Bürosunun saytında Amerikanın Bakıdakı səfirlyinin Birləşmiş Ştatların Azərbaycandakı vətəndaşlarına tövsiyələri dərc olunub.

Səfirlik ABŞ vətəndaşlarını Azərbaycan-Ermənistan sərhədinə yaxın bölgələrə lüzumsuz səfərlər etməməyə çağırır.

ABŞ vətəndaşlarına təhlükə zamanı nə etməli olduqlarını göstərən xüsusi kitabça ilə tanış olmaq tapşırılır.

Rusiya buna gedərmi?

Bəs Moskva Cənubi Qafqazda vəziyyətin alovlanmasına gedərmi? Bu bölgə hər halda Ukrayna deyil, amma ondan az mürəkkəb də deyil.

Bir sıra şərhçilərin fikrincə, Moskvanın özündə, yüksək hakimiyyətdə vəziyyət birmənalı deyil.

Qərb qəzetləri artıq xeyli müddətdir ki, Vladimir Putinin Ukrayna məsələsində aşkar geri çəkildiyini təəccüblə yazırlar.

Britaniya qəzetləri yazır ki, Putin Qərbin sərt sanksiayları ilə Rusiya hakimiyyətinin şovinist elementləri arasında qalıb.

Hətta rəsmi Rusiya mediası da bir neçə gün əvvələdək Ukraynada fəaliyyətsizliyinə görə Kremli sərt tənqid etməyə başlamışdı.

ORT telekanalındakı “Politika” proqramının bir-iki gün efirə çıxmamasının səbəbini də bunda görürdülər. Bu proqramda Vladimir Putin, adı çəkilmədən Ukrayna ruslarına xəyanətdə ittiham edilirdi.

Sonradan bu verilişin, Kremli tənqid edən başqa mediaların da tonunu “aşağı saldılar”.

Putin ikinci Nikolay olmaq istərdimi?

Açıqca hiss olunur ki, Vladimir Putin Qərblə daha dərin münaqişəyə girmək istəmir. Onun televiziya ilə son çıxışlarına baxmaq kifayətdir.

Lakin bu çıxışlardan onun üzərində olan təzyiqin də son həddə çatdığı hiss olunur. Putin hakimiyyətinin ciddi təhlükədə olduğunu yazanlar da var.

Azərbaycan mediasına müsahibə vermiş politoloq Andrey İvanov hazırkı vəziyyəti Birinci Dünya Müharibəsi ərəfəsində yaranmış situasiyaya bənzədir.

O zaman da Rusiya müharibəyə girməyə məcbur olmuşdu. Lakin Rusiya müharibənin lap başlanğıcında Qərb cəbhəsində demək olar darmadağın edilmişdi.

Xalqın çar İkinci Nikolaydan narazılığı son həddə çatmışdı.

Məhz belə bir məqamda çar Rusiya qoşunlarına şəxsən özünün komandanlıq edib Ruysiyanın şərəfini xilas edəcəyini bildirmişdi.

Lakin İkinci Nikolay Qərb cəbhəsini qoyub fəal hərbi əməliyyatları Qafqaz cəbhəsinə keçirdi. Əvvəl Rusiya ordusunun işləri yaxşı gedirdi. Amma bütün bunların şəxsən ikinci Nikolay üçün necə qurtardığını tarix bilir.

Rusiyada özünü həmişə birincilərin birincisi kimi görən prezident Putin yəqin ki, İkinci Nikolay olmaq istəməzdi.

Yəqin ki, axırını bilsəydi, heç ikinci Nikolayın özü də İkinci Nikolay olmaq istəməzdi.

Zülfüqar Rüfətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm