Politoloq: “Prezidentlərin görüşü bir çox məsələlərə aydınlıq gətirəcək”
Bizi izləyin

Nida.az

Politoloq: “Prezidentlərin görüşü bir çox məsələlərə aydınlıq gətirəcək”

"Ermənistanın son günlər atəşkəsi pozması və baş verən hadisələr ATƏT-in Minsk Qrupunun münaqişəyə biganə qalmasının nəticəsidir. Neçə il ərzində tərəfləri eyni tərəziyə qoymamaq, tərəflərə münasibəti bərabərləşdirməmək, Ermənistana təzyiq göstərməmək belə bir nəticəyə gətirib çıxardı".

Bu sözləri Publika.az politoloq Fikrət Sadıxov son günlər Ermənistanın atəşkəsi intensiv pozmasına münasibət bildirərkən deyib.

Politoloq Azərbaycanın bütün hücumlara layiqli cavab verdiyini, lakin bunun yetərli olmadığını bildirib. Onun sözlərinə görə, bu məqamda prezidentlərin görüşünə ehtiyac var. Bu görüş bir çox məsələlərə aydınlıq gətirəcək:

“Görüşdə qeyri-adi, radikal nəticələr əldə ediləcəyini, sazişlər imzalanacağını düşünmürəm. Lakin həmin görüşdə Ermənistan tərəfi Azərbaycanın heç zaman torpaqlarının işğal edilməsi ilə razılaşmayacağını, həmin torpaqları boşaltmağa hər an hazır olduğunu başa düşməlidir”.

Ermənistanın bütün hüquq və beynəlxalq normaları pozduğu halda aparıcı dövlətlərin heç bir reaksiya verməməsinə gəldikdə, politoloq onların Yaxın Şərqdə baş verən hadisələrlə məşğul olduqlarını dedi:

“Aparıcı dövlətlərin diqqəti İsrail-Fələstin münaqişəsinə yönəlib. Rusiya sanksiyalar içərisindədir, bir tərəfdən də Ukraynadakı hadisələrlə məşğuldur. Bundan başqa, beynəlxalq təşkilatlar aparıcı dövlətlərin alətinə çevriliblər. Bütün qərarlar iri dövlətlərin maraqlarına uyğun şəkildə qəbul edilir. Ermənistanla bağlı din amili, Azərbaycanın güclənməsindən narahatlıq faktoru, erməni diasporası amili var. Amma buna baxmayaraq, biz, aparıcı "oyunçular"la ciddi və mütəmadi işləməliyik”.

Bundan başqa, politoloq Ermənistan tərəfinə hər hansı sanksiyanın tətbiq ediləcəyi ehtimalını real qarşılamadığını bildirdi:

“20 il ərzində Beynəlxalq Təşkilatlar tərəfindən qəbul edilən qətnamələr yerinə yetirilməyibsə, dövlətlər məsələyə biganə qalıblarsa, Ermənistana qarşı hər hansı addımın atılacağına inanmıram. Baxmayaraq ki, sanksiyalar çox güclü bir vasitədir. Onlar Ermənistanın digər bir ölkənin torpağını işğal etdiyini qəbul edirlərsə, onu cəzalandırmalıdırlar. Necə ki, Ukrayna məsələsində Rusiyaya sanksiya tətbiq edildi. İrana nüvə proqramı ilə bağlı neçə il sanksiya tətbiq edildi. Hazırkı durumda isə siyasi güc beynəlxalq normaları arxada qoyur”.

F.Sadıxovun fikrincə, xarici ölkələrin sanksiya tətbiq etmələri, məsələ barədə məlumatlanmaları üçün Azərbaycan diasporasının da üzərinə məsuliyyət düşür:

“Azərbaycan Ermənistan tərəfinin siyasətini ifşa etməlidir. Bunun üçün güclü diplomatik addımlar atılmalıdır. Bundan başqa, aparıcı dövlətlər, xüsusən də, Minsk Qrupu həmsədrlərinə vaxtilə qəbul edilmiş qətnamələrin yerinə yetirilmədiyi bildirilməlidir. Həmçinin beynəlxalq hüququn pozulduğunu, dinc əhalinin öldürüldüyünü, atəşkəsin mütəmadi pozulduğunu faktlarla həmin ölkələrə çatdırmalıyıq. Məsələni ciddi şəkildə qurmalıyıq ki, problemlə bağlı aparıcı ölkələrin konkret yanaşmaları olsun. Amma bu işlə ciddi məşğul olmasaq, xarici ölkələr bu məsələni iki ölkə arasında atəşkəsin pozulması kimi qəbul edəcəklər. Hazırkı durumda bəzi ölkələr isə hər iki tərəfin günahı olduğunu və yeni bir münaqişənin yaranmaması üçün hər iki tərəfin sakitləşməsini düşünür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm