Lavrovun keçmiş müavini: “Amerikalılar münaqişənin həllinə mane oldular”
Bizi izləyin

Nida.az

Lavrovun keçmiş müavini: “Amerikalılar münaqişənin həllinə mane oldular”

Rusiyanın kommersant.ru saytı Azərbaycan-Ermənistan təmas xəttindəki son vəziyyətdən yazıb.

Publika.az-ın verdiyi xəbərə görə, yazı müəllifi Sergey Strokan keçmiş SSRİ ərazisində ən qanlı münaqişənin həllində əsas rolu Rusiyanın oynaya biləcəyini deyib.

“Üç gün davam edən döyüşlər nəticəsində 12 Azərbaycan hərbçisi həlak oldu, erməni tərəfdən itkilər barədə dəqiq məlumat yoxdur. Atəşkəs rejiminin ilk olaraq kim tərəfindən pozulması barədə müxtəlif versiyalar var. Tərəflər bir-birini 1994-cü ildə imzalanan atəşkəs razılaşmasına riayət etməməkdə ittiham edir. Bakıda iddia edirlər ki, Azərbaycan əsgərinin erməni snayperi tərəfindən öldürülməsi qarşıdurmanın başlanmasına səbəb oldu. Yerevanda isə Azərbaycan diversiya qruplarının Qarabağ ərazisinə keçdiyi və erməni mövqelərinə iri kalibrli silahlardan atəş açıldığı bildirilir”, - yazıda qeyd olunub.

Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Andrey Fyodorovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni qarşıdurma son illər ərzində həm Azərbaycan, həm də Ermənistanda status-kvo ilə razılaşmayan yeni siyasi elitaların ortaya çıxdığını göstərir.

Bundan başqa, ekspertin fikrincə, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə daha çox geniş geosiyasi kontekstdə baxılmalıdır: “Oktyabrda Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmalıdır. Bu Qərb üçün qəbuledilməzdir. Münaqişənin kəskinləşməsi Rusiya prezidentinin əsas inteqrasiya layihəsinin reallaşmasını istəməyən Qərbin maraqlarına cavab verir”.

“Qarabağ münaqişəsi postsovet məkanında dondurulmuş münaqişənin klassik nümunəsidir. Münaqişənin vaxtında nizama salınması üçün şans var idi, amma amerikalılar buna mane oldular. ABŞ üçün Rusiyanın Ermənistan və Azərbaycan arasındakı barışıqdan dividentlər alması qəbuledilməzdir”, - Rusiya xarici işlər nazirinin keçmiş birinci müavini, MDB-dəki münaqişələr üzrə nümayəndəsi Anatoli Adamişin bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm