Nida.az
Elşad İskəndərov: “Bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir”
Təkcə Suriyada baş verən münaqişəyə deyil, ümumiyyətlə, dini
təbliğat nəticəsində xarici ölkələrdəki münaqişələrə cəlb edilən
Azərbaycan gənclərinin həyatının itirilməsi ilə nəticələnən,
kütləvi intiharlara gətirib çıxara biləcək, insanların sağlamlığı,
psixoloji vəziyyətinə mənfi təsir edən istər dini, istərsə də digər
sahədəki hər hansı fəaliyyət dövlətin diqqətində olmalıdır. Çünki
yanlış yolların bəzən hətta insanın özünə xəsarət yetirə biləcəyinə
kimi aparması dövlətin qanunlarına görə cinayətdir və bunun qarşısı
alınmalı, vətəndaşın hüquqları müdafiə olunmalıdır. Bu barədə
Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İskəndərov bildirib.
E.İskəndərov deyib ki, digər tərəfdən, bu, bizim milli
təhlükəsizliyimizlə bağlı məsələdir: "Çünki məsələn, vaxtilə
müxtəlif ölkələrdən cihad adı ilə Əfqanıstanda vuruşmağa gedən
insanlar vətəninə qayıdandan sonra qoşulduğu şəbəkələr, əlaqələr
vasitəsilə öz ölkələrində sabitliyin pozulmasının çox təhlükəli
mənbəyinə çevrilmişdilər. Nəhayət, bu, insanların, xüsusilə
gənclərin vətənpərvərlik hisslərinə xələl gətirməsi baxımından da
ciddi problemdir".
Onun sözlərinə görə, xaricdə vuruşan, dini təbliğat nəticəsində
xaricdəki münaqişələrə cəlb edilən insanların hərəkətlərinin
qanunauyğun olub-olmadığını araşdırmaq hüquq-mühafizə orqanlarının
səlahiyyətindədir və bu, qanunvericilik çərçivəsində həll
olunmalıdır: "Buna hansı proseslərin, təbliğatın, dünyagörüşün,
ideologiyanın, "beyin yuyulma" əməliyyatlarının, dini təsirin
gətirib çıxardığını öyrənməyə gəlincə, bununla həm cəmiyyət, həm də
din-dövlət münasibətlərində tənzimləyici rol oynayan Dövlət
Komitəsi maraqlanmalıdır. Fikrimcə, burada səbəblər nəticədən daha
önəmlidir və biz bu səbəblərlə mübarizə aparmalıyıq. Hazırda
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması kimi milli
strateji məqsədi var. Bu məsələ xüsusilə gənclərimizin həyat
fəlsəfəsi olmalıdır. Əgər bu gün aparılan hansısa təbliğati və
siyasi yollarla istər gənclərimiz öz enerji və bacarıqlarını
Qarabağ məsələsinə sərf etməkdən, lazım gələrsə, Vətən uğrunda
vuruşmaqdan, öz həyatlarını onun uğrunda fəda etməyə hazır
olmaqdan, o cümlədən milli və dini tələblərdən irəli gələn digər
məsələlərdən yayındırılırsa və yanlış istiqamətə yönəldilirsə,
eləcə də Azərbaycanın milli maraqları çərçivəsində olmayan
xaricdəki münaqişələrə cəlb edilirsə, bu, ciddi problemdir və bu
problemə həm ictimaiyyət, həm də dövlət orqanları ciddi
yanaşmalıdır".
E.İskəndərov hesab edir ki, şübhəsiz, burada həm ideoloji, həm
də digər amillər var: "Lakin bütün məsələlərin yalnız maddi
amillərə bağlanmasının tərəfdarı deyiləm. Əgər insan öz həyatını
nəyinsə uğrunda fəda edirsə və həmin şey onun Vətəni, Vətininin
dərdi, milli maraqları ilə əlaqədar deyilsə, deməli burada bir
yanlışlıq var. Söhbət təkfirçi və radikal dini ideologiyadan gedir.
Əfsuslar ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
dövlətinin zəifliyindən, 1 milyon qaçqının olması kimi sosial
problemlərdən istifadə edərək müxtəlif xarici cərəyanlar gəlib
burada öz köklərini sala biliblər. Onlar öz ideologiyalarının,
təbliğatlarının toxumlarını Azərbaycanda artıq çoxdan səpiblər.
Söhbət bütün müsəlman aləmi tərəfindən rədd edilən, məzhəbindən
asılı olmayaraq buna mənfi yanaşılan təkfirçi dünyagörüşdən gedir.
Bəs təkfirçi dünyagörüşün əsasında nə dayanır? Onun əsasında
subyektiv mülahizələrə söykənən bir qrup insanın digər
müsəlmanları, dindarları və ya dindar olmayanları "dindən çıxmış",
"dindən kənar" elan etməsi, onlarla istənilən mübarizə üsulunu, o
cümlədən onların vəhşicəsinə öldürülməsinin və digər zorakılıq
metodlarının təbliğ edilməsi və ona haqq qazandırması durur. Məhz
belə ideologiyaya əsaslanaraq gənclərimizə dini baxışları
fərqlidirsə, insanlara əl qaldırılması, hətta öldürülməsi, buna
haqq qazandırılması və hətta əməl edilməsinin ən böyük savab olması
təlqin edilir. Ona görə də ilahiyyatçılarımız, din xadimlərimiz bu
dünyagörüşün yayılması ilə dini müstəvidə mübarizə aparmalıdırlar.
Belə baxışların yayılmasına qarşı inzibati müstəvidə isə dövlət öz
tədbirlərini görür və görəcək. Lakin digər tərəfdən, bu radikal
dünyagörüşün daşıyıcıları, təkfirçi, radikal sələfi qruplarının
nümayəndələri çox ciddi şəkildə təbliğat aparırlar və artıq bu
istiqamətdə ixtisaslaşıblar. Həmin təbliğatın ifşa olunması, düzgün
dini biliklərin ortaya çıxarılması isə xüsusi təlim tələb edir.
Bununla əlaqədar, DQİDK tərəfindən respublikada 8 regional
konfrans, o cümlədən kurslar, seminar-treninqlər keçirilib. Artıq
150 nəfərə yaxın din xadimi bu kurslarda iştirak edib".
Komitə sədrinin fikrincə, burada din xadimlərinin sosial təminatı da çox böyük rol oynayır: "Təhlillər göstərir ki, Azərbaycanda, xüsusilə bölgələrdə dindarlar tərəfindən məscidlərin ehtiyaclarının təmin olunması ənənəsi hələ tam formalaşmayıb. Öz-özünü idarə edən icmalarımız da, maddi baxımdan korluq çəkən icmalarımız da var. Din xadimlərinin güzəranı, onların sosial problemləri, o cümlədən pensiyaları, fəaliyyətini bitirdikdən sonra sosial təminatları məsələləri ilə ciddi məşğul olunmalıdır. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni edir. Dünyada çox nadir haldır ki, dünyəvi dövlət bilavasitə dini konfessiyalara maddi yardım göstərsin. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidentinin sərəncamı ilə istər müsəlman, istərsə də qeyri-müsəlman dini icma və mərkəzlərə dövlət tərəfindən maliyyə yardımı ayrılıb. Çox mühümdür ki, bu problemlərin həlli dini mərkəzlər tərəfindən həyata keçirilsin. Din xadimlərimiz həm maddi, həm ideoloji, həm də təhsil baxımından qeyd etdiyim təbliğatın önündə nüfuzlu sipər rolunu oynamalıdırlar".
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE