Milli Şuradan “inqilab danışığına” reaksiya
Bizi izləyin

Nida.az

Milli Şuradan “inqilab danışığına” reaksiya

Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb

Milli Şura qurumun üzvü, “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin müdafiəsinə qalxıb.Milli Şuradan Publika.Az –a daxil olan məlumatda deyilir ki, Mehman Əliyevə gələn müəmmalı zəngdən sonra onunla edilən telefon söhbəti dinlənilib, qeydə alınıb və səs yazısı anonim şəkildə KİV-lərə paylanılıb: “Daha sonra bu söhbət Qərb ölkələrinin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq planının qurulması kimi qələmə verilib. Halbuki, səs yazısına qulaq asanlar da görürlər ki, söhbətdə Mehman Əliyev tərəfindən qanuna və mənəviyyata zidd heç bir fikir səsləndirilməyib. Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb.

Bəlli olur ki, cəmiyyətdə böyük nüfuz və etimad sahibi olan bir şəxsi gözdən salmaq üçün təxribat planlaşdırılıb, lakin düşünülmüş plan uğursuzluqla başa çatıb və daha sonra bundan ləkələmə cəhdi kimi istifadə edilib. Halbuki vətəndaşların telefon danışıqlarını dinləmək, yazmaq və yaymaq qanunsuz bir əməldir və dövlət bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır”.
Milli Şura bildirib ki, Mehman Əliyev uzun illər sabit və güzəştsiz demokratik mövqeyi ilə seçilən bir ictimai xadimdir. Onun peşəkar və müstəqil jurnalist mövqeyi isə cəmiyyətdə örnək kimi göstərilir.

“İctimaiyyətin ən fərqli təbəqələrində çox böyük etimada və nüfuza sahibdir. Həmçinin Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və qurumun rəhbərliyində təmsil olunur. Milli Şura Mehman Əliyevə qarşı kampaniyanı pisləyir, ona qarşı qanunsuz addımları dayandırmağı tələb edir”-deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir həftə öncə M. Əliyevin Ukraynada fəaliyyət göstərən ABŞ Fondlarından birinin nümayəndəsi ilə telefon danışığının səs yazısı yayılıb. Danışan şəxs özünü Yevgeni kimi təqdim edir. Səs yazısında əvvəlcə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov Mehman Əliyevlə söhbət edir. Sonra söhbətə Fondun əməkdaşı qoşulur.

Söhbətdə bildirilir ki, ABŞ Fondu növbəti prezident seçkilərinə kimi Azərbaycanda işləmək niyyətindədir. Danışıq əsnasında Yevgeni adlı şəxs hakimiyyəti dəyişməyin yollarından, Ukraynada bu məsələnin inqilaba çevrilməsindən, Azərbaycana buna imkan verməmək üçün fərqli metodlardan yararlanmaq haqqında danışır.
Onların arasındakı telefon danışığında demokratik inqilaba kömək kimi bir ifadə keçir. Fond təmsilçisi bildirir ki, bu məqsədlə Azərbaycandakı qüvvələrə yalnız pul formasında, qrant deyil, başqa formada da yardım etmək mümkündür.

Danışığın sonunda tərəflər qeyd edirlər ki, telefonla bu mövzuda danışmaq məqsədəuyğun deyil və ona görə də internet vasitəsilə söhbət aparmaq haqda vədləşirlər.

Xəbəri yayan mənbə bildirir ki, bu, Amerikadakı fondların Azərbaycanda inqilabı dəstəklədiyinin göstəricisidir.
Bu xəbərləri M. Əliyev özü təkzib etmişdi. Bu arada Milli Şuranın kifayət qədər ciddi mövzu olan bu məsələyə bir həftə sonra reaksiya verməsi də diqqətdən yayınmır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm