XİN rəhbəri: " Suriyada azərbaycanlıların hərəkətinə nəzarət etmək çətindir"
Bizi izləyin

Nida.az

XİN rəhbəri: " Suriyada azərbaycanlıların hərəkətinə nəzarət etmək çətindir"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı məsələni araşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, məlum olduğu kimi, Suriyada vəziyyət gərginləşdikdən sonra Azərbaycan səfirliyi Livana köçürüldü: "Bizim üçün Suriya ərazisində olan azərbaycanlıların hərəkətinə nəzarət etmək çətindir. Biz vəziyyəti diqqətlə izləyirik və əlbəttə, istəmirik ki, Azərbaycan vətəndaşları bu münaqişədə ölsünlər".

Qeyd edək ki, bir neçə öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Suriyada silahlı münaqişələrdə iştirak edən onlarla azərbaycanlı ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm