İrana casusluq edənlərin cinayət dosyesi
Bizi izləyin

Nida.az

İrana casusluq edənlərin cinayət dosyesi

Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Azərbaycan vətəndaşları – Ağamir Ağamirov və Hafiz Vəliyev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 234.4.3 (külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 320.1 (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunublar. “Gündəlik Teleqraf” qəzeti təqsirləndirilən şəxslərin cinayət dosyesini əldə edib. Həmin cinayət işinin həcminin böyük olduğunu nəzərə alaraq təqsirləndirilən şəxslərin ifadələrini ixtisarla təqdim edirik.

Cinayət işi üzrə ifadə verən Hafiz Vəliyev bildirib ki, 2000-ci ildə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İslam İnqilabının Mühafizəçiləri Korpusu – “SEPAH”ın əməkdaşı Riyazi Bəhmən Məhəmmədtağı oğlu tərəfindən “Hacı” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilib. Onun sözlərinə görə, həmin vaxtdan 2013-cü ilin may ayının 11-dək olan müddət ərzində Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də ölkəmizin təhlükəsizliyinin zərərinə istifadə etmək məqsədilə bir çox məlumatları əldə edib: “Əldə etdiyim məlumatları toplamaq üçün Riyazi Bəhməndən xüsusi tapşırıqlar almışam. Onun mənə verdiyi tapşırıqların icrasını həyata keçirmişəm”.

“Riyazi Bəhmən ticarət işləri ilə məşğul olmaq pərdəsi altında fəaliyyət göstərib”

Hafiz Vəliyevin sözlərinə görə, 2000-ci ildə Bərdə rayonundan aldığı un məmulatını Bakı şəhərindəki çörək bişirmə sexlərinə satmaqla məşğul olub: “O zaman həmin sexi işlədən İran İslam Respublikasının vətəndaşı Riyazi Bəhmən ilə tanış olmuşam. Sonra aramızda münasibətlər genişlənib. Riyazi Bəhmən ticarət işləri ilə məşğul olmaq pərdəsi altında fəaliyyət göstərib. O, əslində İran İslam Respublikasının xüsusi xidməti orqanı olan İslam İnqilabının Mühafizəçiləri Korpusu – “SEPAH”ın əməkdaşı olub”.

Təqsirləndirilən şəxs deyib ki, Riyazi Bəhmən ona Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək məqsədilə məlumatların toplanmasına köməklik göstərməsi ilə bağlı məxfi əməkdaşlıq təklif edib: “Onun həmin təklifini qəbul etmişəm. Riyazi Bəhmən ilə onun 28 May küçəsində yerləşən ofisində görüşdük. Orada “Sepah”ın əməkdaşı olan Riyazi Bəhmənlə əməkdaşlıq edəcəyimə razılıq verdim. Onun verdiyi tapşırıqları yerinə yetirəcəyimə dair yazılı iltizama imza atdım. Bundan sonra Riyazi Bəhmənin verəcəyi tapşırıqların yerinə yetirilməsi zamanı konspirasiya qaydalarına riayət etmişəm, şəhərin mərkəzində məxfi müşahidənin aparılması qaydalarını öyrənməyim üçün Bakı şəhərində xüsusi təlimlər keçmişəm”.

İranlılar tanınmış professoru niyə izlədiblər?

Hafiz Vəliyev daha sonra bildirib ki, Riyazi Bəhmən onu “28 May” küçəsində yerləşən “Uşaq aləmi” mağazasının Əli adlı iranlı sahibini izləmə əmri verib. Onun sözlərinə görə, Riyazi Bəhmən iranlının hərəkət marşrutu və mağazasına kimlərin gəlib-getməsini, Dövlət Əmlak Komitəsinin arxasında yerləşən İran qarajına gəlib-gedən avtomobillərin qeydiyyat nömrələrini izləməyi tapşırıb: “Həmçinin o, “28 May” küçəsində yerləşən “Bakı” restoranına günorta saatlarında gələn avtomobillərin nömrələrinin qeydiyyatını aparmaq, özünün ofisində işləyən Hüseyn adlı iranlının yaşadığı ünvana kimlərin gəlib-getməsini müəyyən etmək üçün onun da izlənilməsini tapşırdı. Bəhmənin tapşırığı ilə onun ofisində işləyən Sadıqova Sevinc Camal qızının işdən sonra kimlərlə görüşməsi, Azərbaycanda nəşr olunan “Keyhan” qəzetinin nümayəndəsinin izləmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakı şəhərində “Kömürçü bazarı” adlanan əraziyə yaxın yerdə yerləşən “İbn-Sina” klinikasına gələn şəxslər və avtomobillərin nömrələri barədə məlumatlar toplayıb: “Bundan başqa, tapşırığa əsasən tanınmış professor, Azərbaycan-İran Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Rövşən Novruzoğlunun izləmişəm. Bəhmənin verdiyi tapşırıqları 2003-cü ilin yay aylarınadək icra etmişəm. Topladığı məlumatları ona vermişəm. Bunun müqabilində hər üç aydan bir olmaqla müxtəlif vaxtlarda Riyazi Bəhmənin təqdim etdiyi qəbzlərə imza etməklə ondan müxtəlif məbləğlərdə pul almışam”.

“İstanbulda məxfi əməkdaşlığa cəlb olunmuşam”

O, həmçinin ifadəsində bildirib ki, 2003-cü ilin yay aylarında Riyazi Bəhmən onu 28 May küçəsində yerləşən ofisinə dəvət edib: “Riyazi Bəhmən iş yerinin Rusiya Federasiyasına dəyişdirildiyini söylədi. O, mənə “Sepah”ın Həmid Bəhrami adlı digər əməkdaşının əlaqəsinə verəcəyini bildirdi. Əvvəlki qaydada olduğu kimi məxfi əməkdaşlığım davam etdirməyimi təklif etdi. Onun həmin təklifi ilə razılaşdım. 2003-cü ilin oktyabr ayında Riyazi Bəhmən Türkiyədə olarkən məni Həmid Bəhrami ilə tanış etmək üçün İstanbul şəhərinə dəvət etdi. Həmin ilin oktyabr ayının 13-də Türkiyəyə getdim. “Atatürk” Hava Limanında məni Riyazi Bəhmən qarşıladı və İstanbul şəhərində fəaliyyət göstərən “Atəş otel”ə apardı. Ertəsi gün onunla birlikdə “Taksim” meydanındakı “Çay bağçası” adlı kafeyə gəldim. Orada Riyazi Bəhmən məni özünü Həmid Bəhrami kimi təqdim edən İran xüsusi xidmət orqanının əməkdaşı Əhməd Qaffari adlı şəxslə tanış etdi. Bəhmən məni onun tabeliyinə verərək getdi. Görüş zamanı Əhməd Qaffari Bakı şəhərində hansı məscidlərə gedib-gəldiyimi, İran İslam Respublikası vətəndaşlarından kimlərin həmin məscidlərə getdiyini, işim və həyat tərzim barədə sorğu-sual etdi”.

“Yəhudi şikrətləri barədə məlumat toplamaq barədə tapşırıq almışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2006-cı ilin avqustunda Əhməd Qaffari onunla əlaqə saxlayıb. O, deyib ki, Əhmədlə “Aerokassa”nın yanında görüşüblər: “Birlikdə Keşlə qəsəbəsində yerləşən “Darüs Salam” restoranına gəldik. Əhməd Qaffari Türkiyədə görüşdükləri vaxt İsraillə bağlı verdiyi tapşırıqları daha da genişləndirməyi söylədi. O, Bakı şəhərində “5 mərtəbə” kimi tanınan ərazidə yaşayan yəhudi miliyyətindən olan şəxslər, İsrail dövlətində fəaliyyət göstərən turizm şirkətləri, İsrail dövlətinin Azərbaycan ərazisində fəaliyyət göstərən turizm şirkətləri və orada işləyən şəxslər, İsraillə bağlılığı olan idarə, təşkilat və müəssisələri, orada işləyən şəxslərin İsraillə bağlı olmaları, Azərbaycandan İsrailə gedən və oradan tez-tez gələn şəxslər, İsrail dövlətinə məxsus özəl xəstəxanaların, onların yerləşdiyi yerlər, orada işləyən əməkdaşlar barədə məlumatlar toplamağı tapşırdı. Ondan Mərkəzi Univermağın yaxınlığında yerləşən və ən çox İsraildən gələn yəhudi milliyyətindən olan şəxslərin qaldığı “Azcot” və “Austin” otellərindəki işçilərdən tanış, etibarlı şəxs və yaxud şəxsləri tapmaqla bağlı konkret tapşırıqlar aldım”.

Hafiz Vəliyev qeyd olunan tapşırıqların icrası ilə bağlı kütləvi informasiya vasitələrindən, “internet” və digər mənbələrdən məlumatlar toplayaraq təhlil etməklə fleş karta köçürüb: “Bundan sonra Əhməd Qaffari ilə əlaqə saxlamışam. Onunla “Flaqman” çayxanasında görüşdük. Görüş zamanı içərisində topladığım məlumatlar olan fleş-kartı Əhməd Qaffariyə verdim. O da bunun müqabilində mənə 2300 ABŞ dolları pul verdi”.

“İsrail dövləti və vətəndaşları ilə bağlı məlumatlar toplamağı davam etdirməyimi tapşırdı”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 2001-2012-ci illər ərzində Əhməd Qaffariyə ötürdüyü məxfi məlumatlar müqabilində ümumilikdə 5800 manat alıb. O, daha sonra qeyd edib ki, 2012-ci ilin əvvəllərində Əhməd Qaffari ilə əlaqəyə çıxmaq üçün Riyazi Bəhmənə zəng edib: “Riyazi Bəhmən məni İrana dəvət etdi. Yanvarın 27-də Tehran şəhərinə getdim. Orada “Firdovsiyə Xiyabani” otelində yerləşdikdən sonra Riyazi Bəhmənə zəng edərək Tehranda olduğumu bildirdi. Daha sonra Əhməd Qaffari və Bəhmən Riyazi otelə gəldilər. Əhməd Qaffari məxfi əməkdaşlıq etdiyimə görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hər hansı problemimin olub-olmadığını soruşdu. Mən isə heç bir problem olmadığını dedim. Görüşün sonunda Əhməd Qaffari özünün İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus yeni mobil telefon nömrəsini verərək İsrail dövləti və vətəndaşları ilə bağlı məlumatlar toplamağı davam etdirməyimi tapşırdı”.

O, deyib ki, Azərbaycana qayıtdıqdan sonra tapşırığı icra etməyə başlayıb.

“Evroviziya-2012” mahnı müsabiqəsinin təmsilçisinə qarşı sui-qəsd planı

İfadəsini davam etdirən təqsirləndirilən şəxs deyib ki, 2012-ci ilin may ayının əvvəllərində yenidən İrana gedib. Onun sözlərinə görə, İranda Əhməd Qaffari ilə görüşüb: “Əhməd Qaffari həmin görüşdə Bakı şəhərində keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsində iştirak edəcək İsrail dövlətini təmsil edən şəxslər də daxil olmaqla onunla gələn nümayəndə heyətinin tam anket məlumatlarının, onların Bakı şəhərində hansı otellərdə qalacaqlarının, hansı restoran və kafelərə getməsinin, nümayəndə heyətini müşaiyət edən şəxslərin və onların Bakı şəhərindəki hərəkət marşrutlarının müəyyən edilməsi ilə bağlı tapşırıqlar verdi. Bununla yanaşı, Əhməd Qaffari “Evroviziya-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirildiyi ərəfədə respublikada, o cümlədən paytaxtda ictimai-siyasi vəziyyətin gərginləşəcəyini, ölkədə xaosun olacağını, bir sözlə vəziyyətin görünməmiş dərəcədə ağır olacağı ilə bağlı məlumatının olduğunu dedi”.

“İsrail səfirliyinin əməkdaşı haqqında məlumat topladım”

Onun sözlərinə görə, İrandan qayıtdıqdan sonra İsraillə bağlı məlumatlar toplamağa başlayıb. O, deyib ki, Əhməd Qaffari İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı, səfirliyin mətbuat departamentinin direktoru, eyni zamanda səfirin siyasi məsələlər üzrə köməkçisi vəzifəsində işləyən Nigar Məmmədova haqqında məlumat toplamağı tapşırıb.

Hafiz Vəliyev həmçinin bildirib ki, Əhməd Qaffarinin tapşırığı əsasında Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, xüsusilə İsrail dövlətinə gedən vətəndaşları müəyyən edib: “Habelə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin məlumat bazasının əldə etmişəm, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları olan “Azercell”, “Bakcell” və “Azerfon”un abunəçiləri barədə məlumat bazasını tapmışam. Bu məlumatları da Əhməd Qaffariyə vermişəm”.

Hafiz Vəliyev daha sonra ifadəsində deyib ki, Əhməd Qaffari ilə görüşündə Ağamir Ağamirovdan danışıb və bundan sonra onu da məxfi əməkdaşlığa cəlb edib. O, deyib ki, Ağamir Ağamirov Müdafiə Sənayesi Nazirliyində baş məsləhətçi vəzifəsində işləyib: “Ağamir Ağamirovdan Müdafiə Sənayesi Nazirliyinə gəlib-gedən İsrail vətəndaşları barədə məlumatların toplamasını, həmin İsrail vətəndaşlarının pasportlarının surətlərinin və fotoşəkillərinin İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşına vermək üçün əldə etməsini istədim. Ağamir Ağamirov verilən tapşırığın icrası zamanı heç bir problemin yaranmayacağını dedi və icra etdi”.

Hansı səfirlik əməkdaşlarına sui-qəsd planı qurulub?

Hafiz Vəliyevin sözlərinə görə, Ağamir Ağamirov İsrail dövləti Müdafiə Nazirliyinin Müdafiə İxracı və Müdafiə Əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Şmaya Aviyeli, İsrail dövləti Müdafiə Nazirliyinin SİBAT şöbəsinin Avropa və Şimali Amerikada hərbi-müdafiə əməkdaşlığı üzrə direktoru Moşe Kravits, İsrail dövləti Müdafiə Nazirliyinin SİBAT şöbəsinin regional direktoru Dima Qolub, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpaz və səfir müavini Ronen Krauszla Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi arasında 23 yanvar 2013-cü il tarixdə keçirilən görüşlə bağlı məlumatları əldə edeib və ona verib. O, da həmin məlumatları İran xüsusi xidmət orqanının əməkdaşlarına çatdırıb.

O, daha sonra bildirib ki, Ağamir Müdafiə Sənayesi Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq şöbəsində mütəmadi görüşlər keçirən İsrail dövlətinin “Aeronautics” şirkətinin əməkdaşları David Goldin və Gureviç Aleksandr Vladimiroviçin adlarına verilmiş pasportlarının surətlərini əldə edib. O, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Argentina Respublikası və bir sıra digər dövlətlərin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqları haqqında məlumatlarıda toplayaraq İran xüsusi xidmət orqanlarının əməkdaşlarına verib. Digər təqsirləndirilən Ağamir Ağamirov da eyni məzmunlu ifadə verib.
Bu cinayət işi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər ömürlük azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətində cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə onların şikayətinə baxılacaq.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm