Azərbaycanın 50 kilometrliyində atom təhlükəsi - SOS
Bizi izləyin

Nida.az

Azərbaycanın 50 kilometrliyində atom təhlükəsi - SOS

Ötən həftə Ermənistanda Atom Elektrik Stansiyasının təhlükəsizlik istismarı üzrə dördüncü texniki forum keçirildi.


Publika.az xəbər verir ki, forumda erməni tərəfi MAGATE-dən xahiş edir ki, “Metsamor” AES-in istismar müddəti 2026-cı ilə qədər uzansın. Çünki ölkənin maliyyə problemləri olduğu üçün enerji sərfiyyatını tam ödəyə bilmir. Əgər AES də bağlansa, o zaman vəziyyət daha kritik ola bilər.


Qeyd edək ki, “Metsamor”un istifadə müddəti ötən il 10 ilə qədər uzadılıb. Lakin bu məsələ də açıq olaraq qalır.


MAGATE isə Yerevana cavab olaraq bildirib ki, AES-in saxlanılması ilə bağlı qurumu inandıracaq səbəbləri açıqlamalıdır. Həmçinin təhlükəsizliyin təminatı üçün təkliflər paketi hazırlanmalıdır.



Publika.az “Metsamor” AES-in hazırkı durumunu və region üçün təhlükələrini araşdırıb, hansı ki, onun istifadə müddəti çoxdan bitib.
Qeyd edək ki, bir müddət əvvəl apardığımız araşdırmada da AES-in hər an partlamağa hazır vəziyyətdə olduğu aydın olmuşdu. Son illər ərzində “Metsamor”dakı vəziyyət daha da kritik hal alıb.


Erməni dilində “Oktemberyan-1” adlanan “Metsamor” AES iki ayrı blok olaraq, bloklardan birincisi 1976, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Hazırda dünyanın imtina etdiyi bu texnologiyadan “Metsamor” AES-də istifadə edilir ki, bu da baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir. Digər tərəfdən, sovetlər dönəmində tikilmiş bu AES-də VVER, PBMK, EGP və BN olmaq üzrə dörd moduldan istifadə edilir. Halbuki təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” AES də məhz VVER modeli ilə çalışır. Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi, “Metsamor” AES-in Çernobıl AES-dən də riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələr ortaya çıxarır.


AES-in VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.


“Metsamor”un ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter şkalasına görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında tikilməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar isə 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir.

AES-də fəaliyyət dövrü ərzində 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib.

Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ və 25 min adamın ölməsidir. Məhz bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən Sovetlər Birliyi rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin rəsmi İrəvan bu stansiyanın yaratdığı təhlükələrə rəğmən, 1995-ci ildə fəaliyyətini bərpa etdi.


“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb.

Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf 1 milyard avro tələb etdi. Nəticədə, razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmamasında Ermənistanın maraqlı olduğunu göstərir. Ermənistan “Metsamor”u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin Aİ-nin hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görə bilər.


“Metsamor”un yaratdığı təhlükələrdən biri də stansiyanın fəaliyyəti üçün lazım olan uranın Rusiyadan Ermənistana hava yolu ilə daşınmasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğalı etməsi ilə iki ölkə arasında heç bir əlaqənin olmaması, o cümlədən Gürcüstan-Abxaziya münaqişəsindən sonra rəsmi Tiflisin sərhədlərini Rusiyanın üzünə bağlaması və Ermənistanın Rusiya ilə heç bir quru əlaqəsinin qalmaması nəticəsində, hazırda AES-in fəaliyyəti üçün lazım olan uran hava yolu ilə daşınır ki, bu da uçan nüvə bombası deməkdir. Uran daşıyan təyyarələrin Cənubi Qafqazın hava yolundan istifadəsini nəzərə alsaq, həmin təyyarələrin havada partlaması nəticəsində, bütün regionda ikinci Xirosima da yaşana bilər. Bu isə “Metsamor”un təcili olaraq bağlanmasına ən böyük səbəblərdəndir.

Azərbaycan və Türkiyə bu stansiyanın yaratdığı təhlükələrin qarşısını almaq və fəaliyyətini dayandırmaq üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciət edib və yüksək tribunalarda məsələnin ciddiliyini vurğulayıblar.


Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, “Metsamor”un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır, misal üçün Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb.

Ermənistan hökuməti isə hər şeyə rəğmən, “Metsamor”u bağlamaq niyyətində deyil. Bəs bütövlükdə Cənubi Qafqaz, eləcə də bölgə üçün “Çernobıl təhlükəsi”ni aradan qaldırmaq üçün nə etmək mümkündür?
BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq prtokolu olmalıdır. Deməli, “Metsamor”un ləğvi beynəlxalq konvensiyaya görə, təkcə Ermənistandan deyil, region dövlətlərindən asılıdır.


Azərbaycan Diplomatik Akademiyasının professoru Riçard Russo 3 il öncə “Foreign Policy Journal”da “Metsamor” AES-in təhlükələri ilə bağlı yazırdı ki, bu stansiyanın fiziki xəttin ayrıcında yerləşməsi azmış kimi, o həm də siyasi baxımdan qeyri-sabit regiondadır: “Reaktorların dəyişdirilməsinə göstərilən səylər uğursuz olub və alternativ enerji mənbələrinin axtarışı və yeni reaktorun ən müasir idarəetmə elementləri və ehtiyat köçürmə sistemi ilə bağlı göstərilən səylər hələ ki faydasızdır. “Metsamor” adi bir qəza ilə böyük bir regionda canlı aləmi məhv edə bilər. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidir”.

R. Russo qeyd edib ki, əgər bu stansiya bağlansa, Ermənistan iqtisadi cəhətdən daha çətin duruma düşər, enerji asılılığı maksimuma çatar: “Bu məsələnin üzərinə daha çox gedilməlidir. Təkcə düşmən ölkəni enerji blokadasına salmaq üçün yox, ən əsası region ölkələrində yaşayan, içində 2 milyon erməninin də var olduğu, milyonlarla insanı “3-cü Çernobıl”dan xilas etmək üçün”.


Erməni mənbələrin məlumatına görə, son bir ildə “Metsamor”da vəziyyət daha pis hal alıb. Belə ki, rəsmi Yerevan bunu gizlətməyə çalışsa da, AES istifadəsiz hala gəlib.

Ən pisi isə Yerevandan yüz kilometrlərlə uzaqda yerləşən “Metsamor” Azərbaycan sərhədlərinin, konkret Naxçıvanın 50 kilometrliyində yerləşir. AES-də hər an baş verə biləcək texniki nasazlığın acısını ilk növbədə Azərbaycan çəkəcək. Çünki təcrübə göstərir ki, belə AES-lərdə texniki nasazlıq zamanı ən böyük zərər 30-50 kilometr məsafədə hiss olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm