“Xəzər potensial münaqişə obyektidir”- Regiona təhdidlər gündəmdə
Bizi izləyin

Nida.az

“Xəzər potensial münaqişə obyektidir”- Regiona təhdidlər gündəmdə

Bu gün Qazaxıstanın Aktau şəhərində “Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqmaları: hərbi-siyasi aspekt” mövzusunda dördüncü beynəlxalq forum işə başlayıb.


Publika.az xəbər verir ki, forumun təşkilatçısı “Caspian Bridge” informasiya-analitik mərkəzinin rəhbəri Aleksandr Knyazev bildirib ki, Azərbaycanı, İranı, Qazaxıstanı, Rusiyanı və Türkmənistanı birləşdirən Xəzər regionu Avrasiya və dünya geosiyasətinin, geoiqtisadiyyatının ən əhəmiyyətli düyünlərindən biridir.


“Xəzər regionu su hövzəsində yerləşən ölkələrin müxtəlif siyasi sistemlərini birləşdirir, müxtəlif sivilizasiyaları qovuşdurur. Həmçinin, Xəzər dünya oyunçularının maraq dairəsindədir. Bu baxımdan, bura potensial münaqişə obyektidir”, -deyə o bildirib.


Onun sözlərinə görə, Ukrayna böhranı beynəlxalq münasibətlərin qlobal sistemində keçid dövrünün sonunu gətirir və buna paralel olaraq müasir dünyanın yeni sabitlik elementləri formalaşır: “Bu kontekstdə Xəzər regionu, Mərkəzi Asiya, Qafqaz, Orta Şərt və Rusiyanın cənubunun inkişafı üçün əsas paradiqmalara yenidən baxmaq gərəkdir”.


Qeyd edək ki, forumda geosiyasi dəyişikliklər kontekstində ən yaxın və orta perspektivdə Xəzər regionu üçün əsas təhdidlər və risklər, regionun bu təhdid və risklərə əks-reaksiyasının hazırlığı, “Xəzər beşliyi”nin hərbi-siyasi prioritetlərinin regionun təhlükəsizliyi istiqamətində cəmləşdirilməsi məsələləri müzakirə olunacaq.

Bununla yanaşı, forumda Xəzəryanı dövlətlərin hərbi əməkdaşlığı, Yaxın Şərq, Qafqaz, Əfqanıstan münaqişələrinin təsirindən yan keçmək, həmçinin, informasiya təhlükəsizliyinin regional aspektləri masaya səriləcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm