“Məni ora iqtidar göndərməmişdi” – Partiya sədrindən şok açıqlamalar
Bizi izləyin

Nida.az

“Məni ora iqtidar göndərməmişdi” – Partiya sədrindən şok açıqlamalar

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Publika.az-a müsahibəsi


- Uzun zamandan bəri ilk dəfə müxalifətin tədbirinə qatıldınız. Siz tənqid etdiniz, sizi də tənqid etdilər. Nə dərəcədə haqlı idilər?

- Ora müxalifət və iqtidaryönümlü partiyalar dəvət olunmuşdu. Biz müzakirə etdik və tədbirdə iştirak etmək qərarını verdik. Orada da sözümüzü dedik. Çünki bəzən elə fikirlər olur ki, guya biz kiminsə arxasınca danışırıq, yaxud konkret müxalifətin arxasınca danışırıq, sözümüzü üzlərinə demirik. Bizi tanıyanlar bilir ki, həmişə sözümüzü müxalifətin üzünə demişik. Müxalifətdə olanda da, sonra da. İndi də gedib üzlərinə tənqid etdik.
Mən çıxış edəndə əvvəl etirazlar oldu. Amma sonra məntiqimizi başa düşdülər. Biz açıq dedik ki, siz 1995-2000-2005-ci illərdə özünüz iqtidarla separat danışıqlara getmisiniz. İndi də guya iqtidarı qəbul etmirsiniz, bəyənmirsiniz. Xarici səfirliklərə, xarici dövlətlərə şikayət edirsiniz. Halbuki, bunu həll edən bir ünvan var, o da Azərbaycan hakimiyyətidir. Gizlincə iş görüncə, açıq edin. Heç kim də sizi qınamaz. Gedin hakimiyyətlə əlaqələr qurun, Qarabağdan tutmuş, insan haqları ilə bağlı dərdinizi onlara deyin. Hər şeyi onlar həll edir.

- Sizin fikirləri qəbul etdilərmi, yoxsa?...

- Mən bildirdim ki, gücünüz yoxdur, sosial bazanı itirmişiniz, iqtidarsa hədsiz güclüdür. Problemlərimizi həll edən yeganə ünvan da odur. Gedin danışın, üçü qəbul etməz, üçü qəbul edər. Xalq da, iqtidar da görər ki, onlara qərəzli münasibət bəsləmirsiniz. Onlar da sizə hörmət edər, problemlərin həllinə kömək edər. Yoxsa xarici dövlətlərə şikayət edəndə iqtidar buna düşmənçilik kimi qəbul edir, nəticədə insanlar əziyyət çəkir.
Sonda zalın çoxu bununla razılaşdı. Dialoqa getməyin lazım olduğu haqda fikirlər səsləndi. Amma bu istiqamətdə hərəkətə keçmək lazımdır.

- Deyirlər ki, guya sizi ora iqtidar göndərib...

- Bu doğru deyil. Məni ora iqtidar göndərməyib, bu, mümkün olan şey deyil. İqtidar deməz ki, mən səni ora göndərməmişəm? Mən iqtidarın adından danışmıram, Vəhdət Partiyasının adından danışıram. Haqlı olaraq tənqid etmişəm, üzlərinə demişəm ki, siz hakimiyyətə gəlsəniz də, sabitlik yarada bilməzsiniz. Ona görə də bəyanatlarınızda bu məsələyə toxunmursunuz. Ən yaxşı halda, Azərbaycanda Ukrayna, ən pis halda isə İraq, Suriya nümunəsi gətirəcəklər. Gücləri yoxdur, hakimiyyətə gəlmək imkanları tükənib. Heç olmasa, dialoqa gedin, mütəxəssislərinizdən hakimiyyət də bu ölkə üçün istifadə etsin... Onlar yumşalmaqla cəmiyyətdə yerlərini də möhkəmlədə bilərlər.

- Maraqlıdır ki, siz o vaxt müxalifətdə idiniz, sonradan siyasi kursu dəyişdiniz. Səbəb nə idi?

- Bunu tədbirdə İsa Qəmbər də soruşdu. İzah etdim ki, biz hakimiyyətə qarşı yumşalmaq qərarını verəndə 2006-2007-ci illər idi. Həmin vaxt ölkədə elə bir siyasi partiya qalmamışdı ki, hakimiyyətlə separat danışıqlara getməsin. Biz nə etməli idik? 1995-ci il seçkilərində mənim namizəd olduğum dairədə iki iqtidar namizəd var idisə, 11-i müxalifətdən idi. Heç biri güzəştə getmirdi. İndi də bir-birinizi qırırsınız. Biz haqqı deyirik, istər iqtidara, istər müxalifətə. Müxalifət 20 ildir uduzur, amma ambisiyalarından əl çəkə bilmir. Deyirlər ki, xalqımız müdrikdir. Onda ya siz qeyri-səmimisiniz, bu xalq müdrik deyil. Ya da müdrikdirsə, deməli, sizi qəbul etmir. Daha nə istəyirsiniz?.. Əslində biz mövqe dəyişdirməmişik, sadəcə, mövqeyimizi dəqiqləşdirmişik. O vaxt anladıq ki, müxalifət imitasiya ilə, xalqı aldatmaqla məşğuldur. Biz səhv etməmişik. Cəmiyyətə dialoq, sivil mübarizə lazımdır. Həm də reallığa uyğun olaraq praqmatik siyasət aparmaq lazımdır.

- Bəzən sizi ittiham edirlər ki, kursu dəyişmək üçün iqtidardan pul alırsınız.

- Gəlin etiraf edək ki, müxalifət liderlərinin hamısının balaları xaricdə oxuyur, hamısı yaxşı yaşayır. Mənim balalarım hələ də işsizdir, özümüz ağır vəziyyətdəyik. Qərargahımız pis gündədir. Ofisdə damın suvağı başıma tökülür. Əgər pul alsaydım belə olmazdı. Utanmaq lazımdır.
Bunu deyənin vicdanı olsun. Belə çıxır ki, onların dediyini demiriksə, iqtidardan pul alırıq? Ayıbdır axı. AXCP parlamentə düşəndə yumşalır, düşməyəndə radikallaşır, olur qəhrəman. Eləcə də digərləri. Deməli, onlar hakimiyyətə qarşı yumşaq olanda biz də olmalıyıq, olmayanda biz də onlar kimi etməliyik. Bizim öz mövqeyimiz var, biz bu oyunları yaxşı bilirik. Mən başa düşmürəm, əgər Azərbaycan Suriyaya, İraqa dönsə, insanlar şəhid olsa, Bakı dağılsa, xeyir qazanacaqlar? Hansı qabağa durub nəsə edəcək? Hansısa qüvvə çıxsın, özləri elan etdiklərini siyasəti yürütsünlər, biz də baxıb ona görə hərəkət edək. Yoxsa yalnız danışmaqla iş bitmir. Vaxtilə YAP iqtidar olanda, biz hakimiyyətdə idik. Onlar da bizi qeyri-demokratik olmaqda tənqid edirdilər. Dedilər, gəldilər və dediklərini etdilər... İndi də müxalifət tənqid edir. Mən buna qarşı deyiləm, bəzi məsələlərdə haqlıdırlar. Amma camaata nə sənin tənqidin lazımdır, nə mənim. Əsas odur ki, sən nəyi dəyişə bilirsən. Vaxtilə mən məhkəmə hakimiyyətində işləyəndə prezidentdən tutmuş hamısı məni işdən çıxarmaq üçün gecə-gündüz əlləşirdilər. O vaxt mən rüşvət almamışdım, oğurluq etməmişdim. Guya, mən Ayaza (Mütəllibov – red.) işləyirdim. Adamın vicdanı olar. Bunlar da vicdansızlıq edirlər. Mən ona görə də internetdə aktiv deyiləm, “Facebook”a girmirəm. O tədbirdə çıxışımın da 10 faizini verdilər, 90 faizini yox. Hər şeyi konteksdən çıxarırlar. İndi də 10 faizə görə məni ittiham edirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm