Politoloqdan maraqlı Müsavat şərhi: “İkinci İsa Qəmbər olmayacaq”
Bizi izləyin

Nida.az

Politoloqdan maraqlı Müsavat şərhi: “İkinci İsa Qəmbər olmayacaq”

“Müsavatda kimin başqan seçilməsindən asılı olmayaraq, həmin şəxs İsa Qəmbər ola bilməyəcək”.

Bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, müsavata yaxınlığı ilə seçilən politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında deyib.


“Müsavatda ikinci İsa Qəmbər olmayacaq”


Onun sözlərinə görə, İ. Qəmbər Milli Azadlıq Hərəkatının hazırda aktiv siyasi fəaliyyətlə məşğul olan sonuncu liderlərindəndir: “Bəlkə də, sonuncudur. Təbii, İsa bəyin Azərbaycan siyasətində özəl yeri olub və olacaq. Amma heç kim məndən inciməsin, kim başqan olsa da, İsa Qəmbər qədər ola bilməyəcək. Çünki İsa Qəmbərin İsa Qəmbər olmasının bir çox səbəbləri var. Buna görə də hesab edirəm ki, Müsavatda ikinci İsa Qəmbər olmayacaq”.


Qurultay Müsavata nə vəd edir?


Ə. Oruclu Müsavatda heç bir namizədi dəstəkləmədiyini deyib: “Bu onların daxili işidir. Mənim üçün prinsip etibarilə hansı partiyada kimin sədr olması önəmli deyil, söhbət təkcə Müsavatdan getmir. Amma hesab edirəm ki, qurultaydan sonra partiyada hansısa ciddi dəyişikliyin olacağını düşünmürəm. Nəzərə alıram ki, bizdə demokratik ənənələr hələ oturuşmayıb, bəzən ittihamlar da olur. Amma seçki prosesi üçün bu normaldır. Misal üçün, 2008-ci ildə ABŞ-da Demokratlar partiyasında Barak Obama ilə Hilari Klinton arasında keçirilən “praymeriz”də qarşılıqlı sərt ittihamlar irəli sürüldü. Amma son nəticədə biri prezident, digəri dövlət katibi olaraq 5 il bir yerdə işlədilər. Ona görə hesab edirəm ki, seçki kampaniyasında olan sərt mövqelərə baxmayaraq, qurultaydan sonra parçalanmaların olacağını düşünmürəm”.


Bir statusun izi ilə...


Ə. Oruclu Müsavatda başqanlığa namizəd Tural Abbaslı haqqında yazdığı statusa da aydınlıq gətirib.


Qeyd edək ki, Ə. Oruclu iki gün öncə “facebook” səhifəsində “Dünən, təəssüf ki, Müsavat başqanlığına namizəd Tural Abbasli ilə görüşə ikinci dəfə dəvət alsam da, yenə iştirak edə bilmədim. Tural bəy məni görüşlərinə dəvət edən yeganə namizəddir, amma tərslikdən hər iki görüşlə eyni vaxtda başqa vacib işlər planlaşdırmış oluram. Odur ki, Tural bəyi burdan salamlayıram, diqqətinə görə təşəkkürümü bildirirəm! Tural bəyə qarşısına qoyduğu bütün işlərdə uğurlar arzulayıram! Heç bir partiyanın daxili işlərinə qarışmaq fikrim yoxdur, amma Tural Abbaslını insani keyfiyyətlərinə görə çox istəyirəm və onun gələcəkdə xeyli uğurlara imza atacağına inanıram”, - deyə bildirmişdi.

“Digər namizədlərin dəvətinə ehtiyac duymuram”


“Tural Abbaslının diqqətini hiss etdim, seçki kampaniyasında keçirdiyi görüşlərə məni dəvət etdi. Sadəcə, təsadüfdən gedə bilmədim və bu statusu yazmaq qərarına gəldim. Ona qarşı şəxsi münasibətim normaldır. İstənilən partiyanın uğuru Azərbaycan demokratiyasının, siyasətinin uğurudur”, - deyə politoloq bildirib.

Ə. Oruclu digər namizədlərin onu tədbirlərinə dəvət etməməsinə də münasibət bildirib: “Digərlərinin dəvətinə ehtiyac duymuram. Hesab etmirəm ki, mütləq kimsə, yaxud bütün namizədlər kimisə öz görüşlərinə dəvət etməlidir. Seçki partiyanın daxili məsələsidir. Güman etmirəm ki, burda kənar şəxslərin iştirakı nəsə rol oynasın. Mənim üçün Tural bəyin dəvəti gözlənilməz oldu. Hərçənd bir-birimizə münasibətlərimiz pozitiv olub. Tural bəy etik çərçivələri həmişə qoruyan insandır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm