Rektor: “Bizim universitetimizlə bağlı da belə hallar kifayət qədərdir”
Bizi izləyin

Nida.az

Rektor: “Bizim universitetimizlə bağlı da belə hallar kifayət qədərdir”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin Publika.az-a müsahibəsi:


“Elm haqqında” qanun layihəsi xeyli müddətdir ki. Müzakirə olunur. Ancaq hələ də qəbul edilməyib. Bu qədər yubanmaya səbəb nədir?

Bəli, bu qanun layihəsinin qəbulu məsələsi hər il Milli Məclisin yaz və payız sessiyasının iş qrafikinə salınır. Ancaq nədənsə qəbul olunmur. Mənə hələ də aydın deyil ki, bu qanun hansı səbəbdən qəbul olunmur. Görünür ki, burada elmi potensialla bağlı müəyyən fikirlər uyğun gəlmir. Ona görə də bu qanunun qəbulu ləngiyir. Hər halda, istənilən qanun qəbul olunanda, o sahənin insanları müəyyən təhlil aparmalı və götür-qoy etməlidir. Yəqin ki, bu qanunun qəbulu da məhz buna görə ləngiyir.

Qanunun qəbuluna hər hansı süni əngəl yoxdur ki?

Mən hələ belə bir şey hiss etməmişəm. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da bu prosesin içərisində yer alır. Yəqin ki, onlarla bir yerdə tam qərara gəlinməyib. Hər halda, bu işi həll etmək üçün də müəyyən zaman lazımdır. İnşallah, Milli Məclisin payız sessiyasında “Elm haqqında” qanunun qəbulu gözlənilir. Artıq, bu məsələ sessiyanın iş qrafikinə də salınıb.

Bu yaxınlarda Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialında saxta diplomlarla bağlı problem yaşanıb. Hətta prokurorluq orqanları da bu istiqamətdə müvafiq araşdırmalara başlayıb. Bir müddət öncə isə sizin rektoru olduğunuz universitetin də adı bu cür məsələlərdə hallanırdı. Bütün bu məsələlərə münasibətiniz necədir?

İlk növbədə onu deyim ki, Odlar Yurdu Universitetinə Tələbə Qəbulu Dövlət Komissiyasından (TQDK) kənar heç bir qəbul olmayıb. Belə bir qəbul olsaydı, həmin vaxtı üzə çıxardı. Çünki indi Təhsil Nazirliyində və TQDK-da bunkerlər mövcuddur. Hər bir tələbə haqqında o bunkerə məlumat daxil olur... Burada yalnız və yalnız küçə adamları və dələduzlardan söhbət gedə bilər. Əgər Odlar Yurdu Universiteti pulla tələbə qəbul edibsə, o zaman bunlar bizə niyə gəlib çıxmadılar? Bu universitetin rektoru da mənəm. Mənsiz onlar hər hansı iş görə bilməzlər. Əgər universitetə qeyri-qanuni qəbul olursa, o zaman bunu mən etməliyəm. Mən də bunu etməmişəm. İndiyədək mənə bir nəfər də gəlib deməyib ki, filan uşağı filan yerə qəbul elə... Bilirsiniz, bütün bunları yayan adamlar Azərbaycanın inkişafını və təhsilində aparılan islahatları görmək istəməyən qüvvələrdir. Azərbaycanda harada korrupsiya olubsa, onların hamısı şəffaf şəkildə üzə çıxır və günahkarlar öz cəzalarını alırlar. İstər universitet rektorları, istərsə də filial rəhbərləri olsun, hamısı insanlara yaxşı məlumdur. Korrupsiyanın aradan qaldırılması üçün bütün kütlə mübarizə aparmalıdır. Mən bunu hər zaman söyləmişəm. Təhsil ümummilli məsələ olduğu üçün, əgər bu sahədə rüşvət varsa, deməli, burada rüşvət alanla yanaşı, rüşvət verən də qanun qarşısında cavab verməlidir. Təhsildə korrupsiyanı aradan qaldırmaq istəyiriksə, o zaman valideynlərin və pedaqoji heyətin də bu məsələyə münasibəti dəyişməlidir. Hesab edirəm ki, bu gün həmin korrupsiya və rüşvət əməlləri artıq aradan qaldırılır. Günahkarlar öz cəzasını alırlar, cəzasız qalanlar isə gec-tez üzə çıxacaq. Düzdür, bu gün Azərbaycanda bir qrup insan təhsil sahəsində küçə alveri ilə məşğul olur. Amma bu cür şəxslər Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq mühafizə orqanları tərəfindən aşkar olunaraq cəzalandırılır. Yəni, qanunsuz diplom verən şəxslərin hamısı bir-bir aşkar olunaraq cəzasını alır. Saxta diplom satışı ilə məşğul olan bəzi işbazlar var ki, onlar gəlib rektorun otağına daxil olur və onunla salamlaşır, daha sonra isə gedib diplom satdığı adamlara deyir ki, guya artıq rektorla diplom məsələsini həll edib. Beləliklə də, həmin işbazlar insanları da aldadaraq, onlardan külli miqdarda pul alırlar və saxta diplom satırlar. Nəticədə də universitetin adına ləkə gəlir. Amma çox sevindirici hal odur ki, yeni təhsil nazirimiz gələndən bəri bu sahədə müəyyən addımlar atılıb və təhsildə mövcud olan həmin qanunsuz hərəkətlərin artıq kökü kəsilməyə doğru gedir. Mən təhsilin içərisində olan adam kimi bunu belə görürəm. Bu gün universitetlərin əksəriyyətində, o cümlədən Odlar Yurdu universitetində tələblər kompüterlə imtahan verirlər. Yəni, artıq müəllim tələbələrdən imtahan götürmür. İmtahan götürməyən müəllim tələbədən necə pul ala bilər? O, ancaq öz dərsini deyib, çıxıb gedir. İmtahanın sualları isə kompüterlərə daxil edilib. Tələbə də həmin suallara cavab verərək qiymət alır. Oxuya bilməyən tələbə isə imtahanda kəsilir və təkrar oxuyur. Bilirsiniz ki, baş nazirinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində kredit sistemi tətbiq olunur. Əgər tələbələr imtahanda qiymət ala bilmirsə, o zaman yenidən ödəniş edib həmin fənnə yenidən hazırlaşırlar. Daha əvvəlki kimi deyil ki, tələbə imtahanda “2” qiymət ala, sonra müəllim götürüb ona yüksək qiymət yaza. Qaydalar tamamilə dəyişdirilib. Bu gün təhsilə də şər atmaq istəyən adamlar bütün bunları yaxşı bilməlidir.


Heç olubmu ki, həmin işbazlar öz maraqları naminə sizinlə münasibət qurmağa çalışsın?

Onlardan konkret mənim yanıma gələni olmayıb. Yəni, mənə konkret deməyiblər ki, filan məsələ ilə bağlı gəlmişəm. Çünki 2005-ci ildən bəri bizdə kompüter sistemi tətbiq olunur. 2004-cü ildən bəri isə özəl universitetlərin heç biri TQDK-dan kənar qəbul aparmır. Aparanların da aqibəti hamıya məlumdur. Azərbaycan Müəllimlər İnstitutunda da qeydə alınan faktlar filiallarda olub. Heç Aqiyə xanımın bunlardan xəbəri olmayıb. Bilirsiniz ki, yerlərdə kimin nə iş görməsi barədə hər dəfə məlumatlı olmaq olmur. Hər halda, bu faktlar bilinir və üzə çıxırsa, daha sonra da cəzalandırılırsa, deməli rektorun bu işdən xəbəri olmayıb. Əgər rektorun bu işdə əli olsaydı, o zaman Aqiyə Naxçıvanlı da cəzalandırılardı... O diplomlara da rektorun möhürü vurulmur. Rektorun möhürü və imzası ilə olan diplomlar qanunidir. Bu, diplomlar həm də Təhsil Nazirliyi tərəfindən verilən diplomlardır. Yəni, bu diplomları kimsə götürüb, orada olan adın yerinə başqasının adını yazması mümkün deyil. Ona görə də inanmıram ki, həmin saxta diplomlarda rektorun möhürü olsun. Kimsə o qanuni diplomların surətini çıxarda bilər, amma bunun heç bir əhəmiyyəti olmayacaq. Ümumiyyətlə, bu cür saxta diplomları hazırlayan nəşriyyatlar və möhür hazırlayan şirkətlər barəsində də cinayət işi açılmalıdır. Çünki demək olar ki, hər gün bizə də diplomlarla bağlı sorğu gəlir. Biz həmin diplomları yoxlayırıq, saxta olursa, deyirik ki, bu diplom saxtadır. Özümüz də bu cür hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət edirik. Bizim universitetimizlə bağlı da belə hallar kifayət qədərdir. Ancaq biz onlarla mübarizə aparırıq.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm