Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində rolunu möhkəmləndirir
Bizi izləyin

Nida.az

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində rolunu möhkəmləndirir

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin bu ölkənin milli informasiya agentliyi -Ukrinformun saytında “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu möhkəmləndirir” sərlövhəli məqaləsi yerləşdirilib.

Səfir məqaləsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”, Azərbaycanın həmin dövrdə üzləşdiyi çətin vəziyyət haqqında ətraflı məlumat verir. Qeyd edir ki, “Əsrin müqaviləsi” Azərbaycanın inkişafı üçün böyük imkanlar açdı, ölkəyə irihəcmli investisiyalar qoyulmağa başlandı. Azərbaycan öz zəngin neft ehtiyatlarını dünya bazarlarına çıxarmaq imkanı əldə etdi. Bu illər ərzində Azərbaycan öz imkanlarını davamlı şəkildə genişləndirdi. Neft kəmərləri Xəzər dənizini ilk dəfə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi.

Məqalədə müasir Azərbaycanın neft sənayesi tarixinin mühüm mərhələlərindən, həyata keçirilən iri enerji layihələrindən ətraflı söz açılır.

Səfir vurğulayır ki, “Əsrin müqaviləsi”nin imzalandığı gündən düz 20 il sonra Azərbaycan energetika sahəsində bütün dünyanın diqqətini cəlb edən daha bir meqalayihənin müəllifi oldu. 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyuldu.

Məqalədə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr edilmiş mərasimdə Prezident İlham Əliyevin çıxışından bu nəhəng layihənin əhəmiyyəti ilə bağlı fikirlər də yer alıb.
Müəllif qeyd edir ki, bu layihənin icrası Bolqarıstana, oradan İtaliyaya qaz nəql etməyə imkan verəcək, Yunanıstan və Albaniya ərazilərindən yeni qaz kəməri (TAP) çəkiləcək. Boru kəmərləri şəbəkəsindən ibarət olan bu layihə sayəsində “Şahdəniz” yatağından Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Avropaya Azərbaycan qazı nəql ediləcək.

Yazıda bildirilir ki, yeni layihənin təməlinin qoyulması görülən işlərin zirvəsidir. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək, ölkənin iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Eyni zamanda, bu layihə tərəfdaş ölkələr üçün də çox sərfəli olacaq. Bir sözlə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək.

E.Mədətli yazır: “Cənub” qaz dəhlizi bir növ yeni əsrin layihəsi, Azərbaycan üçün xaricə açılan daha bir pəncərədir. Heç şübhəsiz, bu layihə həmçinin ölkənin beynəlxalq nüfuzunun bundan sonra da möhkəmlənməsinə töhfə verəcək. Bu isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinə bariz nümunədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm