Qəfil dönüş: O, “vurulmamaq” üçün hansı yola getdi? - Detallar
Bizi izləyin

Nida.az

Qəfil dönüş: O, “vurulmamaq” üçün hansı yola getdi? - Detallar

Müsavat İsa Qəmbəri yola saldı, lakin bu gediş daha çox formal xarakter daşıyır, nəinki demokratik addım kimi. Belə ki, partiyanın VIII qurultayında İsa Qəmbərin 2014-cü il prezident seçkilərində namizədliyi irəli sürüldü. Nə az, nə çox, düz 4 il öncədən.


“Bu demokratiyadır”, yoxsa manevr?

Qurultay 11:00-da başladı. İsa Qəmbər başda olmaqla, bir çox qonaqlar çıxış etdi. Seçkilər günün ikinci yarısında olmalı idi. Qurultayın birinci hissəsi tamamlananda Müsavat Məclisinin keçmiş sədri Arzu Səmədbəyli söz alaraq tribunaya çıxdı və dedi: “Mənim və dostlarım üçün başqan və lider İsa Qəmbər olaraq qalacaq. Elçibəyin ölümündən sonra AXC-nin əsas simaları İsa Qəmbəri lider olaraq qəbul edib. Onların əksəriyyəti bu gün burda oturub. İsa Qəmbər başqanlıqdan getməklə ölkənin demokratik inkişafına öz töhfəsini verəcək. Lakin bu, onun liderliyinə heç bir xələl gətirməyəcək. İsa bəy 90-cı illərdən Azərbaycan siyasətində əsas simalardan biridir. Burda yeni başqan seçiləcək. Amma başqanın kim olmasından asılı olmayaraq, Müsavatın lideri yenə də İsa Qəmbərdir”.

Bu gözlənilən idi, çünki İ. Qəmbərin Müsavatdakı təsirlərindən öz xoşu ilə əl çəkəcəyini düşünmək sadəlövhlük olardı. O da məlum idi ki, partiya daxilində İsa Qəmbəri yola salacaq qurultayın keçirilməsini istəyən qruplar israrla mübarizə aparırdı, lakin, onun qalmağını istəyənlər də zəif deyildilər. İ. Qəmbərsə nizamnaməyə dəyişiklik edilməsinə imza atmış, iki dəfədən artıq seçilməyi öz əli ilə qadağan etmişdi.


“Bu demokratiyadır”, onun tərəfdarları bu addımı belə qiymətləndirir. Lakin bu həm də növbəti manevr idi. İsa Qəmbər əlavə status əldə etmək istəyir. Qurultayın gedişi lap əvvəldən iddia olaraq ortaya atılan bu fikirləri təsdiqlədi.


Qəfil dönüş və yaxud keçmiş başqan 4 il öncədən prezidentliyə namizəd oldu

İ. Qəmbəri qoruyan “qalanın” əsas adamlarından biri olan A. Səmədbəyli Müsavatın qəbul etdiyi qətnaməni oxudu. Qətnaməyə görə, İsa Qəmbər 2018-ci il prezident seçkilərinə Müsavatın namizədi olur. Məlum idi ki, qətnamə ictimaiyyətdən kənarda, partiyanın mətbəxində hazırlanıb və qurultay başlayanda artıq əldə idi.

İlk diqqətçəkən məqam, bu qətnamənin seçkinin nəticəsindən əvvəl, qurultayın birinci hissəsində bəyan edilməsi idi. Halbuki qurultayı yekun olaraq bu qətnaməni səsləndirmək olardı.

Digər xüsusi məqam, əvvəldən ehtimal olunan proseslərin fövqündə baş verən hadisə idi. Qurultay öncəsi siyasi ekspertlər, həmçinin, yazarlar ehtimal edirdi ki, bütün ssenari İ. Qəmbərin qələmindən çıxıb. Lakin seçki nəticəsi açıqlanmadan, qurultay önündə prezidentliyə namizədliyinin irəli sürülməsi keçmiş başqanın ehtiyat manevrinin göstərdi. Görünür, qurultay tərəfdarları onun idarəsindən çıxıbmış və keçmiş başqan öz gələcək taleyini elə qurultayda da həll etməyin vacibliyini anlayır. Beləliklə, öz tərəfdarlarına qətnaməni hazırlatdırır və hər kəsin önündə açıqlatdırır ki, bu da heç bir etiraza yer qoymur. Bəlkə də, bu qətnamədən namizədlərin xəbəri yoxdur deyə bir gün xəbər yayılsa, təəccüblənmərik.

Qətnamə açıqlanandan sonra İ. Qəmbər “mənə etimad göstərdiyiniz üçün təşəkkür edirəm” tipli açıqlama verir. Bu olduqca tanış sözlərdir. Bir çox diktator liderlərin istifadə etdiyi ssenaridir bu. Öncədən ssenari yazılır, sonra xəbərsizmiş kimi reaksiya verilir.

“O, bununla partiyanın lideri olaraq qalır”

Keçmiş müsavatçı, politoloq Qabil Hüseynli də Publika.az-a açıqlamasında bu qətnamənin öncədən hazırlandığına inandığını deyib.


“Lakin başqa bir şey də var”, - deyə o bildirir: “İsa Qəmbər istəsəydi, başqan olaraq qalardı. Çünki partiyada o kəslər qalıb ki, ideologiyadan çox İsa Qəmbərin şəxsiyyəti ətrafında toplaşıblar. Onlarda belə bir əqidə əmələ gəlib ki, İsa Qəmbərsiz partiya dağıla bilər. Yalnız o, partiyanı harasa aparıb çıxarda bilər. Bu yanlışdır. Partiya cavanlaşmalı, yenilənməlidir. Qurultayda İsa Qəmbər özünəməxsus manevrlərini etdi. Yəni faktiki olaraq başqanlıqdan getdi, amma yeni bir status qazandı. Hələ ki, bu statusun üzərində işləyirlər, lakin o, partiyanın prezidentliyə əsas namizədi kimi lider olaraq qalır. Yəni bir tərəfdən görüntü yarandı ki, yeni sədr gəldi, Divan da, Məclis də yenilənəcək”.

Kimlərin xəbəri var imiş?

Əslində İ. Qəmbərin yeni statusundan A. Hacılının xəbəri olubmuş. Bu, onun reaksiyasında da özünü göstərir.

Yeni başqan Publika.az-a müsahibəsində bu barədə deyir (http://publika.az/p/44693): “Hesab edirik ki, həm siyasi təcrübəsinə, həm dövlət xadimi kimi bacarığına, həm də Azərbaycan cəmiyyətində müxtəlif yönümlü siyasi qüvvələri birləşdirmək, eyni zamanda, daha çox seçicinin səsini almaq imkanlarına görə İsa Qəmbər digər siyasi xadimlərdən üstündür. Onun namizədliyinin irəli sürülməsi səbəbləri də budur”.


Yeni başqanın bu açıqlaması göstərir ki, İ. Qəmbərlə onun arasında müəyyən anlaşma var imiş. İ. Qəmbərin qurultayda Arif Hacılını dəstəklədiyinə işarə vurması da təsadüfi hesab olunmamalıdır. Bu gün məğlub olan Qubad İbadoğlunun komandasının etirazı da buna görədir, hansı ki, İbadoğlu seçkini şəffaf hesab etsə də, ədalətli olmadığını açıqladı.


Qubad İbadoğlu yeni partiya yarada bilər?


Q. Hüseynli hesab edir ki, Müsavatda yeni çat əmələ gələcək: “İsa Qəmbər hiss etdirdi ki, Arif Hacılını müdafiə edir. Bununla da sözsüz ki, partiyada çatı dərinləşdirdi. Hətta müsahibələrinin birində demişdi ki, partiyadan gedənlər bir neçə nəfər olacaq. Yəni ən azından gedənlərin olacağını açıq şəkildə göstərir. Düzdür, partiyadan parçalanma birdən-birə baş verməyəcək, bu, tədrici prosesdir. Gec-tez Qubad İbadoğlu tərəfdarları hansısa partiya ilə birləşib onun liderliyi ilə partiya yaradacaq. Yaxud da indi ədalətsizlikdən danışan Qubad İbadoğlu bir gün seçkinin legitimliyini şübhə altına qoyan bəyanatlar verəcək”.

Keçmiş başqan yeni başqanlıq dövrünün ixtilaflı olmasında maraqlıdır


Maraqlı məqamlardan biri də Müsavatda nəticələr açıqlanandan sonrakı vəziyyət və qurultaydan keçən bu iki gün ərzində yaranmış durumun İ. Qəmbəri narahat etməməsidir. Onun ümumi aurası bunu göstərir. Burdan çıxan nəticə belədir ki, keçmiş başqan yenisinin dövrünün ixtilaflı olmasında maraqlıdır. Bu həm də onun yoxluğunu daim partiyada əks etdirəcək prosesdir və ona olan ehtiyacı artırır. Yəni, “İsa Qəmbərin dövründə belə deyildi”, yaxud, “İsa Qəmbər olsaydı belə etməzdi” kimi nostalji ifadələr keçmiş başqanın xeyrinə işləyən prosesdir.

Nə də olsa, o, bundan sonrakı taleyini-statusunu müəyyən etdi: Müsavatın prezidentliyə namizədi.

“Yeni başqan İsa Qəmbərin göstərişlərini həyata keçirdəcək”

Bu dörd il ərzində nələr edəcəyi də maraqlıdır. A. Hacılı müsahibəsində deyir ki, İ. Qəmbər partiyanın Məclis üzvüdür: “Eyni zamanda, Müsavat Partiyasından qurultay tərəfindən prezidentliyə namizəd irəli sürülmüş şəxs kimi ciddi statusa malikdir. İsa bəyin partiya strukturlarında hansısa vəzifə tutmaq niyyəti yoxdur”.


Q. Hüseynli isə fərqli düşünür. Onun fikrincə, yeni başqan İsa Qəmbərin rəhbərliyi altında işləyəcək və göstərişləri birbaşa onun özündən alacaq.


“Bu o deməkdir ki, yeni başqan daima İsa Qəmbərin rəhbərliyi altında fəaliyyət göstərəcək və onun göstərişlərinin həyata keçirdəcək”, -deyə sabiq müsavatçı vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm