İran səfiri: “Heydər Əliyev xatirələrində danışırdı ki...”
Bizi izləyin

Nida.az

İran səfiri: “Heydər Əliyev xatirələrində danışırdı ki...”

İran islam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Mayinin Axar.az-a ekskilizüv müsahibəsi

- Cənab səfir, təmsil etdiyiniz ölkə ilə Azərbaycan arasında siyasi və mədəni münasibətlər sizi qane edirmi?

- Bu gün İranla Azərbaycanın bütün müstəvilərdə münasibətləri özünün ən yaxşı səviyyəsindədir. Əslində son illərdə iki ölkə arasında əlaqələr heç vaxt bugünkü qədər yaxşı olmayıb. Münasibətlərin inkişaf etməsi üçün ölkə rəhbərlərinin siyasi iradəsi lazımdır. Əgər bu siyasi istək və iradə olmasa, əlaqələr təbii ki, genişlənə bilməz. Xoşbəxtlikdən, hər iki ölkə prezidenti əlaqələrin inkikafı üçün siyasi iradə ortaya qoyublar. Misal olaraq deyə bilərəm ki, cari ilin fevral ayında Davos şəhərində iki ölkə prezidentinin görüşünün ardından ölkələrimiz arasında yeni münasibətlərin özülü qoyuldu. İki ay sonra Cənab İlham Əliyevin İrana səfəri baş tutdu. İlham Əliyevin İran İslam Respublikasının ali lideri Ayətullah Xamneyi, eləcə də ölkəmizin Prezidenti cənab Həsən Ruhaniylə çox yaxşı görüşləri keçirildi. Bu səfərdə əməkdaşlıga dair 4 müqavilə və sənəd imzalandı. Səfər zamanı az bir müddətdə yüksək iqtisadi komissiyanın doqquzuncu iclasının keçirilməsi barədə qərar qəbul olundu. Azərbaycandan İqtisadiyyat və Sənaye naziri cənab Şahin Mustafayev iqtisadi komissiyanın sədri, İran tərəfindən isə Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Vaizi məsul oldu.

Beləliklə, ölkələrimiz arasında ticari əlaqələrin genişlənməsi üçün növbəti maneələr aradan qaldırıldı. Hazırda bu iş daha da intensiv hal alıb. Azərbaycan İran vətəndaşlarının Naxçıvana səfər etməsi üçün vizanı sərhəddəcə almağa şərait yaratdı. Ümid edirik ki, belə bir şərait İran vətəndaşları üçün Astara və Biləsuvar keçid məntəqəsində də olacaq.

Ölkələrimiz arasında ticari əlaqələrin genişlənməsində gömrük məsələləri mühüm rol oynayır. Bu istiqamətdə də bəzi maneələrin aradan qaldırılması üçün İranın gömrük komitəsinin sədri Kəlbayi Hüseyin Bakıya səfər edib. Bu istiqamətdə müzakirələr aparılacaq. Gələn həftə isə İranın Radio-televiziya şirkətinin rəhbəri Bakıya səfər edəcək. Bu da hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi üçün yeni bir pəncərə açacaq.

Mədəni sahədə də çox yaxı əlaqələr mövcuddur. Gələn il İranda Azərbaycan mədəniyyət günləri keçiriləcək. Yaxın günlərdə İran Prezidentinin müvini və ailə qadın məsələləri üzrə naziri xanım Mollaverdi Azərbaycan Respublikasının ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsinin sədri xanım Hicran Hüseynovanın dəvət ilə Bakıya səfər edəcək. Bütün bunlar onu göstərir ki, iki ölkə münasibətləri inkişaf etməkdədir və bu məni sevindirir.

- Mədəni əlaqələrdən söz düşmüşkən: İran və Azərbaycan muğamları arasında fərq var – ifa, üslub və s. baxımından. Cənab səfir Azərbaycan musiqisi, muğamı ilə tanışdırmı?

- Azərbaycan musiqisi, muğamı ilə həm tanışam, həm də sevirəm. Ona görə ki, bu musiqi bizim öz musiqimizdir. Axı biz minilliklər boyu, hələ islamdan da öncə bir yerdə yaşamışıq, ortaq mədəniyyətimiz var. Biz yalnız iki yüz ildir bir birimizdən ayrıyıq - o da Çar Rusiyası və Sovet imperiyasının məqsədyönlü siyasəti nəticəsində. Amma bizim qəlblərimizdə, musiqimizdə, sevgimizdə dəyişən bir şey yoxdur. Sadəcə dəyişən coğrafiyamızdır.

Musiqi, poeziya isə ümumiyyətlə sərhəd tanımır. Xaqani Şirvani sizin şairinizdir, amma görün onların nə qədər farsca şerləri var. Ona görə ki, biz bir-birimizə bu qədər yaxın olmuşuq. Musiqi sahəsində də belədir. İranda Rəşid Behbudovu çox sevirlər, ona hörmət edirlər. Mərhum Heydər Əliyev xatirələrində danışır ki, mən Abbas Səlimini Naxçıvana dəvət elədim. O, çox soyuq hava olmasına baxmayaraq, açıq havada elə oxudu ki, hər kəs soyuğu unutdu və elə bildilər ki, hava istidir.

Alim Qasımovu, Habil Əliyevi, Ramiz Quliyevi İranda hamı tanıyır və sevir. Tar da, kamança da bizim müştərək musiqi alətlərimizdir.

Heç kəs bizim mədəniyyətimizin bu yaxınlığını inkar edə, bizi bir birimizdən ayıra bilməz. Çar Rusiyası, Sovet İmperiyası zamanında bizi bir birimizdən ayırmağa çalışsalar da, buna nail ola bilmədilər. Sovet dövründə siz Novruz bayramını qorudunuz, saxladınız. Biz iki millət olaraq bir birimizin dilinə hörmət edirik. Məsələn, Nizami Gəncəvinin yaradıcılığı olmadan fars dili heç tanınmaz.

- Cənab səfir, klassiklərimizdən - Xəqanidən, Nizamidən bəhs etdiniz. Ümumiyyətlə bizim ədəbiyyatımızla nə qədər tanışsınız? Hansı şairlərimizi sevirsiz, oxuyursuz?

- Məhəmməd Fizulini çox sevirəm. Amma Nizami Gəncəvi hər iki ölkənin mədəni mirasıdır. O, Gəncədə yaşayıb, yazıb yaradıb, burada da dəfn edilib. Fars dilində yazdığına görə o bizim də mədəni irsimizdir. Biz ölkə olaraq onu sevirik. Məhəmməd Hüseyn Şəhriyarı insanlığı, şairliyi, bütün gözəllikləriylə sevirik. İran xalqı onun aşiqidir. O, çox böyük şəxsiyyətdir. Vətənpərvər şair idi. Şah dövründə yaşayan ziyalılar inqilaba müxalif olub İrandan getdilər. Şəhriyar isə heç yerə getmədi. İran xalqını dəstəklədi. Azərbaycanda da Şəhriyarı bütün varlıqları ilə sevirlər.

- Şəxsi həyatınızı da bir az tanıdardınız: övladlarınız hansı sahədə çalışır?

- Üç övladım var. Böyük övladım qızdır, evlidir. Bir qız nəvəm var. Biri də bu yaxınlarda dünyaya gələcək. İki oğlum isə subaydır. Böyük oğlumun iyirmi yeddi yaşı var, İranda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. İkinci oğlum iyirmi üç yaşındadır, magistraturada oxuyur. Qızım və kiçik oğlum ingilis dili tərcüməçisidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm