Elmar Məmmədyarov AŞPA-da çıxış etdi – Tam mətn
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov AŞPA-da çıxış etdi – Tam mətn

“2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr olaraq keçib gedəcək. Ötən iyul ayı bir çox dünya siyasi liderləri kimi, mən də Nazirlər Komitəsinin adından Malayziya hava yollarının təyyarəsinin Ukraynanın şərqində qəzasıı ilə əlaqədar dərin hiddətimi bildirdim”.

Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışında deyib.

Azərbaycan XİN rəhbərinin tam çıxışını təqdim edirik.

"Xanım sədr, Cənab Baş katib, Parlament Assambleyasının hörmətli üzvləri,

Xanımlar və cənablar.

Nazirlər Komitəsinin sədri qismində hörmətli Assambleya qarşısında bir daha çıxış etməkdən böyük məmnunluq duyuram. Mən Assambleyanın iyun ayındakı sonuncu sessiyasından sonra Nazirlər Komitəsinin əldə etdiyi və təfərrüatları ilə təqdim olunan fəaliyyət hesabatında tanış ola biləcəyiniz bütün uğurları xüsusilə qeyd etməyəcəyəm.

Bunun əvəzinə, mən hal-hazırda Avropada baş verən böhrana və sədrliyimizin prioritet istiqamətlərinə diqqət yetirəcəyəm. 2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr olaraq keçib gedəcək. Ötən iyul ayı bir çox dünya siyasi liderləri kimi, mən də Nazirlər Komitəsinin adından Malayziya hava yollarının təyyarəsinin Ukraynanın şərqində qəzasıı ilə əlaqədar dərin hiddətimi bildirdim.

Xanım Prezident, Sizin kimi mən də bu fəlakətin dəqiq səbəblərinin tez bir zamanda müəyyən edilməsi üçün bütün tərəfləri müstəqil araşdırma aparmağa qətiyyətlə çağırdım. Müstəqil ekspertlər ilkin nəticələrini təqdim etdilər və mən onların bu fəlakətin təfərrüatlarını tam şəkildə aydınlaşdıracaqlarına ümid edirəm. Təhqiqatı davam etdirmələri üçün onlar dərhal fəlakət zonasına təhlükəsiz və məhdudiyyətsiz çıxışla təmin edilməlidirlər.

Dünən sizin cari vəziyyətə dair müzakirələrinizdən də göründüyü kimi, Ukraynadakı vəziyyət Avropa Şurasının bütün qurumlarını hələ də narahat etməkdədir. Nazir müavinləri də keçirdikləri iclaslarda Ukraynadakı münaqişəni müzakirə etmişdirlər. Bununla əlaqədar olaraq, onlar sentyabr ayının əvvəlində növbədənkənar iclas keçirmiş və bu iclas zamanı Baş katib yayın sonunda Ukrayna və Rusiya Federasiyasına səfərləri barədə məlumat vermişdir. Bu yaxınlarda nazir müavinləri insan hüquqları üzrə komissar cənab Muiznieks ilə də onun Krıma səfərindən sonra fikir mübadiləsi aparmışdırlar.

Həmin fikir mübadilələrinin nəticəsində Nazirlər Komitəsi Ukraynadakı vəziyyətə dair bir sıra əhəmiyyətli qərarlar qəbul etmişdir. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli, Dövlətlərin ərazi bütövlüyünə hörmətin zəruriliyi kimi bir sıra fundamental prinsiplərinin bir daha təsdiq edilməsinə yönəlmişdir. Onlar həmçinin münaqişənin dinc yolla və davamlı həllinin zəruriliyini təşviq etmək məqsədi daşıyır. Bununla əlaqədar olaraq, nazir müavinləri 2014-cü ilin sentyabr ayının 5-də Minsk şəhərində imzalanan protokolu dəstəkləyərək bütün tərəfləri orada qeyd edilən on iki prinsipə hörmət və ciddi riayət etməyə çağırdılar.

Nazirlər Komitəsi həmçinin bu böhranın həllinə nail olmaq məqsədilə siyasi dəstəyi təmin etməyi nəzərdən keçirmişdir: bu, Baş katibə islahatlarını həyata keçirmək və xüsusilə 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərinə hazırlıq zamanı Ukraynanın dövlət qurumlarını dəstəkləməyi davam etdirmək üçün aydın təlimatı təmin etmişdir. Ukraynanın ərazisində beynəlxalq standartlara cavab verən azad və ədalətli parlament seçkilərinin keçirilməsi bu ölkənin demokratik prosesin gücləndirilməsi üçün gördüyü işlərdə və münaqişənin həllində əhəmiyyətli addım olacaqdır. Mən Assambleyanın müşahidəçi qrupu göndərmək və bununla seçkilərin sakit keçməsinə töhfə vermək qərarından dolayı məmnunluq duyuram.

Humanitar sahədə Nazirlər Komitəsi, Baş katib Avropa Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Ukraynadakı hərbi əməliyyatların nəticəsində insan haqlarının pozulmasının qarşısının alınması və humanitar ehtiyacların qarşılanmasının hansı şəkildə həyata keçirilməsini nəzərdən keçirməyə sövq etdi.

O, Krımda yaşayan insanların, o cümlədən tatarların İnsan Haqları üzrə Avropa Konvensiyası çərçivəsində onlar üçün təmin edilən müdafiədən tam şəkildə yararlandıqlarını xüsusilə vurğuladı.

Nazirlər Komitəsi Ukraynadakı hadisələri yaxından müşahidə etməyə davam edəcəkdir. Bir neçə həftədən sonra, daha dəqiq desək noyabr ayının 13-də biz Nazirlər Komitəsinin sədrliyini Belçikaya ötürəcəyik, lakin o vaxta qədər prioritetlərimizi həyata keçirməyə davam edəcəyik. Bununla əlaqədar olaraq, ötən iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir.

Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir. 18 sentyabr tarixində, İsveçrənin Macolin şəhərində keçirilmiş Avropa Şurasının İdman nazirlərinin 13-cü konfransında mənim ölkəm də daxil olmaqla, ən azı 15 üzv dövlətin Konvensiyanı imzalamasından xüsusi məmnunluq duyuram.

Həm üzv, həm də qeyri-üzv dövlətlər tərəfindən imzalanmağa açıq olan Konvensiyanın tez bir zamanda qüvvəyə minməsi üçün zəruri olan ratifikasiya saylarının təmin ediləcəyinə ümid edirəm. Biz Konvensiyanın, bu əhəmiyyətli hüquqi çərçivənin qəbuluna davamlı dəstəyimizin başlıca səbəblərindən biri olan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istərdik. Bakının 2020-ci il Avropa futbol oyunlarının keçiriləcəyi şəhərlərdən biri seçilməsi bizi sədrlik müddətimizdən sonra da bu Konvensiyanın təşviqini davam etdirməyə ruhlandıracaqdır.

Bu xüsusi sədrlik dövründə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə birlikdə 30 iyun – 1 iyul 2014-cü il tarixlərində Bakıda korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar və milli təcrübəyə həsr olunmuş konfrans təşkil olunmuşdur. Üç plenar iclas antikorrupsiya qanunvericiliyinin həyata keçirilməsi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu, təhsil vasitəsilə korrupsiya ilə mübarizə, korrupsiyaya qarşı preventiv tədbirlər, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə, ixtisaslaşmış antikorrupsiya agentlikləri arasında beynəlxalq əməkdaşlıq, korrupsiya ilə bağlı cinayətlərin təhqiqatı zamanı cinayət prosesi iştirakçılarının mühafizəsi kimi müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmasına şərait yaratmışdır. İştirakçılar ayrı-ayrı dövlətlərin uğurları və üzləşdikləri problemləri ilə tanış olmaq imkanı əldə etdilər.

Bu xüsusi tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığın səmərəliliyi təsdiqləndi və konfrans korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının IACA ilə qarşılıqlı fəaliyyətinin yaxşı nümunəsi kimi göstərilə bilər.

IACA-nın üçüncü sessiyasını gələn ay Bakıda keçirməyə dair qərarı bu uğurlu sədrliyin məntiqi nəticəsidir. Azərbaycanın sədrlik gündəliyi çərçivəsində təşkil etdiyi digər əhəmiyyətli tədbir ötən həftə Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans oldu. Qeyd edilməlidir ki, bu mövzu Avropa Şurası tərəfindən ilk dəfə olaraq gündəmə gətirilirdi. Tədbir iştirakçılara ayrı-ayrı ölkələrin uğurlu modellərinin, eləcə də, aprel ayında Azərbaycana səfəri zamanı Baş katib Jaqland tərəfindən bir çox Avropa dövlətlərinin faydalana biləcəyi unikal model kimi yüksək qiymətləndirilən Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) işi ilə tanış olmaq imkanı verdi. Müzakirələr zamanı ortaya çıxan vacib məqamlardan biri də Azərbaycan tərəfinin qabaqcıl təcrübələrin mübadilə edilməsi məqsədilə dövlət xidmətlərinin göstərilməsini həyata keçirən agentliklərin beynəlxalq birliyinin təsis edilməsi təklifi oldu. Biz bu təklifə müvafiq qaydada baxılacağına ümid edirik.

Qarşılıqlı hörmət və anlaşmaya əsaslanan müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlərin bir araya gətirilməsinin də daxil olduğu sədrlik prioritetləri çərçivəsində, Avropa mədəniyyət nazirlərinin 2013-cü ildə Moskvada keçirilən 10-cu konfransının davamı olaraq 2014-cü ilin iyul ayının əvvəllərində Bakıda “Rəqəmsal mədəniyyət və İnsanların rolunun gücləndirilməsi üçün əlverişli mühitin yaradılması” adlı Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsi təşkil edildi. Müzakirələr zamanı rəqəmsallaşmanın mədəniyyətə təsiri, rəqəmsal əsrə keçid, mədəniyyət sahəsi və onun fəallarının ehtiyacları, mədəniyyət sahəsinə dair materialların əldə edilməsi, hazırlanması və yayılması, vətəndaşların rolunun gücləndirilməsi və rəqəmsal mədəniyyət üçün mühitin yaradılması kimi məsələlərə xüsusi diqqət ayrılmışdır. Qeyd etmək lazımdır ki, Platforma görüşü gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsində ümumi standartların və mexanizmlərin layihəsinin hazırlanması üçün uyğun forum kimi Avropa Şurasının potensial yeri və rolunu vurğulamışdır. Bu kontekstdə tezliklə müvafiq təlimatlar işlənib hazırlanacaqdır.

Sədrliyimizin prioritetləri çərçivəsində Bakıda 2014-cü ilin sentyabr ayında Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektlərinin mübadiləsi mövzusunda növbəti əhəmiyyətli tədbir təşkil edilmişdir. Parlament Assambleyası da mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsində assambleyanın rolunu vurğulamaqla tədbirin işinə öz töhfəsini vermişdir. “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasındakı əlaqə” mövzusunda fikir mübadiləsi zəngin və fəal müzakirələrə səbəb olmuşdur. İştirakçılar ayrı-seçkilik və dözümsüzlüklə mübarizədə dinlər və qeyri-dini etiqadların rolunu xüsusi vurğulamışlar. Xalqların milli kimliyinin və dinc şəkildə birgə yaşayışın ayrılmaz parçası olan mədəni və dini irsin qorunub saxlanmasına ciddi vurğu edilmişdir. Fikrimizcə, Bakıda keçirilmiş Mübadilənin son nəşri bu platformanın vacibliyini dəyərli bir Forum olduğuna dəlalət edir və mübadilələrin gələcək perspektivləri ilə bağlı təkliflərin ortaya çıxmasına şərait yaradır. Nazirlər Komitəsi qarşıdan gələn həftələrdə 2014-ün nəticələrinə nəzər yetirəcəkdir.Assambleyanın dəyərli iştirakçılarına bugün Bakıda öz işinə başlayan Bakı Humanitar Forumunun 4-cü Sessiyası adlı daha bir mötəbər tədbir haqda məlumat vermək istərdim. Bu Forum siyasi, elmi və mədəni xadimlərin, habelə keçmiş dövlət başçılarının, elmin müxtəlif sahələrində Nobel mükafatına layiq görülmüş alimlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən illik toplantıdır. Bu ilki Forumda çoxmədəniyyətliliyin fəlsəfəsi, milli özünüdərk və mədəni çoxşaxəliliyin tətbiqi konsepsiyalarının siyasi və hüquqi aspektləri, müxtəlif mədəniyyətlərin dözümlülüklə birgə mövcudluğu və bir sıra digər aktual məsələlər müzakirə olunacaqdır. Bu tədbir Azərbaycanın sədrliyi ilə keçirilən tədbirlər siyahısına daxil edilməsə də, sədrliyimizin prioritetlərindən olan mədəni cəhətdən müxtəlif cəmiyyətlərdə həmrəyliyə öz töhfəsini mütləq verəcəkdir. İyun ayında bu tribunada verdiyim bəyanatda sizləri ölkəmin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumuna ev sahibliyi etmək niyyəti barədə məlumat vermişdir. Sonuncu sessiyadan sonra keçən vaxt ərzindəbu istiqamətdə xeyli işlər görülmüşdür. Bir neçə gün öncə, BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Sivilizasiyalar Alyansı bu məsələ ilə bağlı rəsmi qərar qəbul etmişdir. Bundan başqa, konkret layihələr vasitəsilə müxtəlif mədəniyyətlər arasında anlaşma, dialoq və uzlaşmanı təşviq etmək məqsədilə Alyansın Bali sessiyası zamanı Azərbaycan Hökuməti və BMT Sivilizasiyalar Alyansı arasında “Birgə addımlara dair Fəaliyyət Planı” imzalanmışdır. Bu fəaliyyət planının icrası hökumətimizin ciddi qlobal çağırışların həlli istiqamətində praktik yanaşmaya təvazökar töhfəsi olacaqdır.

Sədrlik prioritetlərimiz çərçivəsində sosial həmrəylik mövzusunda 10-11 sentyabr tarixlərində Bakı şəhərində Avropa Şurasının İctimai Birlik Strategiyası və Fəaliyyət Planına baxış məqsədilə konfrans təşkil edilmişdir. Bu konfrans 2010-cu ildə sözügedən sənədlərin qəbulundan bu günə qədərki inkişaf yolunu nəzərdən keçirmək üçün əlverişli imkan yaratmışdır. Bu tədbir, eyni zamanda, iqtisadi böhran zamanında sosial həmrəylik və Avropa sosial modeli, Avropa cəmiyyətlərində çoxşaxəlilik, ədalətli cəmiyyətlərdə hazırkı və gələcək problemlər kimi mövzuların müzakirəsi üçün platforma rolunu oynamışdır. Sonuncu dəfə möhtərəm Assambleyanı Azərbaycan Hökumətinin Avropa Şurasının sosial həmrəyliyə məsul nazirlərinin konfransına Bakıda ev sahiblik etmək niyyəti barədə məlumatlandırmaq imkanı əldə etmişdim. Nazirlər Komitəsinin bununla bağlı tezliklə müsbət rəsmi qərar qəbul edəcəyinə ümid edirəm.

Azərbaycan özünün növbəti sədrlik prioritetləri çərçivəsində gənclərin təhsilinə və mühafizəsinə də diqqət ayırır. Avropa Şurasının 2010-cu ildə başlatdığı azyaşlılara qarşı cinsi zorakılılıqla mübarizə kampaniyası təqdirəlayiq uğurlar əldə etmişdir. Uşaq hüquqlarının ən pis pozulma hallarından biri ilə effektiv mübarizə vasitəsi olan bu təşəbbüs yüksək qiymətləndirilir. Bununla əlaqədar, “One in Five” kampaniyasının 2015-ci ilin sonuna kimi uzadılması ilə bağlı nazir müavinlərinin ötən iyul ayında qərar qəbul etmişlər. Uşaqların fiziki və psixoloji bütövlüyünü qorumaq üçün, gənclərlə bağlı səylər daha da artırılmalıdır, ələlxüsus onlar qərar qəbuletmə prosesinə daha çox cəlb olunmalıdırlar. Məmnunluqla bildirirəm ki, 3-5 noyabr tarixlərində Strasburqda keçiriləcək Demokratiya üçün Dünya Forumunda yeni texnologiyalar da daxil olmaqla, gənclərin bu günün demokratik arenaları ilə bağlı fikirlərinin bildirilməsinə cəlb edilməsi yolları müzakirə ediləcəkdir. Bu ilki forumun adə “İştirakdan təsirə: Gənclər demokratiyanı canlandıra bilərlərmi?” mövzusudur. İcazə verin, Avropa Şurasının institusional dəstəyi ilə oktyabr ayının sonunda Bakıda bu xüsusda gənclər siyasəti ilə bağlı BMT Qlobal Forumuna Azərbaycanın ev sahibliyi edəcəyini xatırladım.

Xanımlar və cənablar, Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinin inkişaf etdirilməsi Nazirlər Komitəsinin gündəliyində qalır və bizim sədrliyimizin əsas prioritetlərindən biridir. Materiklərin kəsişməsində yerləşən və Avropa qitəsinin ayrılmaz qonşuluğundakı ölkələrlə tarixi əlaqələrə malik olan Azərbaycanın 2014-cü il 7-8 noyabr tarixlərində qonşuluq siyasəti üzrə Bakıda keçiriləcək yüksək səviyyəli konfransa ev sahibliyi etmək təşəbbüsü əsaslı olaraq müsbət qarşılanmışdır. Konfransın məqsədi bu siyasətin gələcək istiqamətinin çalarlarının necə olduğunu müəyyən edilməsi ilə bağlı fikir mübadiləsinin və siyasi dialoqun gücləndirilməsi istiqamətində təşkilatımızın qonşu regionlardakı bir sıra ölkələrlə dialoq və əməkdaşlığın təşviq edilməsi, habelə əlaqələrin dərinləşdirilməsi istiqamətində gördüyü işləri qiymətləndirmək üçün faydalı platforma rolunu oynamaqdır. Assambleyanın bizim sədrliyimiz ilə keçiriləcək bu böyük tədbirdə iştirak edəcəyinə və ona töhfə verə biləcəyinə ümid edirəm. Bu xüsusda Nazirlər Komitəsinin Tunisin xahişini təmin edərək onu Şimal-Cənub Mərkəzi kimi tanınan Qlobal Qarşılıqlı Asılılıq və Həmrəylik üzrə Avropa Mərkəzinə qoşulmağa dəvət etməsini yüksək qiymətləndirirəm. Aralıq dənizinin cənub sahilində və ya Mərkəzi Asiyada olmasından asılı olmayaraq, Avropa Şurası ilə qonşu dövlətlər arasındakı əməkdaşlıq daimi olaraq güclənməkdədir. “Demokratiya statusu üzrə tərəfdaş”ın əsasını qoyan Assambleya yəqin ki, bu prosesləri məmnunluqla müşahidə edir. Öz növbəsində, Nazirlər Komitəsi 2015-2017-ci illər dövrü üzrə qonşuluq siyasətinin tətbiq olunduğu bir sıra dövlətlər ilə daha da gücləndirilmiş tərəfdaşlıq razılaşmalarını nəzərdən keçirir. Hər şey qaydasında olduğu təqdirdə, assambleya ilin sonunda başa çatdırılacaq bu işin nəticəsi barədə məlumatlandırılacaqdır. Sədrliyimizin başlanğıcında da qeyd etdiyimiz kimi Azərbaycan BMT və regional təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın gücləndirilməsini daima dəstəkləmişdir. Bu baxımdan biz BMT-nin Baş Assambleyası tərəfindən konsensusla qəbul ediləcəyini gözlədiyimiz BMT ilə Avropa Şurası arasında əməkdaşlığa dair ənənəvi qətnamənin əhəmiyyətini və aktuallığını qeyd etmək istərdik. Azərbaycan Nazirlər Komitəsinin hal-hazırkı sədri qismində bu qətnamənin layihəsi üzrə danışıqların aparılmasında iştirak etməkdən məmnunluq duyardı.

ATƏT-ə gəldikdə isə, iki təşkilat arasında terrorizmə və insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq 31 oktyabr tarixində Vyanada keçiriləcək əlaqələndirmə qrupunun növbəti görüşünün gündəliyinə daxil edilmişdir.

Xanımlar və cənablar, bir neçə dəqiqədən sonra mən sizin suallarınıza cavab verməyə şad olacağam, lakin ilk öncə mən Nazirlər Komitəsinin sədri kimi sizə sonuncu dəfə müraciət etməyimlə əlaqədar olaraq təşkilatımızın işində bu qədər yaxından cəlb edilməkdən böyük şərəf hissi keçirdiyimi nəzərinizə çatdırmaq istəyirəm. Avropa Şurasının demokratiya və insan hüquqları məsələsində bizim ölkələrimizin hamısına kömək etmək kimi missiyası vardır. Bu işin başa çatdırılmasının Assambleya ilə Komitənin sıx əməkdaşlıq çərçivəsində işlərini davam etdirəcəklərinə əminliyimi bildirmək istəyirəm. Sədrliyimiz dövründə göstərdiyiniz dəstəyə görə sizlərə minnətdarlığımı bildirmək istərdim. Həmçinin, baş katibə onun səylərinə və iştirakına görə təşəkkürümü bildirmək istərdim. Cənab baş katibin, iyun ayında assambleyanın böyük əksəriyyəti tərəfindən seçilməsindən sonra o Nazirlər Komitəsində and içdi. Biz onun ikinci dəfə sədrliyiniz dövrü ərzində Avropa Şurasının əhəmiyyətinin və səmərəliliyinin artırılmasına dair strateji baxışlarını alqışlayırıq. Əminəm ki, o növbəti beş il ərzində ona həvalə olunacaq çoxsaylı və çətin vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəkdir. Son olaraq sizi əmin etmək istərdim ki, biz gələn ay sədrliyimizin başa çatmasından sonra da hər üç ölkənin ortaq prioritetlərinin icrası istiqamətində Belçikaya, Bosniya və Herseqovinaya dəstəyimizi nümayiş etdirəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm