“100-200 nəfərlik bir piket olacaq” - Milli Şuranın mitinqinə qiymət verdilər
Bizi izləyin

Nida.az

“100-200 nəfərlik bir piket olacaq” - Milli Şuranın mitinqinə qiymət verdilər

Milli Şura oktyabrın 12-nə mitinq təyin edib. Qurumun Koordinasiya Şurasının qərarına görə, mitinq təyin olunan vaxt saat 15:00-da Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək. Mitinqin şüarı insan haqları və həbs olunan QHT rəhbərlərinin azad olunmasıdır. Artıq sosial şəbəkələrdə mitinqin təbliğatı geniş şəkildə aparılır.

Lakin diqqət çəkən mitinqin hansı dərəcədə kütləvi olmasıdır. Belə ki, ötən il prezident seçkiləri öncəsi və sonrası Milli Şura daha geniş tərkibli qurum kimi keçirdiyi mitinqlərə maksimum 2-3 min insan toplaya bilirdi. Artıq qurumdan Müsavat, AzDP, ALP və bir çox təşkilatlar ayrılıb. KXCP də faktiki olaraq qurumdakı fəaliyyətini dayandırıb. Beləliklə, Milli Şuranın təkcə AXCP-dən ibarət olduğunu demək mümkündür.


Publika.az Milli Şuranın mitinqi ilə bağlı siyasi partiyaların mövqeyini öyrənib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Milli Şura gündəmə gəlmək üçün belə qərarlar qəbul edir: “Halbuki, özləri də yaxşı bilirlər ki, 3-5 adamlıq mitinqlə heç nə edə bilməzlər. Milli Şura heç bir fəaliyyəti olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən ölü bir qurumdur. Hazırda bu təşkilatın bircə adı qalıb, üzvləri hər keçən gün buranı tərk edir. Onlar kiminlə mitinq edəcəklər? Bir Cəmil Həsənlidir, o da özü çıxıb danışacaq”.


S. Novruzov Milli Şuranın seçki vaxtı keçirdiyi mitinqləri xatırladaraq deyib ki, onda guya bu qurum güclü vaxtları idi.

“Guya bir neçə təşkilatı özündə birləşdirən müxalifətin əsas mərkəzi idi. Amma mitinqlərdə onların nəyə qadir olduğunu hər kəs gördü. 15-20 təşkilatın birgə mitinqində iştirakçıların sayı 500 nəfəri keçmirdi. İndi nə qədər adam qatılacaq? Maksimum 50 nəfərlik piket keçirdə bilərlər. Azərbaycanda mitinq əhvali-ruhiyyəsi yoxdur. Bu gün heç kim öz dəyərli vaxtını belə boş mitinqlərə sərf etməz. Çünki insanlar kimin kim olduğunu yaxşı bilir, bu hökuməti də, bu iqtidarı da tanıyır. Bunu mitinq keçirmək istəyənlər də yaxşı bilirlər. Amma onların məqsədi mitinq keçirdib nəsə demək yox, sadəcə xarici sifarişləri yerinə yetirməkdir. Yaxud da xaricə “biz də varıq” deyə özlərini göstərirlər”, - deyə YAP rəsmisi qeyd edib.

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu hesab edir ki, bu gün mitinqlərlə heç nəyə nail olmaq mümkün deyil.

“Biz bu məsələni partiyada müzakirə etmişik və iştirak etməmək qərarını vermişik. Amma partiya üzvlərimizin konstitusion hüququnu tanıyaraq onlara iştirak edib-etməməklə bağlı qadağa qoya bilmərik”, -deyə partiya sədri bildirib.

Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı partiyada mitinqdə iştirak etməklə bağlı qərarın müzakirə olunmadığını deyib.


KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, partiyanın mitinqdə iştirakı gündəmdə deyil.

“KXCP-dən hələ də Milli Şurada olan üzvlər var. Lakin mitinq qərarı veriləndə bizə xəbər edilməyib. Biz mətbuatdan xəbər tutmuşuq. Buna görə də qərarını vermədiyimiz mitinqdə iştirak edib-etməməyimiz partiyanın İdarə Heyətində müzakirə olunacaq. Orda qərar veriləcək”, -deyə KXCP rəsmisi qeyd edib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə belə mitinqdə iştirak etməyi heç kimə məsləhət bilmir. Onun sözlərinə görə, Milli Şura fəaliyyəti olmayan kiçik bir qurumdur: “Onların mitinq müraciətində deyilir ki, siz “Məhsul” stadionunda əzəmətli, möhtəşəm mitinqlər keçirmisiniz. Halbuki, bu belə olmayıb. Başdan-ayağa şişirtmədir. Hələ Milli Şura tam olduğu vaxtlarda kütləvi mitinq keçirdə bilmirdi. İndi necə edəcəklər? Yəqin 100-200 nəfərlik bir piket olacaq”.


Partiya sədri qeyd edib ki, bütün müxalifətin tərkib hissəsi kimi Milli Şura da xalq arasında etibarını itirib.

“Ötən seçkilərdə onlar fiaskoya uğradılar. Məhz buna görə də, mitinq Milli Şura üçün arzuolunmaz nəticələrə səbəb olacaq”, - deyə T. Kərimli bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm