Müsavatda daha bir qalmaqal – İstefalar başladı – FOTOLAR
Bizi izləyin

Nida.az

Müsavatda daha bir qalmaqal – İstefalar başladı – FOTOLAR

“Gənclər klubu” ictimai birliyinin həmtəsisçisi Zaur Əkbər üzv olduğu Müsavat Partiyasından istefa verib.


Publika.az xəbər verir ki, Z. Əkbər istefa bəyanatında bu addımını müstəqil şəkildə fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb.


“Düz on ildir ki, Müsavat Partiyasının üzvüyəm. Bir neçə il müddətində Müsavat Gənclər Təşkilatının təbliğat məsələləri üzrə sədr müavini olmuşam. Bu müddət ərzində hər zaman üzərimə düşən işi çox ləyaqətlə yerinə yetirmişəm. Partiyada aktiv olduğum dövrlərdə heç bir qrupun və ya tərəfin adamı olmamışam. Hər zaman Azərbaycanımızın banisi olan Məhəmməd Əmin Rəsulzadənin ideya və dəyərlərinin daşıyıcısı olmuşam və bu istiqamətdəki mübarizəm indi də davam edir, bundan sonra da davam edəcək! 2007-ci ildən isə müstəqil olaraq ictimai-siyasi fəaliyyətə üstünlük vermişəm. Amma bununla yanaşı, Müsavat Partiyasında sıravi üzv kimi qalmışam. Hazırda isə özümün gələcək ictimai-siyasi fəaliyyətimi, planlarımı daha çox müstəqil şəkildə həyata keçirəcəyimi və bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyimi, genişləndirəcəyimi nəzərə alaraq bu gündən Müsavat Partiyası sıralarından istefa verirəm. Partiyaya isə gələcək işlərində uğurlar arzulayıram”, - deyə istefa bəyanatında bildirilir.


Lakin onun istefası partiyada birmənalı qarşılanmayıb.

Müsavat funksioneri Səxavət Soltanlı Z. Əkbərin istefasını gülməli adlandırıb.

“Zaur Əkbərin “Gənclər Klubu”nu elan etdiyi vaxt Müsavatdan 1 dəfə istefa verdiyini dəqiq mən bilirəm. Şəxsən mənə bildirmişdi. Sonra neçə dəfə istefa verdiyini dəqiq bilmirəm. Bunu da indi ona görə yazıram ki, bir də istefa vermək arzusuna düşməsin. İndi bu şou nəyə lazımdır, kimə lazımdır? Xatırlayırsızsa, 2013-cü il seçkiləri zamanı Müsavat Partiyasının da daxil olduğu Milli Şura prezident seçkilərində Cəmil Həsənlini dəstəklədiyi zaman Zaur bəy tamam başqa təşkilatda fərqli namizədi dəstəkləyirdi”, - deyə S. Soltanlı bildirib.


S. Soltanlıya cavab verən Zaur Əkbər isə bildirib ki, dünən Müsavatdan istefa verib, bunun qarın ağrısı bəzilərini hələ indi tutur: “Guya mən o vaxtı Müsavatdan bir dəfə istefa vermişəm. Burdan deyirəm. Məni tanıyan xeyli insan var. Yalan danışmağı sevmirəm. Söyüş söymək də əxlaqıma uyğun deyil. Məni tanıyan hər kəs bilir ki, mən 2007-ci ildə Müsavat Gənclər Təşkilatından istefa verərək müstəqil fəaliyyətə keçmişəm, Müsavat Partiyasından deyil. İndi isə bəzi yoldaşlar az qala üzümə dururlar ki, guya mən o vaxtı istefa vermişəm. Deyirəm nə işə düşmüşük? Bu adamlara bir tövsiyəm var. Gedin özünüzün tərcümeyi-halını bir daha nəzərdən keçirin. Görün siz kimlərəsə yol göstərməyə ya ağıl verməyə layiqsiniz ya yox?”

Onun bu açıqlamasında sonra məsələ sosial şəbəkələr müstəvisinə keçib və ciddi ittihamlarla müşahidə olunub.


Səxavət Soltanlı cavabında bildirib: “Hə bax indi tərbiyəni və məşğul olduğun sahəni göstərdin. Mən düşünürəm ki, sən iki eşşəyin arpasını bölə bilərsən. Bundan o yana işlər sənlik deyil. Zaur, tərbiyəsizliyini davam etdirsən öz dilində cavab alacaqsan, ilk tərbiyəsizliyini bağışlayıram uşaqlığına”.

Zaur Əkbər: Məndən bunu heç kim tələb edə bilməz və etməyib də. Başından yekə yalan danışırsan. Ümumiyyətlə, sənin bu yalanlarına baş qoşub mübahisə etmək sənin səviyyənə enmək deməkdir. Mənim hansı əxlaqa və səviyyəyə malik olduğumu hər kəs bilir. İki eşşəyin arpasını bölə bilməyənlər indi başqalarına yol göstərən olublar”.


Səxavət Soltanlı: “Zaur, ümumiyyətlə sənin nə zamansa ciddi söhbət etdiyini təxmin də etmirəm. Sadəcə, hər zaman qeyri-ciddi danışdığını deyirsənsə, mən bir söz demirəm. Xatırladım, “Diplomat” oteldə sizin nə isə tədbiriniz var idi, məni də ora dəvət etmişdin. Bilmirəm niyə. Yəqin, o zaman nə isə olmuşdu, məni ciddi qəbul etmişdin. Söhbət zamanı Klubun üzvləri səndən bunu tələb etdikləri üçün istefa verdiyini demişdin. Belə şeylərə görə yalan danışma, gələcəyin qabaqdadır. İndidən belə başlasan, yaxşı olmaz”.

“Bərəkallah! Səninlə mən heç vaxt ciddi söhbət etməmişəm cavan oğlan. Mən heç kimə partiyadan istefa verdiyimi deməmişəm. Ciddi adamların hamısı bilir ki, mən partiyada sıravi üzv kimi qalmışam. 2007-ci ildə Müsavat Gənclər Təşkilatından istefa vermişəm. Qaldı ki, prezident seçkilərinə. Bəli, Ərəstun Oruclunu dəstəkləmişəm. Sonra isə Ərəstun bəy də daxil olmaqla hamımız yalnız Cəmil Həsənlini dəstəkləmişik”, - deyə Zaur Əkbərin son cavabı belə olub.


Qeyd edək ki, bir neçə gün öncə hüquq müdafiəçisi Samir Kazımlı da Müsavatdan istefa verib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm