Nida.az
Azərbaycan İŞİD-ə qarşı müharibəyə başlaya bilərmi?- TƏHLİL
Artıq Kobanini ələ keçirən İŞİD-in Türkiyə sərhədi üçün təhlükəsi artıb. Türk silahlı qüvvələri sərhədlərin toxunulmazlığını qorumaq üçün hərəkətə keçib. Kobani ilə sərhəddə üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi boşaldılıb.
Sərhədlərə hər an İŞİD hücumu ola bilər. Azərbaycanın qardaş ölkəsi
və strateji müttəfiqi Türkiyənin ərazi bütövlüyü üçün təhlükə
yaranıb. Belə olan təqdirdə, Azərbaycan hansı addımı atacaq? Son
günlər sual olunan məsələlərdən biri də budur. Bakı İŞİD-ə qarşı
müharibəyə qoşulacaqmı?
Publika.az-ın apardığı təhlillər bu ehtimalın güclü olduğunu
təsdiqləyir.
Bakı və Ankara arasındakı hərbi müqavilə nə deyir?
Belə ki, Azərbaycan və Türkiyə arasındakı hərbi müqavilələrə görə,
rəsmi Bakı Ankaraya İŞİD təhlükəsinə qarşı hərbi yardım verə
bilər.
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin keçmiş
prezidenti Abdulla Gülün imzaladığı “Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında” Müqavilənin “Hərbi-siyasi və təhlükəsizlik
məsələləri” bölməsinin birinci maddəsində deyilir: “Tərəflər qonşu
və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının
təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq
edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün,
suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi
və ya təhlükə altında olduğu qənaətində olduqda, tərəflər bu təhdid
və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək
tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr
aparacaqlar”.
Yenə həmin müqavilənin ikinci maddəsində isə qarşılıqlı hərbi
yardım daha da konkretləşdirilir.
“Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən
silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT
Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv
özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və
qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları
çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə
bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa
gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan tərəflər
arasında razılaşdırılacaqdır”, -deyə qeyd edilir.
Daha sonra müqavilədə terrorçuluq və bu qəbildən digər hallara qarşı da birgə mübarizə önə çəkilir.
Bu müqavilədən çıxış edərək Azərbaycanın İŞİD-ə qarşı müharibədə
Türkiyənin yanında olacağı fikrini irəli sürmək mümkündür.
Türkiyəyə dəstək istisna edilmir
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət
vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında Türkiyəyə
dəstəyi istisna etməyib.
“İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji
müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək”, - deyə
komitə üzvü bildirib.
Lakin S. Novruzov qeyd edib ki, Türkiyə hələ ki İŞİD-ə qarşı
müharibəyə başlamayıb: “Baş nazirin koalisiya qüvvələri qarşısında
şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına
başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək.
Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa
gəlməyiblər”.
Faktiki olaraq Türkiyə sərhədləri türk ordusu tərəfindən qorunur və
ölkənin ərazi bütövlüyünə müdaxilənin olmaması Azərbaycanın da
İŞİD-ə qarşı müharibəyə başlamasını arxa plana keçirir.
Süleyman türbəsi: eksklava hücum Ankaranı hərəkətə
keçirəcək
Burda diqqətçəkən bir detal da var. Söhbət, zaman-zaman Ankara ilə
Dəməşq arasında böhrana səbəb olan Süleyman türbəsindən gedir. Bu
türbə Suriyanın Hələb şəhəri yaxınlığında yerləşir və eksklav ərazi
olaraq Türkiyə torpaqları hesab olunur. Bu türbə Türkiyə xüsusi
təyinatlıları tərəfindən qorunsa da, Suriyada möhkəmlənən İŞİD üçün
əsas hədəfdir.
Yəni Türkiyə ərazi bütövlüyü hər an pozula bilər ki, bu da müqaviləyə əsasən Azərbaycanın dəstək verməsini aktuallaşdırır. Təbii ki, Ankara bunu Bakıdan istəsə.
Hələ ki Abkara bunu istəmir. Milli Məclisin Beynəlxalq münasibət və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov buna
ehtiyac görmür.
“Bizdən dəstək istəməyiblər və düşünürəm ki, öz problemlərimiz özümüzə bəs edər”, - deyə komitə üzvü bildirib.
Kəşfiyyatçılar İŞİD-ə qarşı birləşə bilərlər
Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı
da Publika.az-a açıqlamasında Azərbaycanın İŞİD-ə qarşı müharibədə
Türkiyənin yanında olmağına ehtiyac görmür.
“İŞİD terrorunun Türkiyə sərhədinə dayanması bu ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. ABŞ-ın İŞİD-ə qarşı koalisiyasında iştirak etməkdə o qədər də həvəsli olmayan Türkiyə keçdiyimiz günlərdə Məclisdən ordusunun ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlar aparmasına icazə verən qanun qəbul etdi. Üfüqdə Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması ehtimalı yüksəkdir. Türkiyə ordusunun müasir vəziyyəti bu terror təşkilatına qarşı hər sahədə əməliyyat keçirməyə imkan verir. Bu barədə ciddi problemlərlə qarşılaşacağını zənn etmirəm. Azərbaycanın İŞİD-a qarşı hərbi əməliyyatlarda Türkiyə ilə ortaq hərəkət etməsi məsələsinə gəlincə, hələlik buna ehtiyac olmadığını düşünürəm. Azərbaycan və Türkiyənin İŞİD-ə qarşı əməkdaşlığı daha çox xüsusi xidmət orqanları arasında mümkündür. Azərbaycanın texnika və canlı qüvvə ilə bu əməliyyatlarda iştirak etməsi real deyil. Amma Türkiyə İŞİD-a qarşı hərbi əməliyyatlar zamanı hər hansı çətinliklə qarşılaşsa və Azərbaycandan yardım istəsə, əlbəttə, Azərbaycan buna müsbət cavab verə bilər”, - deyə mərkəzin sədri vurğulayıb.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!