Zahid Oruc: “Ermənistana bütün istiqamətlər üzrə həmlə etməliyik”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Ermənistana bütün istiqamətlər üzrə həmlə etməliyik”

“Cənab Prezidentin qeyd etdiyimi kimi, Qarabağ prosesləri Ermənistanın saxta dövlətçiliyini sarsıtmaqdadır. Ermənistan Ağdam cəbhəsi kimi növbəti sindromu yaşamaq istəməz. Hansı ki, məlumatlara görə, 30-dan artıq itki vermişdilər və Sərkisyan rejimi erməni xalqının qəzəbindən qorxaraq, ölənləri hər gün iki-iki təqdim etməklə ümumi prosesin tərkib hissəsi kimi göstərərək qurtuldu”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin iclasında Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışını dəyərləndirərkən deyib.


Millət vəkili qeyd edib ki, Yerevan rejimi cəbhədəki gərginlikdən siyasi xal qazanmaq və cəmiyyətdə hansısa gerçəkliyi ört-basdır etmək üçün istifadə edirdi: “Eyni zamanda, xalqın ağır şəraitini Ermənistanın iqtisadi gücünü Qarabağ məsələsinə yönəltməsi ilə əsaslandırırdı. İndi vəziyyət dəyişib. İndi Azərbaycana atılan hər güllənin əvəzi 10 qat çıxılır. Belə olan təqdirdə, Qarabağ cəbhəsində irəliləyişə nail olmaq, Azərbaycana təsirli zərbəyə əl atıb ondan Ermənistanın ictimai-siyasi həyatından faydalanmaq imkanları tükənir. Əksinə, cənab prezidentin qeyd etdiyi kimi təmas xəttində yaşanan hər bir gərginlik Ermənistandan köçə səbəb olur. Ermənistandakı vəziyyət 90-cı illərdə Azərbaycanda yaşanırdı. O zaman bizdə normal rəhbərlik və uğurlu siyasət olmadığından insanlar çıxış yolunu kənarda axtarırdı. İndi Azərbaycan güclənib və vəziyyət dəyişib. Lakin Ermənistan haqqında bunu demək olmur. Onların öz statistik məlumatlarına əsasən, ötən il 93 min insan ölkəni geri qayıtmamaq üçün tərk edib. Bu əmək resurslarının itirilməsi Ermənistanın gələcək həyatına, müdafiə qabiliyyətinə sarsıdıcı zərbədir”.


Lakin Z. Oruc düşünmür ki, Ermənistanın boşalması nəticəsində Azərbaycan bir güllə belə atmadan Qarabağa qovuşacaq. Onun fikrincə, məsələ bu qədər bəsit deyil: “Çünki burda kənar qüvvələr mövcuddur. Biz Rusiya ilə münasibətləri daha da yaxşılaşdırıb onların Ermənistanla strateji əlaqələrini sıfıra endirməliyik, eyni zamanda, Ermənistanın İrandan çıxış yolunu bağlamalıyıq. Beləliklə, Ermənistanın üzərinə bütün istiqamətlər üzrə həmlə etməliyik”, - deyə komitə üzvü vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm