"Təkcə Türkiyə deyil, digər müttəfiqlər yanımızda olacaq" - Zahid Oruc
Bizi izləyin

Nida.az

"Təkcə Türkiyə deyil, digər müttəfiqlər yanımızda olacaq" - Zahid Oruc

Azərbaycanın bu illər ərzində formalaşdırdığı dostluq münasibətləri onun daha çox müttəfiqlərlə silahlandığını göstərir. Lakin buna sentimental səviyyədən qiymət verməməliyik


Ermənistana qarşı Azərbaycan tərəfindən döyüşmək üçün Azərbaycan Silahlı Qüvvələrinə onlarla müraciətlərin olması xəbəri diqqətləri onsuz da son günlər gözümüzü çəkmədiyimiz cəbhəyə yönəltdi. Müraciətlərin əksəriyyəti Azərbaycan vətəndaşları tərəfindən edilib. Bu xəbər “müharibə başlayırmı?” həyəcanını yaşatdı. Cəbhədən gələn külək özü ilə müharibə qoxusunu gətirməsə də, “müharibə hər an qapımızı döyə bilər” ehtimalına aramızda kifayət qədər yer edib. Üstəlik belə bir müraciətlər “müharibə mümkündür” məsələsini dərinləşdirir. Lakin ən diqqət çəkən müraciət edənlər arasında türklərin də olmasıdır. Onlar “Türkiye Cümhuriyyeti vatandaşıyım. Ermenistanla çatışma, savaş duyumları aldım. Eğer doğruysa, gönüllü asker olarak gelmek istiyorum”, “Ermenistanla olası bir savaş hali var. Azerbaycan üçün ölmeye, öldürmeye hazırım, “İşğal altında bulunan Azerbaycan toprağı Karabağı tamamen tekrar geri kazanmamız için yüce Allahtan niyaz ederim. Yüce Allah sizlere yardımcı olsun, sizleri korusun, güclü kılsın. Yolunuz açık olsun!” səpkidədir. Lakin müraciət edənlərin anonimliyi saxlanılır.

Türklərin də Azərbaycan tərəfindən vuruşmaq istəyi təəccüblü deyil. Cəbhədəki son gərginlikdə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir xəbər fonunda bu informasiya suallar yaradır. Belə ki, nazirliyin xəbərində cəbhədəki gərginlik zamanı erməni tərəfində qeyri-erməni dilində komandaların verildiyi deyilirdi. Bu Ermənistana üçüncü tərəfin də yardım etdiyini təsdiqləyir, halbuki bu, o qədər də gizli olmayan məsələdir.Bu baxımdan belə bir informasiyanın yayılmasını Ermənistana “biz də tək deyilik” mesajının verilməsi olaraq qəbul etmək olar.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.Az –a məsələni şərh edib. Onun sözlərinə görə, Türkiyə tərəfdən sıravi vətəndaşlar içində keçmiş döyüşçülərdən, hərbçilərdən Azərbaycanın haqq işinə töhfə vermək istəyi başa düşülən və alqışlanan haldır: “Hər birimiz bunu iftixarla qeyd edə bilərik ki, türklər Dağlıq Qarabağ məsələsini, Azərbaycanın problemini özünün milli məsələsi kimi dərk edir, bunu belə qəbul edir, bizə mənən dəstək verirlər. Şübhəsiz ki, bu bizim mövqeyimizi möhkəmləndirir və gücümüzü artırır”.
Lakin o, məsələnin bununla məhdudlaşmadığını deyib. Onun fikrincə, təkcə Türkiyə deyil, Azərbaycanın digər müttəfiqləri də ölkəmizin yanında olacaq: “Şübhə etmirəm ki, Azərbaycanın bu illər ərzində formalaşdırdığı dostluq münasibətləri onun daha çox müttəfiqlərlə silahlandığını göstərir. Lakin buna sentimental səviyyədən qiymət verməməliyik. Problemin ciddi siyasi, hərbi və təhlükəsizlik mahiyyətini qəbul edək və ona məhz bu cür qiymət verək. İş ondadır ki, dövlətin real hərbi müttəfiqlik, strateji əməkdaşlıq sazişlərinə və bundan irəli gələn yardımlara bel bağlamaq lazımdır. Birinci Qarabağ döyüşündə bizim ilk köməyimizə gələn qardaş Türkiyənin insanları idi. Onlar burda ilkin hərbi qüvvələrin formalaşmasında rol oynayır, Silahlı Qüvvələrimizə yaxından kömək göstərirdilər. Amma hazırkı dönəmdə, xüsusilə 2011-ci ilin yanvarından iki ölkənin münasibətləri mühüm zirvəyə qalxıb. Bu da kənar təhlükələr olacağı təqdirdə birgə fəaliyyətin reallaşması deməkdir.

Buna bizim ehtiyacımız var. 720 minlik böyük hərbi kontingenti, NATO sırasında gücə malik olan və bütün qoşun növləri üzrə qabaqcıl səviyyələrə çatmış bir ölkədən yararlanmaq, ordu quruculuğunda onlara söykənmək önəmlidir. Bu, Ermənistanın başqa dillərə dillərə söykənməsinə və adları hamıya aydın olan region ölkələrinə qarşı addımlarımız olar”.

Z. Oruc qeyd edib ki, o, dəstəyin Türkiyə vətəndaşları səviyyəsində deyil, dövləti səviyyəsində edilməsinin tərəfdarıdır.“Lakin bütün bunlar bizə əl uzadan, öz köməyini təklif edən, həmrəylik göstərən, informasiya, siyasi propaqandada yanımızda olan, xarici məkanda Azərbaycanın real vəziyyətini çatdıran hər bir türkə, yardım edən hər bir insana dost, qardaş münasibətini göstərəcəyik. Qarabağ dünyada işğalı istəməyən hər kəsin, o cümlədən Türkiyənin və türk dünyasının problemidir”-deyə komitə üzvü diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm