Dağıstanda büst qalmaqalı – azərbaycanlı qəhrəmanın büstü haradadır?
Bizi izləyin

Nida.az

Dağıstanda büst qalmaqalı – azərbaycanlı qəhrəmanın büstü haradadır?

Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şəmsulla Əliyevin Dərbəndin “Boyevoy slavı” parkında qoyulan büstü şəhər meriyası tərəfindən sökülərək zibilliyə atılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın müasir tarix muzeyinin bölgə idarəsinin sabiq direktoru Sergey Cəbrayılov məlumat verib.


Onun sözlərinə görə, bu, tarixə həqarətdir: “Bu insanlar dünya müharibəsində canlarından keçib. Amma yerli hakimiyyət orqanları bu məsələlərə barmaqarası baxır.


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dağıstan filialının rəhbəri Seyran Rəhimov isə büstün zibilliyə atılmadığını deyib.


S. Rəhimov Publika.az-a açıqlamasında bildirib ki, Ş. Əliyev Dərbənd doğulub, burda böyüyüb, müharibəyə də burdan gedir: “Müharibədə həlak olub və Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Onun büstü parkın mərkəzində idi. Bu parkın arxasında “Retro” adlı böyük bir restoran tikilib. Lakin parkda restavrasiya işləri getdiyi üçün büstü götürərək restoranın həyətinə qoyublar və xahiş ediblər ki, təmir işləri başa çatana qədər büst orda qalsın. Həmin restoranın sahibi İran əsilli Dərbənd sakinidir. Mən də tanıyıram. Bu məsələ ortaya çıxanda mən də gedib danışdım. Şəhər meriyası ilə görüşdüm və bildirdim ki, büst təmirdən sonra öz yerinə qaytarılmalıdır. Onlar da dedilər ki, biz deməsək belə, büstü yerinə qaytaracaqlar. Gələn il böyük vətən müharibəsinin 70 illiyidir”.


ÜAK nümayəndəsi qeyd edib ki, büstün özü də restavrasiya ediləcək.

“Artıq parkda yeni postament qoyulub. Ətrafına fəvvarə də düzəldiləcək və büst yerinə qaytarılacaq. Bundan narahat olmaq lazım deyil. Dediyim kimi, büst zibilliyə atılmayıb, təmirə qədər restoranın həyətinə qoyulub. Biz bu işlər yaxından maraqlanırıq, heç bir narahatçılığa əsas yoxdur”, - deyə S. Rəhimov bildirib.

Qeyd edək ki, II Dünya müharibəsində kapitan rüstbəsində döyüşən Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olub. O, 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. Ş. Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak edib.

1943-cü ilin noyabrın 19-da kapitan Ş. Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm