“Nobel sülh mükafatının Mehriban Əliyevaya verilməsi ən doğru addım olar”
Bizi izləyin

Nida.az

“Nobel sülh mükafatının Mehriban Əliyevaya verilməsi ən doğru addım olar”

“Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Nobel sülh mükafatının verilməsi, bəlkə də, bu mükafatın tarixində ən doğru addım olardı”.


Bunu Publika.az-a açıpqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Nobel sülh mükafatının Azərbaycan və bəşəriyyət üçün gördüyü işlərə görə ölkənin birinci xanımı Mehriban Əliyevaya verilməsi təklifinə münasibət bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, Mehriban Əliyeva istər ölkə, istərsə də bəşəriyyət, insanlıq üçün bir çox işlər görüb: “Bu mükafatı alanların xidmətinə nəzər salsaq, Mehriban xanımın gördüyü işlərlə müqayisədə çox-çox azdır. Bu baxımdan, çox düzgün təklifdir və heç olmasa, ədalət prinsiplərinə görə bu reallaşmalıdır”.

Lakin komitə sədri Nobel mükafatının siyasiləşməsi tərəfinə də diqqət çəkib.


“Vaxtilə Çingiz Aytmatova verilmədi, amma SSRİ-ni dağıdan, əli qana batmış Qorbaçova sülh üzrə Nobel mükafatı verildi. Bütün bunlar ortada siyasi məqsədlərin də olduğunu göstərir. Bu da haqlı etiraz doğurur. Böyük xidmətləri olan insanlara bu mükafat verilmirsə, bunu təəccüblə qarşılamırıq”, - deyə millət vəkili vurğulayıb.


N. Cəfərov qeyd edib ki, Azərbaycan ictimaiyyəti bu mükafatın Mehriban Əliyevaya verilməsi üçün hərəkətə keçməlidir.


“Nobel mükafatının formalaşmasında Bakı neftinin böyük rolu olub. Bu baxımdan, bizim içimizdə daim bir nisgil var. Çünki indiyə qədər layiq olan heç bir azərbaycanlıya bu mükafat verilməyib. Artıq biz də səsimizi çıxarmalıyıq. Faktiki olaraq, Nobelə, bəlkə də, daha artığına layiq olan namizədimiz var. Onun humanizm addımları, gördüyü işlər bu mükafatın kriteriyaları baxımından daha artıqdır. Niyə də olmasın? Hesab edirəm ki, Nobel sülh mükafatı Mehriban Əliyevaya verilsə, bu mükafatın tarixində ən doğru addım olar”, - deyə N. Cəfərov vurğulayıb.


Qeyd edək ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bu məsələ ilə bağlı mətbuatda “Azərbaycanı görün...” adlı xüsusi məqalə ilə çıxış edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm