İkram İsrafil: “İstefaya dəvət radikallıq əlamətidir” – Müsahibə
Bizi izləyin

Nida.az

İkram İsrafil: “İstefaya dəvət radikallıq əlamətidir” – Müsahibə

Müsavat Partiyasının funksioneri, sabiq deputat İkram İsrafil Publika.az-a müsahibəsində Müsavatdakı durum və seçkinin nəticələrindən narazılıqları şərh edib.


- İkram bəy, Müsavat qurultayını keçirdi və yeni başqanı seçdi. Lakin narazılıqlar hələ də davam edir. Hazırki durum partiya üçün necə nəticələnə bilər?

- Müsavatın qurultayı gözlədiyimizdən də artıq demokratik, şəffaf keçdi. Əlbəttə ki, seçkilərdən narazı qalan, strukturlara nümayəndələrinin seçilmədiyi və özlərinin də seçilmədiyi üçün nəticələri qəbul etməyənlər var. Mən bundan narahatam və təəssüf hissi keçirirəm. Mənim də səs verdiyim dostlarım var ki, onlar da seçilməyib. Hətta dostlarımızın seçilmədiyinə görə təəssüfləndim. Amma bu bir seçkidir. Mən seçki prosesini özüm izlədiyim üçün hansısa problemin olması fikri ilə razı deyiləm. Çox istərdim ki, dostlarımız seçilsin, amma seçilməyibsə və qurultay belə nəticəyə gəlibsə, bunu qəbul etməliyik. Hər kəs kimi biz də ali orqan olan qurultayın qərarına hörmət edib qəbul etməliyik.
Narazılıq edən dostlarımızı da müəyyən mənada başa düşürəm. Hər kəs eyni xarakterdə, eyni düşüncədə olmaya bilər. Hesab edirəm ki, bu narahatçılıq keçici olacaq. Narazı qalan dostlarımıza yolumuza birgə davam etmək üçün tövsiyələr verməliyik. Onlar son nəticədə Müsavatda olduqlarını və hər şeyin təkcə qurultayla həll olunmadığını düşünməlidirlər. Məni də narahat edən ciddi məsələlər var, amma biz birgə Müsavatı gələcəyə aparmalıyıq.
Məni narahat edən digər məsələ isə bəzi dostlarımızın bir-birinə gözləmədiyim sözlərlə ittiham etməsidir. Bu qəbulolunmaz haldır. Onlarla fərdi şəkildə danışıram və bu danışıqları davam etdirəcəm. Kənarda da bir sıra dostlar problemin həll olunması üçün çaba sərf edirlər. Çalışacağıq ki, yaxın vaxtlarda problemlər müsavatçılara layiq şəkildə həll olunsun. Çünki söhbət Müsavat ideologiyasından gedir. Şəxsən mən İkram İsrafil olaraq Müsavatdan getsəm, Müsavat yenə qalacaq və fəaliyyətinə davam edəcək.


- Yeni başqan Arif Hacılını istefaya çağıranlar da var. Onlar düşünürlər ki, problemlər yalnız başqanın istefasından sonra həll oluna bilər. Siz necə düşünürsünüz?

- Bunu səsləndirən dostlarımıza rast gəlmişəm. Mən bir daha təkrar edirəm ki, qurultay hər kəsin gözü önündə şəffaf şəkildə keçirildi. Müsavatda olanların hər birinin öz düşüncəsi, baxışı var. Amma unutmamalıdırlar ki, qurultay ali orqandır və ali orqanın qərarı dəyişə bilməz.

Hətta qurultay nümayəndələrinin 20 faizi belə bunu tələb etsə, yenə də dəyişdirilə bilməz. Hesab edirəm ki, kimlərinsə istefaya dəvət edilməsi, bir qədər radikallıq əlamətidir. Belə çağırışlarla Müsavatda nəyəsə nail olmaq mümkün deyil.

- Necə düşünürsünüz, İsa Qəmbər partiya daxili problemlərin aradan qalxması üçün müdaxilə etməlidirmi?

- Hesab edirəm ki, İsa Qəmbər bu məsələlərə müdaxilə etməməlidir. Çünki bu proseslərdə aktiv iştirak edən dostlarımız bu cür fikirləri öz qərarları, düşüncələri ilə səsləndirirlər. Açığı, bu cür fikir səsləndirmələrini başa düşə bilmirəm. Onların içində mənim yaxın münasibətdə olduğum insanlar da var. Hesab edirəm ki, onlar bu gün öz qərarlarını özləri vermək iqtidarındadır. Onlara nəyisə izah etmək əbəsdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm