Seçicilər avtobusla səsverməyə gedə biləcək
Bizi izləyin

Nida.az

Seçicilər avtobusla səsverməyə gedə biləcək

Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirələr aparılıb.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər.

M. Pənahovun sözlərinə görə, xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər: “Ona görə də dairə seçki komissiyaları və aidiyyəti qurumlar bu məsələdə hazırlıqlı olmalıdır. Seçkilərin və seçicilərin seçki məntəqələrinə gəlib səs verməsinin təşkili dairə seçki komissiyalarının və aidiyyəti qurumların borcudur”.

MSK sədri, eyni zamanda, seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını məqsədəuyğun sayıb.

M. Pənahov qeyd edib ki, seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq.


İclasda bələdiyyə seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qruplarının yaradılması qərarı da verilib.

9 nəfər üzvdən ibarət ekspert qrupu vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə yaradılıb. Dairə seçki komissiyalarında da 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması qərara alınıb.

İşçi qrupu isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq məqsədilə yaradılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm