Arif Hacılı “təmizləmə əməliyyatına” hazırlaşır? – Cəzalar sərt olacaq
Bizi izləyin

Nida.az

Arif Hacılı “təmizləmə əməliyyatına” hazırlaşır? – Cəzalar sərt olacaq

Müsavat Partiyasında “qara siyahı” hazırlandığına dair iddialar gündəmi zəbt edib.
Bununla bağlı ilk anonsla yeni başqan Arif Hacılının əleyhdarı Səxavət Əlisoy çıxış etdi. Onun iddiasına görə, partiyada “təmizləmə” əməliyyatı oktyabrın 25-dən sonra başlayacaq.


Bir neçə gün öncə səslənən iddiada deyilir: “Dünən bir müsavatçı zəng edib dedi ki, Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər. Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldurlar, partiyanı nüfuzdan salırlar və sair və ilaxır. Və onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım (Səxavət Əlisoy - red) bu siyahıda var”.


Müsavatın tanınmış hüquqşünaslarından olan, Arif Hacılının tərəfdarı Osman Kazımov “təmizləmə” çağırışı etmişdi.


“Müsavat Partiyası öz kursundan dönməyəcək. Heç bir istefa məsələsi olmayacaq. İlk olaraq pozuntulardan danışırdılar, İndi Arif bəyi istefaya çağırırlar. Çox maraqlıdır ki, başqanlığa namizəd Qubad bəy istefa vermir. Ayrı-ayrı şəxslər istefa verir. Yaxşı, bəylər, sizlər Müsavatdan gedirsiniz. Gedin, yolunuz açıq olsun. Amma Qubad bəy gələcəkdə kimə güvənib yenidən namizədliyini verəcək. Qəribə proses gedir. Heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır”, – deyə o bildirib.


Göründüyü kimi, iddia olunan “təmizləmə əməliyyatı” gözləniləndir. Hətta düyməyə basıldığı da iddia edilir. Belə ki, başqanın keçmiş müşaviri, Qubad İbadoğlu tərəfdarı Hüseyn Məlik bildirib ki, “qara siyahı”nın reallaşması prosesinə başlanılıb.


“Artıq Osman Kazımovun qara siyahısı reallaşdı. Muradov qardaşlarından Məhəbbət Muradov Qubadlı rayon təşkilatından qovuldu”, - deyə o bildirib.

Keçmiş müşavir hətta təklif edib ki, yaxın günlərdə partiya qərargahının önündə etiraz aksiyası da keçirilsin.


Burda diqqət çəkən S. Əlisoyun açıqladığı “təmizləmə əməliyyatı”ndakı qurbanların adları arasında Məhəbbət Muradovun da adının olmasıdır və artıq bu şəxs partiyanın Qubadlı rayon təşkilatından uzaqlaşdırılıb.
M. Muradov özünün pozulan hüquqları haqqında sosial şəbəkələrdə çağırışlar edib.


Publika.az Müsavatda “təmizləmə əməliyyatı”nı araşdırmağa çalışıb.


Osman Kazımov bizə açıqlamasında bildirib ki, belə bir proses yoxdur. O, sadəcə, öz fikirlərini bildirib: “Partiya rəhbərliyi belə bir şeyi planlaşdırmır və planlaşdıra da bilməz. Digər tərəfdən, Arif Hacılı ömrü boyu Müsavat üçün çalışıb, indi hansısa məsələyə görə kimisə müsavatçılıqdan uzaqlaşdırmaz. Sadəcə olaraq, mən təklif etmişəm ki, təhqiramiz fikirlər səsləndirənlər, partiyada bölücülük edənlər cəzalandırılmalıdır. Bu cəzalandırma ya partiyadan uzaqlaşdırılmaqla, yaxud da hansısa başqa formada ola bilər. Əks təqdirdə partiya daxilindəki demokratik mühitdən istifadə edənlər çox irəliyə gedirlər və etik qaydalarını belə gözləmirlər”.


Səxavət Əlisoy isə hesab edir ki, od olmayan yerdən tüstü də çıxmaz. Onun sözlərinə görə, belə bir məsələ kulislərdə keçməsəydi, Osman Kazımov bunu deməzdi.


“Mən bununla bağlı adlar açıqlamışdım. Bu adları özümdən uydurmamışdım, onları mənə müsavatçı dostlarımdan biri demişdi. Göründüyü kimi, proses başlayıb. Adını çəkdiyim Muradov qardaşlarından Məhəbbət bəy təşkilatdan uzaqlaşdırılıb. Özü də bu barədə məlumat yayıb. Bunlar nəyi təkzib edirlər. Hər şey 25-dən sonra aydınlaşacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm