Gənclər Siyasəti üzrə I Qlobal Forum işinə başladı - FOTOLAR (YENİLƏNİR)
Bizi izləyin

Nida.az

Gənclər Siyasəti üzrə I Qlobal Forum işinə başladı - FOTOLAR (YENİLƏNİR)

Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum 20 ildə Azərbaycanda həyata keçirilən davamlı və effektli gənclər siyasətinə verilən qiymətdir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Ə.Həsənov qeyd edib ki, bugünkü tədbir dünya gənclərinin birinci qlobal forumudur: “Bu forumun çox böyük əhəmiyyəti var. 1998-ci il idman və gənclər sahəsində dövlət siyasətini yürüdən nazirlərin toplantısından sonra ilk dəfə belə bir tədbir keçirilir. Bütün dünyadan olan gənclər, gənclər təşkilatları, gənclər siyasətini formalaşdıran dövlət rəsmiləri, akademik dairələr, QHT-lər burada iştirak edirlər. Bu forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq və yekun sənəd qəbul ediləcək".


PA rəsmisi deyib ki, 20 ildən bəri ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti öz bəhrələrini verməkdədir: “Gənclər siyasətinin həyata keçirilməsinə nəinki dövlət strukturları cəlb olunub, o cümlədən gənclərin özləri də bu siyasətin formalaşmasında iştirak edirlər. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də budur ki, Azərbaycanda - əhalisi, ərazisi kiçik olan bu dövlətdə uğurlu siyasət yürüdülür. Bu forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”.

***

Bu gün Azərbaycanda ilk dəfə Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir.

Publika.az məlumat verir ki, Heydər Əliyev mərkəzində təşkil edilən forum İlham Əliyevin forum iştirakçılarına müraciətinin oxunması ilə başlayıb. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, ilk dəfə olaraq Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir: “Bu forum böyük əhəmiyyət kəsb edir. 1998-ci ildən bəri belə bir forum keçirilməyib. Bu, XXI əsrdə ilk dəfə olaraq keçirilən gənclərin çox vacib tədbiridir".


Nazir deyib ki, forumda 160 ölkədən nümayəndə iştirak edir. Onun sözlərinə görə, forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək və yeni prioritetlər aşkar olunacaq.


A.Rəhimov bildirib ki, Azərbaycan qlobal gənclər siyasətini dəstəkləməyə sadiq qalır: “2015-ci ildə Gənclər üzrə Ümumdünya Fəaliyyət Proqramının 20 illiyini qeyd etməyə yaxınlaşdığımız bir vaxtda əhalisinin 50 faizdən çoxu 29 yaş olan gənc ölkə Azərbaycan qlobal gənclər siyasətini dəstəkləməyə sadiq qalır. Müstəqil ölkə kimi biz gənclərə dair ilk qanunumuzu 2002-ci ildə qəbul etdik və buna gənclər siyasəti sahəsininin inkişafına yönələn 2 hərtərəfli dövlət proqramının qəbulu ilə dəstək verdik”.

Nazir vurğulayıb ki, Azərbaycan öz enerji resursları hesabına davamlı inkişafa nail olub: “Amma bu yeganə amil deyil. Siyasi iradə, əzm və təhsil mütəxəssislərinin mövcudluğu zəruri şərtlərdən idi. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev "qara qızıl"ı insan kapitalına çevirməyə" çağırıb.


Forumda BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. Baş katib müraciətdə gənclərin dünya siyasətinə verdiyi töhfələrdən danışıb. O, gənclərin siyasətdə daha vacib rol almalı olduğunu, həmçinin gənclərə yeni imkanların yaradılmasının yalnız və yalnız uğur gətirəcəyini söyləyib: “Gənclər siyasəti mənim siyasətimin əsas proritetlərindən biridir. Bu günün gəncləri sabahın liderləridir”.


Sonra Forumda panellər üzrə müzakirələr davam etdirilib.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm