Daşkəndin KTMT-dən qopardığı daş...- ANALİZ
Bizi izləyin

Nida.az

Daşkəndin KTMT-dən qopardığı daş...- ANALİZ

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını şərh edib.

Ekspert Publika.Az-a açıqlamasında deyib ki, belə bir qərar Özbəkistandan gözlənilirdi:

"Çünki Özbəkistan son illərdə KTMT-nin zirvə toplantısına qatılmır, ekspertlərin işində iştirak etmir, hərbi təlimlərdə görünmürdü. Bu mənada Özbəkistanın qərarı qəfləti addım deyildi. Bəzi ekspertlər qeyd edirlər ki, Özbəkistan bu addımla göstərir ki, KTMT-nin gələcəyinə inanmır. Düzdür, mən də KTMT-ni güclü təşkilat saymıram. Amma demək olmaz ki, Özbəkistanın çıxması ilə bu təşkilat dağılacaq".

Politoloqun sözlərinə görə, Özbəkistanın xarici siyasəti son zamanlar ziqzaqlarla yadda qalıb:

"Özbəkistan bir dəfə KTMT-yə daxil oldu, sonra çıxdı, sonra yenə daxil oldu və indi yenə çıxdı. Özü də Özbəkistanın bu cür qeyri-standart hərəkəti təkcə KTMT ilə bağlı deyil. Vaxtilə GUAM-a da bu cür daxil olmuşdu. Sonra təşkilatdan soyudu, GUAM-ın toplantılarına qatılmamağa başladı, bir gün də Özbəkistanın GUAM-dan çıxdığı xəbəri gəldi.

Yəni rəsmi Daşkəndin bu cür hərəkətlərinə əslində hamı öyrəşib. Ona görə də düşünmürəm ki, bu qərar KTMT-nin dağılmasına gətirib çıxaracaq".

Qeyd edək ki, rəsmi Daşkənd KTMT-dən çıxmaq barədə qərarını təşkilatın Əfqanıstanla bağlı strateji planları ilə razı olmaması ilə əsaslandırıb. Xarici İşlər Nazirliyindəki mənbə Rusiyanın "Kommersant" qəzetinə bildirib ki, bundan başqa, blok çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi planları da Özbəkistan rəhbərliyini razı salmır. Rəsmi Daşkəndi narazı salan digər məqamlar da var və bu məqamlar KTMT rəhbərliyinə göndərilən notada aydın şəkildə əks olunub.

Elxan Şahinoğlu bununla bağlı deyir ki, bu açıqlamanı oxuyarkən onun özündə də müəyyən suallar yaranıb:

"Çünki KTMT-nin Əfqanıstanda elə bir rolu yoxdur. Əksinə, KTMT, konkret olaraq Rusiya və Qırğızıstan Əfqanıstanla bağlı Qərblə müəyyən əməkdaşlıq edir. Özbəkistanın bu açıqlama ilə nə demək istədiyi mənə də qaranlıq qaldı. Yəni, Özbəkistanı narahat edən nədir: KTMT-nin ABŞ-la əməkdaşlığı, yoxsa bu prosesdən uzaq durması?

O ki qaldı blok çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi planlarının Özbəkistan rəhbərliyini razı salmamasına, o zaman Özbəkistan niyə bu müqaviləyə qoşulurdu? Bəyəm bilmirdi ki, bu hərbi blokdu? Əgər hərbi blokdursa, burda hərbi əməkdaşlıq da, yeni qüvvələrin yaradılması da olacaq.

Mən Özbəkistanın bu qərarını alqışlayıram. Amma Özbəkistan gərək əvvəlcədən öz seçimini düzgün edəydi. İndi də onun göstərdiyi səbəblər bəhanə kimi qiymətləndirilməzdi".

KTMT-nin əsasnaməsinə görə, təşkilatın bir üzvünə hərbi müdaxilə olsa digər üzvlər ona canlı qüvvə və texnika ilə hərbi kömək göstərməlidirlər. Konkret olaraq Dağlıq Qarabağda müharibə başlasa, müttəfiqi Rusiya ilə bərabər digər KTMT üzvləri də Ermənistanı müdafiə etməlidirlər.

Ancaq Elxan Şahinoğlu hesab edir ki, Qarabağda müharibə başlasa Rusiyadan başqa kimsə Ermənistanı müdafiə etməyəcək:

"Özbəkistanın belə bir qərar verməsinin Azərbaycanla hər hansı bağlılığı yoxdur. Çünki onsuz da Mərkəzi Asiyanın türkdilli ölkələri Azərbaycanla üz-üzə gəlməzlər. Qazaxıstan, Qırğızıstan və Belarusun Azərbaycana münasibəti yüksək səviyyədədir. Amma heç Özbəkistan və Tacikistan da bu məsələyə qarışmayacaqlar".

Elxan Şahinoğlu həmçinin bildirib ki, KTMT heç vaxt NATO-ya bənzəyə bilməz:

"Burada bir sıra ölkələrin fərqli maraqları var. Rusiyadan başqa heç bir ölkə Ermənistana görə Qarabağda Azərbaycanla üz-üzə dayanmaq istəməz. Faktiki olaraq KTMT dedikdə biz Rusiya başa düşürük. NATO dedikdə ABŞ yada düşsə də, bu təşkilatda digər dövlətlərin də böyük payı var. Amma KTMT dedikdə ancaq Rusiya yada düşür. Blokda aparıcı funksiyanı Rusiya yerinə yetirir, təşkilatın baş katibi rus diplomatıdır. Yeni ideyaları Rusiya ortaya atır. Digər ölkələr sadəcə sənədləri imzalamaqla vəı Rusiyanın yedəyində sürünməklə məşğuldur".

KTMT 1992-ci ilin mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın kollektiv təhlükəsizlik müqaviləsini imzalaması ilə yaradılıb. Azərbaycan 1993-cü ilin sentyabrın 24-də müqaviləni imzalasa da, 1999-cu ilin aprelin 2-də müqavilənin müddəti növbəti 5 il üçün uzadılarkən ondan imtina edib. Beləliklə Azərbaycan KTMT-dən çıxmış sayılıb.

Hazırda quruma 6 dövlət daxildir. Bunlar Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarusdur. KTMT-nin baş qərargahı Moskvada yerləşir.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm