İlqar Məmmədov: “Barıt çəlləklərinin hamısı partlamır” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

İlqar Məmmədov: “Barıt çəlləklərinin hamısı partlamır” - MÜSAHİBƏ

Respublikaçı Alternativ (REAL) Hərəkatinin sədri İlqar Məmədov Publika.Az-ın suallarını cavablandırıb

- İran saytları bu ölkədə saxlanılan Azərbaycan vətəndaşı olan iki şairin narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunması ilə bağlı xəbər yayıb. Bu məsələyə münasibətiniz necədir?

- Hər ölkənin öz məhkəmə-hüquq sistemi var. Bu sistemlərin hər biri ya etibarlıdır, ya da etibarsız. İran məhkəməsi nəinki dünyada ədalətilə tanınmır, onun yüksək keyfiyyətinə dair fikirlərə heç ədəbi-bədii əsərlərdə də rast gəlmək mümkün deyil. Bir sözlə, İranın məhkəmə-hüquq sistemi bütün dünyada şübhə doğuran təsisatdır. İranın siyasi özəllik daşıyan situasiyada qalmaqallı ittihamlar irəli sürməsi çox insanda, o cümlədən məndə belə təəssürat yaradır ki, bu ittihamların siyasi qaynağı var. Məsələn, İranda Azərbaycan azlığı mövzusu var, azərbaycanlıların hüquqları mövzusu var.

Fərid Hüseyn və Şəhriyar Del Gerani şair olaraq yaradıcı insanlardır. Dil sahəsində çalışırlar, nəzərə alaq ki, İranda Azərbaycan dili problemli sahədir. Bu baxımdan proses siyasi çalarlar alıb. Odur ki, İran dövləti diqqətli olmalıdır. Hər hansı uydurma ittihamlara yer yoxdur.

İttihamların uydurma olub-olmamasını onların rəsmi təbliğatla ahəngdar olub-olmamasından da bilmək mümkündür. İttihamların rəsmi təbliğatla üslub baxımından uyğunluğu varsa, həmin ittihamlar ədalətsizdir, uydurmadır. İran rəsmi təbliğatı gecə-gündüz İsraillə, bu ölkənin kəşfiyyat orqanı MOSSAD-la, ABŞ-la bağlı dünyaya haray çəkir. Sözügedən şairlərin işinin həmin mövzuya bağlılığı çox ciddi rahatsızlığımıza səbəbdir. Azərbaycan dövləti bu mövzunu diqqət mərkəzində saxlamalıdır.

- Bu ittihamlara son vaxtlar inkişaf edən İsrail-Azərbaycan münasibətləri də səbəb ola bilərmi?

- İranın ümumi siyasi təbliğat xətti İsrailə qarşı yönəlib. Bu baxımdan əlaqə ola bilər. Amma yenə də, aidiyyatı qurumlarımız işi ayrıntıları ilə diqqətdə saxlamalı və belə bir hal varsa, yəni siyasi təqib şübhələri doğru çıxarsa, tədbirlər görülməlidir.

- Son günlər Azərbaycan və İran arasındakı gərginliyin azalması müşahidə edilirdi. Bu ittihamlar vəziyyəti yenidən gərginləşdirə bilərmi?

- İyirmi illik müstəqillik ərzində Azərbaycanla İran arasında gərginlik dalğaları daim gəlib gedib. Hətta sərhəddə bir-iki dəfə atışma da olmuşdu. Bu baxımdan, qeyri-adi bir şey yoxdur. Bu dalğa da gəlib getməlidir.

- İran, həmçinin Türkmənistan Azərbaycanın dəniz sərhədləri daxilində olan yataqlara iddia edir. Bu məsələlərdə Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

- Elə bilirsiniz ki, Azərbaycan hakimiyyəti içində Rusiya meylli qüvvələr olduğu halda, Türkmənistan hakimiyyətində belə qüvvələr yoxdur? Əlbəttə, var. Rusiyanın maraqlarını təmin etmək üçün Azərbaycanla Türkmənistanın arasını vururlar.

- Bir neçə gün əvvəl ABŞ-ın “ForeignPolicy” jurnalı Xəzər regionunu barıt çəlləyinə bənzətmişdi...

- Aralıq dənizindən Xəzər dənizinə kimi bütün bölgə gərginlik içindədir. Səbəbləri də məlumdur. Bu gərginlik haradasa toqquşmalara səbəb ola bilər. Jurnalın müşahidəsini bölüşürəm. Amma barıt çəlləklərinin heç də hamısı partlamır.

- Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın müşaviri olan Jirayr Libaridyan Bakıda belə bir açıqlama verib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər birbaşa danışıqlar aparılmalıdır. Nə dərəcədə reallığa söykənən təklifdir?

- Düşünürəm ki, Qarabağ danışıqları üçün möcüzəli formul yoxdur. Deyə bilmərik ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılsa, münaqişə dərhal həll ediləcək. Bu, sadəlövh yanaşmadır. Lakin təklifin ziyanı da yoxdur. Bütövlükdə münaqişənin siyasi yükü qaldırılmayınca, onun həlli heç bir formatda mümkün deyil. Məsələnin lap dərininə getsək, danışıqlar Bakı və Moskva arasında aparılmalıdır. Çünki İrəvanın əvəzinə qərarları Moskva verir. O zaman Bakı və İrəvan arasında danışıqların xeyri nədir? Kremlin Azərbaycana düşmən siyasəti olmasaydı, Qarabağ işğal edilməzdi, edilsə belə, işğal bu qədər uzun sürməzdi.

- Ermənistanda keçiriləcək “Qafqaz-2012” təlimləri öncəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsas üzvlərindən olan Özbəkistan qurumu tərk edib...

- Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını alqışlayırıq. Həmin təşkilat Güney Qafqaz regionunda özünü aqressiv aparır, sülhə və işbirliyinə maneədir. Nə qədər çox dövlət oranı tərk etsə, o qədər regionun sabitliyi üçün yaxşıdır. Unutmayaq ki, KTMT Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistanı arxayın edən bir qurumdur.

- Rusiya Orta Asiyadan daha bir zərbə alıb. Tacikistan ərazisindəki Rusiya hərbi bazasına görə illik icarə haqqını 300 milyon dollara qaldırmaq niyyətindədir. Regionda Rusiyanın maraqlarının zəiflədiyini demək olarmı?

- Yəqin ki, bu ölkələr öz maraqlarına uyğun addımlar atırlar. Eyni zamanda KTMT-nin qərarlarına əngəl olan hər bir qərar Azərbaycanın maraqlarına uyğundur. Bildiyiniz kimi, Tacikistan da bu təşkilatın üzvüdür. Tədricən Mərkəzi Asiya regionu KTMT-dən qurtulsa, bu onların da, bizim də maraqlarımıza, ümumiyyətlə geniş anlamda regionumuzda sülhə və sabitliyə xidmət edəcək.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm