Nida.az
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Krans Montana Forumunun açılış mərasimində iştirak ediblər
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub.
Publika.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak ediblər.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda Gürcüstanın,
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun
dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər,
parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin
təmsilçiləri mərasimə qatılıblar.
Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair
Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu
dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan
beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT,
Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və
prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və
dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da
yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda
yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən
ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana
Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə
Brüsseldə Krans Montana Forumunda prezident İlham Əliyevin bu
təşkilatın ən ali mükafatına - “Prix De La Fondation” mükafatına,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun
əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda
keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan
beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq
tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun işində
iştirak edən dövlət başçıları və müxtəlif ölkələrin yüksək vəzifəli
rəsmiləri ilə görüşüblər.
Mərasimi açan forumun təsisçisi və prezidenti, səfir Jan Pol
Karteron Bakıda keçirilən 23-cü illik toplantıda iştirak edən
qonaqları salamlayıb. Azərbaycan prezidentinə yaradılan yüksək
şəraitə görə təşəkkür edən Jan Pol Karteron bu gün dünyanın mühüm
dairələrinin Azərbaycana toplaşdığını deyib. O, 1993-cü ildən
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və
bu gün uğurla davam etdirilən proseslərin ölkəmizin inkişafı ilə
nəticələndiyini bildirib. “Biz bilirik ki, Azərbaycanda hansı
inkişaf prosesləri baş verir və ölkəniz dünyada güclü oyunçuya
çevrilir”,- deyən Jan Pol Karteron Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi
fəaliyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev forumda çıxış edib. “Əminəm ki, Bakıya gələn
qonaqlar cəmiyyətimizdəki inkişaf ruhunu hiss edəcəklər”, deyən
dövlətimizin başçısı son illərdə Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərin əhəmiyyətini vurğulayıb, bunu ölkəmizin tarixi irsi
kimi xarakterizə edib. Prezident İlham Əliyev uzun illərdir
müxtəlif mədəniyyətlərə malik insanların ölkəmizdə sülh şəraitində
birgə yaşamasını Azərbaycan üçün tarixi nailiyyət adlandırıb, ötən
20 ildə siyasi-iqtisadi cəhətdən inkişaf edən ölkəmizin demokratik
inkişaf yolu ilə uğurla irəlilədiyini bildirib. “Müstəqillik bizim
üçün ən böyük sərvətdir”, - deyən dövlətimizin başçısı çıxışında
Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışıb,
ölkəmizin regional əməkdaşlığa böyük önəm verdiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan
prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin işğal
olunduğunu, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın hələ də bu
qərarları yerinə yetirmədiyini diqqətə çatdırıb.
Azərbaycanın artan gücünün münaqişənin həllinə imkan verəcəyini
diqqətə çatdıran prezident İlham Əliyev ölkəmizin xarici
siyasətinin tam aydın olduğunu deyib. BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada etibarlı tərəfdaş
olduğunu və bizi dəstəkləyən ölkələrin inamını doğruldacağımızı
vurğulayıb. Azərbaycanın böyük neft-qaz ehtiyatlarına malik
olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın enerji
təhlükəsizliyi siyasətinin tam şəffaf olduğunu bildirib. Qeyd edib
ki, Azərbaycan enerji siyasətinin yeni müstəvilərinin açılması,
bununla iqtisadi rifaha malik olmaq məqsədlərini qarşısına qoyub.
“Bizim gündəliyimizdə olan bütün layihələr uğurla həyata
keçirilib”, - deyən prezident İlham Əliyev Transanadolu qaz boru
kəmərinin tikintisinə dair bu günlərdə İstanbulda imzalanan sənədin
əhəmiyyətindən də danışıb.
Gürcüstan prezidenti Mixeil Saakaşvili çıxışında Azərbaycanın
iqtisadi inkişaf sahəsində güclü təcrübə əldə etdiyini, ölkədə
həyata keçirilən sosial islahatların və infrastrukturun
yaradılmasının sevindirici olduğunu bildirib. Azərbaycanın
beynəlxalq miqyasda da güclü təmsil olunduğunu deyən Gürcüstan
prezidenti qloballaşma məsələlərinə toxunub, ölkəsində həyata
keçirilən sosial-iqtisadi islahatlardan danışıb.
Monteneqro prezidenti Filip Vuyanoviç Krans Montana Forumunun
yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə
minnətdarlığını bildirib. “Azərbaycanın nailiyyətləri mənə çox
böyük təsir bağışlayır və mən rəsmi səfərlər zamanı Azərbaycan
haqqında daha çox məlumat əldə etmişdim”, - deyən dövlət başçısı
ölkəmizin beynəlxalq prinsiplərə sadiq olduğunu və gələcəyə çox
dəqiq baxdığını bildirib.
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın prezidenti George
İvanov isə dünyada gedən qloballaşma və bunun nəticəsində ortaya
çıxan problemlər haqqında danışdı. “Yoxsulluğun azaldılması
təhsilin səviyyəsindən asılıdır”, - deyən George İvanov
Makedoniyanın inkişaf mərhələləri, NATO-ya üzvlük, Avropa İttifaqı
ilə əlaqələrin gücləndirilməsinə dair ölkəsinin prioritetləri
barədə məlumat verib. O, Makedoniyanın Azərbaycanla enerji
sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx
Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi də prezident İlham Əliyevə bu
forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. “XXI əsrdə
inkişaf üçün böyük potensial var”, - deyən BƏƏ-nin nümayəndəsi
dünyada enerji təhlükəsizliyi ilə bağlı yaşanan proseslərə nəzər
salıb.
İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri
Şaveys bu forumun ölkələrarası əməkdaşlığın inkişafına böyük dəstək
verəcəyini deyib. Azərbaycan prezidentinə 2003-cü ildən İraqda
aparılan demokratik proseslərə verdiyi dəstəyə görə təşəkkür edən
qonaq ölkəmizdə və paytaxtımızda gedən inkişaf proseslərini yüksək
qiymətləndirib, İraq əsilli Zaha Hadidin memarı olduğu Heydər
Əliyev Mərkəzinə gəlməkdən məmnunluğunu bildirib.
Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın onda böyük
təəssürat yaratdığını Estoniya parlamentinin sədri xanım Ene Erqman
da vurğulayıb. O, prezident İlham Əliyevin enerji siyasətinin
uğurlarından danışıb.
Sonra diskussiya şəraitində davam etdirilən forumda müxtəlif
ölkələri təmsil edən nümayəndələr suallar veriblər. Azərbaycanın
qarşıdakı 10 ildə inkişaf strategiyası, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizdə həyata keçirilən
təhsil islahatları ilə bağlı suallara cavabında prezident İlham
Əliyev enerji layihələrindən əldə olunan mənfəətlərdən səmərəli
istifadə edildiyini, Dövlət Neft Fonduna yığılan vəsaitlərin daha
çox sosial problemlərin həllinə, xalqın rifah halının
yaxşılaşdırılmasına sərf edildiyini bildirib. Dövlətimizin başçısı
qarşıdakı 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılması, İKT-nin
inkişafı, müasir sənaye sahələrinin yaradılması və Azərbaycanın
adambaşına düşən gəlirə görə dünyada ön sıralara çıxarılmasının
mühüm hədəflər olduğunu bildirib. Prezident İlham Əliyev Dağlıq
Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ortada
olduğunu, ərazi bütövlüyü prinsipinin aparılan danışıqların əsasını
təşkil etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb
ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına
heç vaxt imkan verməyəcəkdir. Təhsil islahatları ilə bağlı sualın
cavabında isə prezident İlham Əliyev bildirib ki, bu gün ölkədə
həyata keçirilən çoxşaxəli islahatların mühüm tərkib hissəsi olan
təhsil sektorunun inkişafı bu sahədə güclü infrastrukturun
yaradılmasından, maddi-texniki bazanın yaxşılaşdırılmasından keçir
və Azərbaycan öz gələcəyinin yaxşı təhsil üzərində qurulmasına
inanır.
Digər çıxışçılar da ölkələrində həyata keçirilən inkişaf
prosesləri, qloballaşmanın dünya iqtisadiyyatına təsiri, Avropanın
gələcəyi və digər mövzularla bağlı suallara cavab veriblər.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Forum
iştirakçılarının şərəfinə nahar verilib.
Publika.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK