Azərbaycanın səfiri erməni diplomatın cavabını verib
Bizi izləyin

Nida.az

Azərbaycanın səfiri erməni diplomatın cavabını verib

Noyabrın 1-də Argentinanın nüfuzlu “La Nacion” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan səfirinin fikirlərinə növbəti cavab məktubu dərc edilib.

Publika.az-ın məlumatına görə, Məmməd Əhmədzadə yazıda Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu vurğulayıb. Qeyd edilib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün ört-basdır edilməsi üçün qanunsuz olaraq yaradılıb və heç bir ölkə tərəfindən tanınmayan separatçı rejimdir.

Yazıda vurğulanıb ki, 1988-ci ildə - SSRİ dönəmində Ermənistan SSR Azərbaycan SSR-yə qarşı əhalisi azərbaycanlılar və ermənilərdən ibarət olan Azərbaycanın Dağlıq Qarabağ əyaləti ilə bağlı ərazi iddiları irəli sürüb, eyni zamanda, 250 min azərbaycanlını da Ermənistandan deportasiya edib. SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu - ölkəmizin ərazilərinin 20 faizini işğal edib. Bu işğal nəticəsində həmin ərazilərdəki 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımını törədib.

M.Əhmədzadə bildirib ki, Ermənistan təcavüz faktını ört-basdır etmək üçün xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadəyə çalışır. Diplomat vurğulayıb: “Erməni xalqı Ermənistan dövləti yaratmaqla artıq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Bundan başqa, ermənilərin yaşamadığı ətraf rayonların işğalı və həmin ərazilərdən də bütün azərbaycanlıların qovulması onu göstərir ki, Ermənistanın xalqların öz müqəddəratını təyin etməsi prinsipinə istinad etməsi absurddur.

Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayışlar var və azərbaycanlı icması da oradan qovulub. Ermənilərin Dağlıq Qarabağdan azərbaycanlıları qovaraq orada öz müqəddaratını təyinetmə tələbi yolverilməzdir”.

Səfir, həmçinin bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağa qaytarıldıqdan sonra hər iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət, sülh və ləyaqətlə yaşaya bilərlər. Məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.

M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan BMT Nizamnamasində, xüsusilə də onun 51-ci maddəsində təsbit olunmuş hüquqlara xələl gətirmədən münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, bu xüsusda 20 ildən artıqdır hələ də heç bir nəticə verməyən danışıqlar prosesində iştirak edir. “Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişanin nizamlanmasının açar elementləridir. XXI əsrdə dünya ictimaiyyəti hərbi güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qəbul etmir”, - deyə diplomat fikirlərini tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm