Gürcü jurnalist: “Azərbaycanlıların problemini həll etmədən Avropaya gedə bilmərik”
Bizi izləyin

Nida.az

Gürcü jurnalist: “Azərbaycanlıların problemini həll etmədən Avropaya gedə bilmərik”

Gürcü jurnalist Qela Vasadze Gürcüstan azərbaycanlılarının pozulan hüquqlarını araşdırıb.


Publika.az xəbər verir ki, gürcü müəllif ölkə konstitusiyasının 38-ci maddəsinin bütün milli azlıqların hüquqlarını qoruduğunu yazır: “Bu məlum məsələdir. Lakin realda konstitusiyaya həmişə əməl edilmir. Ümumi mənzərədən hali olmaq üçün Marneulidə məskunlaşan azərbaycanlılarla danışmaq kifayətdir. Həmçinin, azərbaycanlıların yaşadığı Dmanisi və Qardabani bölgələrindəki vəziyyətdən əhalinin dövlətdən narazılıqlarının olduğunu, kifayət qədər problemlərin yığıldığını görmək olur. Hər an bu problemlərin kənar qüvvələr, xüsusilə Rusiya tərəfindən istifadə ediləcəyi təhlükəsi var”.


Azərbaycanlıların yaşadığı bölgələrdə toponim problemini qaldıran Q. Vasadze bunun o qədər də əhəmiyyətli olmadığını iddia edib. Onun sözlərinə görə, azərbaycanlıların bu torpaqlarda min illərdir yaşaması, yaxud Şah Abbas tərəfindən köçürülməsi məsələlərinə tarixi yanaşma olmalıdır: “Bu istiqamətdə günlərlə mübahisə etmək olar. Belə mübahisələr azərbaycanlıları dövlətdən incik salır. Hərçənd bunun üçün siyasi iradə nümayiş etdirilsə və insanların tarixi bağlılıqlarına hörmətlə yanaşılsa, bu, Gürcüstanın bütövlüyü deməkdir. Onlara bu ölkənin hamımızın olduğunu sübut etmək lazımdır. Digər böyük problem Azərbaycan kəndlərində məscidlərin tikintisidir. Burda ümumiyyətlə heç bir mübahisəyə yer yoxdur. Heç bir dövlətin öz vətəndaşlarının dini inanclarına qarışmaq haqqı yoxdur. Bu, dövlətin səlahiyyətlərindən kənar məsələdir”.


Gürcü jurnalist Kvemo-Kartli bölgəsində torpaqların qanunsuz icarəyə verilməsi probleminə də toxunub.


Qeyd edək ki, 2012-ci ildən başlayaraq Borçalı bölgəsinin müxtəlif ərazilərində münbit torpaqların 49 il müddətinə Tbilisi və Rustavi şəhərlərində yaşayan 33 min gürcü ailəsinə icarəyə verilməsi prosesi başlayıb. Əslən Borçalıdan olan Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı Publika.az-a açıqlamasında “Torpaq haqqında” yerli qanunun buna imkan yaratdığını deyib. Onun sözlərinə görə, azərbaycanlıların əkib-becərdikləri torpaqların 70 faizinin gürcülərə verilməsinə hüquqi imkan yaradılıb: “Amma Gürcüstan parlamentinin 1996-cı il tarixli 22 mart qərarına görə, qonşu dövlətlərlə sərhəddən 20 kilometr aralı özəlləşdirmə aparıla bilməz. Borçalı isə bir tərəfdən Azərbaycan, digər tərəfdən Ermənistan sərhədi boyu Türkiyə sərhədinə qədər uzanıb gedir. Bu qərara görə, azərbaycanlıların məskunlaşdığı əksər kəndlərdə özəlləşdirmə aparılmamalı, torpaq isə dövlət mülkiyyəti hesab olunmalıdır”.


K. Ramazanlı Gürcüstan parlamentinin 1996-cı il 28 iyul qərarını xatırladaraq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin maksimum müddətinin 49 təqvim ili olduğunu deyib. Onun sözlərinə görə, burada torpaqların təyinat məsələsi var: “Belə ki, birinci kateqoriyada kənd adamları üçün 0,5, ikinci kateqoriyada fermer təsərrüfatı üçün 0,13 hektar, üçüncü kateqoriyada isə şəhər əhalisi üçün 0,16 hektar torpaq sahələri ayırmaq nəzərdə tutulur. Bu, qorxulu məsələdir”.

QAM sədri onu da bildirib ki, Gürcüstan Nazirlər Kabinetinin 1993-cü il 16 yanvar tarixli qərarı ilə azərbaycanlılar və gürcülər üçün nəzərdə tutulan torpaq sahələri göstərilir və burada da düzgün siyasət aparılmır: “Qardabani rayonunda şəhər əhalisi üçün 6590 hektar, yerli əhali üçün isə 490 hektar torpaq sahəsi nəzərdə tutulub. Bu da istənilən şəhər əhalisinin bu qədər torpağa iddia edə bilməsinə şərait yaradır. Marnuelidə isə 5870 hektar şəhər əhalisi üçün, 120 hektar isə yerli əhali üçün nəzərdə tutulub. Hazırda əsas problem Qaraçöp mahalı ərazisində 5200 hektar torpaq sahəsinin bir gürcüyə, demək olar ki, hədiyyə edilməsidir. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi haqqında qanunlara əlavə və dəyişiklilərin edilməsi ilə bağlı Gürcüstan parlamentinin 2000-ci il qərarının 8-ci maddəsinin 2-ci bəndində isə göstərilir ki, kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsində yerli icarədarın üstün hüququ var. Eyni zamanda, bu torpaqlar müxtəlif vaxtlarda ayrı-ayrı olaraq icarəyə verilib. Yəni 49 təqvim ilinin baş çatıb-çatmadığı məlum deyil”.


QAM sədri 2012-ci ildən başlayan bu prosesin yeni hökumət tərəfindən də davam etdirildiyini deyib. Onun sözlərinə görə, azərbaycanlılar buna etiraz etdikdən sonra proses səngidi. Lakin daha sonra bir qədər fərqli formada proses davam etdirilir.


Q. Vasadze də bu problemə diqqət çəkərək icarələrdə şəffaflığın olmamasını qeyd edib. Onun sözlərinə görə, ədalətli şəkildə bölgü və şəffaflıq yerli əhalinin mərkəzi hökumətə itmiş inamını qaytara bilər.


Daha sonra gürcü jurnalist azərbaycanlıların dil probleminə toxunur. V. Vasadze Azərbaycan məktəblərinin artırılmasının vacibliyini qeyd edir. Eyni zamanda, problemin maraqlı həll yolunu təklif edib: “Azərbaycanlılar arasında stimulverici məsələləri təşviq etmək lazımdır. Misal üçün, gürcü dilini bilməyin rayon rəhbəri seçilməkdə yardımçı olması məsələsi təbliğ edilməlidir. Hər kəs bilməlidir ki, siyasətdə milli kimlik əsas deyil. Əsas olan azad və ədalətli Gürcüstanın qurulmasıdır və bu prosesdə millətindən asılı olmayaraq hər kəs yaxından iştirak edə bilər”.


Q. Vasadze bu problemləri həll etmədən Gürcüstanın Avropaya getməsini mümkünsüz hesab edir: “Bu, azərbaycanlıların deyil, bütün Gürcüstanın problemidir. Uğurlu gələcəyimiz bunun həllindən asılıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm