“Eyni simalardan beziblər” - İnsanlar mitinqlərə niyə getmir?
Bizi izləyin

Nida.az

“Eyni simalardan beziblər” - İnsanlar mitinqlərə niyə getmir?

Milli Şura noyabrın 10-na yeni mitinq təyin etdi. Qurumun rəhbərliyi ötən mitinqin cəmiyyətdə yüksək səviyyədə qəbul edildiyini iddia edərək bu addımı atdıqlarını deyirlər. Artıq Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün rəsmi müraciət ünvanlanıb.

Milli Şura rəhbərliyinin iddialarına rəğmən, oktyabrın 12-də Yasamaldakı “Məhsul” stadionunda keçirilən mitinqə cəmi 900 nəfər qatılmışdı. Ən azı, rəsmi məlumatlarda belə deyilirdi. Qurumun rəhbərliyi isə 7 min iştirakçının olduğunu iddia edirdi. Lakin ümumi mənzərə odur ki, mitinqlərə cəmiyyət tərəfindən maraq yox səviyyəsindədir.


AXCP sədrinin keçmiş müavini, ötən il prezident seçkilərində Milli Şuranın mitinqlərinin əsas təşkilatçısı olmuş “Xalq arzusu” hərəkatının rəhbəri Asəf Quliyev Publika.az-a açıqlamasında xalqın mitinqlərə marağının az olması səbəblərindən danışıb.

A. Quliyev ilk növbədə mitinqlərin taktiki formasının köhnə və yanlış olduğunu hesab edir. Onun sözlərinə görə, 20 ildir keçirilən mitinqlərin hamısı eyni formadadır: “Eyni partiyalar təşkilatçı, eyni şəxslər iştirakçıdır. Mitinqlərdə eyni şəxslər də çıxış edirlər. Ümumiyyətlə, tək Azərbaycanda yox, bütün dünyada seçkidən sonra mitinqlərdə kütləviliyin olmaması normaldır. Lakin cəmiyyətin buna müəyyən marağı da olmalıdır. Bunun üçün də ilk növbədə forma dəyişməlidir. Əsas təşkilatçılıq gənclərə verilməlidir. Misal üçün, bu gün gənclərin flaşmobları müxalifətin mitinqlərindən daha kütləvi və daha maraqlı olur. Çünki cəmiyyət fərqlilik istəyir. Dəfələrlə demişəm ki, mitinqlərdə mahnıların seçilməsi, bayraqların müxtəlif formada olması lazımdır. Yoxsa eyni şəxslər çıxıb danışır, onları dinləyənlər də eyni adamlardır. Ola bilsin ki, kiminsə çıxışı onun mənsub olduğu partiya üzvləri tərəfindən yaxşı qarşılanacaq. Amma biz mitinqlərin cəmiyyətə hesablandığını deyirik, xalqın dəstəyinə çalışırıq. Amma cəmiyyət eyni adamların çıxışından qıcıqlanır”.


A. Quliyev yeni təkliflərin müxalifət rəhbərləri tərəfindən qəbul edilmədiyini deyib: “Mən Milli Şuranın mitinq komissiyasının sədri olanda əsas komanda gənclərdən ibarət idi. Gənclər enerjili, yaradıcı olurlar. Bizim gəclər də kifayət qədər yeni təkliflər verirdilər. Biz yeni taktika ortaya qoyurduq ki, 20 ildə baş verənlərin təkrarı olmasın və insanlar maraqla qarşılasın. Amma yuxarılar razılaşmırdılar və köhnə 20 ilin taktikası təkrarlanırdı”.

A. Quliyev mitinqlərə partiya marağından yanaşıldığını da vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm