Saakaşvilinin hakimiyyətə gəlməsi reallaşır?
Bizi izləyin

Nida.az

Saakaşvilinin hakimiyyətə gəlməsi reallaşır?

Gürcüstan siyasi arenası çalxalanmaqda davam edir. Xəbər verdiyimiz kimi, noyabrın 4-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad edib.

Bunun ardınca isə Gürcüstanın xarici işlər naziri Maya Panjikidze və Gürcüstanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili istefa verib. Dünən axşam İ.Alasaniyanın “Bizim Gürcüstanımız – Azad demokratlar” Partiyası hakim “Gürcü arzusu” koalisiyasından çıxıb. Bununla da, faktiki olaraq hakim koalisiya dağılıb.

Gürcüstanda belə bir fikir formalaşmağa başlayıb ki, bütün bunlar keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu revanş planının bir hissəsidir. Bəzi ekspertlər də Saakaşvilinin hakimiyyəti qaytarmaq üçün böyük siyasi oyuna başladığını istisna etmirlər.

Sözügedən məsələ ilə bağlı Publika.az-a danışan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Gürcüstan hökumətinin bir neçə üzvünün istefaya göndərilməsi məsələsini belə şərh edib: “Əgər “Gürcü Arzusu” koalisiyası dağılarsa, o zaman sabiq prezident Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsi reallaşa bilər. Doğrudur, Mixeil Saakaşvilinin hakimiyyətə qayıtmasına qarşı təkcə Rusiyada deyil, Qərbdə də etirazlar olacaq. Amma istənilən halda Gürcüstanda siyasi boşluq yaranarsa, o zaman Mixeil Saakaşvilinin hakimiyyətə qayıtması gündəmə gələcək. Bunun nə dərəcədə real olacağını zaman göstərəcək”.

Ə.Oruclu onu qeyd edib ki, “Gürcü Arzusu” koalisiyasının süni olması əvvəlcədən bəlli idi: “Ona görə də bu koalisiyanın dağılması təəccüblü deyil. Onu da nəzərə alaq ki, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin “Gürcü Arzusu” koalisiyasını kənardan “boz kardinal” kimi idarə etmək iddiası var idi. Sonunda bu iddialar da öz nəticəsini göstərdi. Gürcüstan hökuməti tərkibində baş verən hadisələr isə təbii prosesdir. Düşünmürəm ki, bütün bunların arxasında kimlərsə dayanır. Ola bilər ki, kimsə buna bir qədər təkan vermiş olsun. Ancaq istənilən halda bu təbii prosesdir. Çünki “Gürcü Arzusu” koalisiyası süni koalisiya idi. Məqsəd Bidzina İvanişvilinin pulundan istifadə edərək, Mixeil Saakaşvilini devirib hakimiyyətə gəlmək idi. Buna nail olsalar da, sonradan bu oyunun mənfi tərəfi özünü göstərməyə başladı. Siyasətdə bu cür oyunlar keçmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm