Meriyadan Milli Şuraya sərt cavab: “Günahı özünüzdə axtarın”
Bizi izləyin

Nida.az

Meriyadan Milli Şuraya sərt cavab: “Günahı özünüzdə axtarın”

Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqin vaxtı bir gün önə çəkilib.


Publika.az xəbər verir ki, Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “facebook” səhifəsində mitinqin noyabrın 9-na keçirildiyini deyib. F. Qəhrəmanlı bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) ittiham edib. Onun iddiasına görə, meriya Milli Şuranın hazırlıq kampaniyasını pozmaq üçün bilərəkdən vaxtı dəyişib.


“Ayın 5-də İcra Hakimiyyətindən Zaur Ramazanov mənə zəng edib soruşdu ki, sizin mitinqlə bağlı 9, 10 və 16 noyabr tarixləri ilə bağlı müraciətiniz var, bunlardan hansı əsasdır. Mən də bildirdim ki, biz aksiyanı 10 noyabrda keçirmək istəyirik və siz 10-u ilə bağlı qərar verin.

Dünən isə Zaur Ramazanov yenidən zəng edib bildirdi ki, cavab hazırdır və gəlib məktubu götürün. Mən ona bildirdim ki, mətbuat məndən soruşur, ona görə 10 ilə bağlı müraciətimizə necə cavab verildiyini əvvəldən deyə bilərsinizmi? Zaur bəy də bildirdi ki, cavab müsbətdir. Biz də bunun əsasında mətbuata məlumat bildirdik”, - deyə AXCP sədrinin müavini iddia edib.


BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə Publika.az-a açıqlamasında F. Qəhrəmanlının dediklərini təkzib edib. O, Qəhrəmanlıya zəng etdiyini bildirib: “Dünən günorta Fuad Qəhrəmanlıya zəng edərək rəsmi cavabın hazır olduğunu dedim. Bildirdim ki, rəsmi cavabı götürmək üçün özünüz gələ bilməsəniz, həmişə olduğu kimi səlahiyyətli nümayəndələrinizi göndərə bilərsiniz. Məndən cavabın müsbət olub-olmadığını soruşdu. Mən də müsbətdir deyə bildirdim. Amma günün sonuna qədər gəlib rəsmi cavabı götürən olmadı. Bildiyiniz kimi, biz mitinqin təhlükəsizliyini təmin etmək üçün əlaqədar orqanlara da məlumat veririk. Bu gün əlaqədar orqanlardan bildirdilər ki, bütün saytlar mitinqin 10-da keçiriləcəyini yazır. Günah onların özlərindədir. Rəsmi cavabı götürmədən mətbuata mitinqin vaxtı ilə bağlı məlumat veriblər”.


Z. Ramazanov qeyd edib ki, Milli Şuranın mitinq üçün etdiyi müraciətdə 3 vaxt göstərilmişdi: “9, 10 və 16-sı. Biz ilk iki müraciətə baxıb rəsmi cavabı hazırlamışıq. Problem onlardadır ki, rəsmi sənədə baxmadan məlumat yayıblar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm