“İctimai Palata vahid namizəd müəyyənləşdirməsə fəaliyyətini dayandıracaq” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“İctimai Palata vahid namizəd müəyyənləşdirməsə fəaliyyətini dayandıracaq” – MÜSAHİBƏ

Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, İctimai Palata Koordinasiya Şurasının üzvü Rafiq Manaflı Publika.Az-ın suallarını cavablandırıb.

- İctimai Palatada prezidentliyə vahid namizədin müəyyənləşməsinin çətinliyi barədə proqnozları tez-tez eşidilməyə başlayıb. Vəziyyəti siz necə qiymətləndirirsiz?

- Hər kəs bu mövzuda şərh verməyə çalışır. Bu məsələlərin haradan qaynaqlandığını deyə bilmərəm. Amma mən mürəkkəb bir situasiya görmürəm. Seçki mühiti formalaşandan sonra necə olacaq, nə olacaq, bu, ayrı məsələdir.

Hesab edirəm ki, İctimai Palatanın seçkiyə vahid namizədlə getməyə kifayət qədər iradəsi var. Bizim 2003-cü il təcrübəmiz unudulmayıb. O zaman beynəlxalq birlik müxalifətə ona görə soyuq yanaşdı ki, həmin qüvvələr bir yerdə, vahid çətir altda deyildi. Artıq bilirik ki, vahid namizədlə seçkilərə getməmək nəyə gətirib çıxarır...

Proseslərə indi də hərə bir cür baxır, çoxları kənardan qiymət verir və qeyri-obyektiv fikir yürüdürlər. Hadisələrin mərkəzində olan adam kimi deyirəm ki, biz seçkilərə vahid namizədlə gedə bilərik.

- Belə bir ehtimal da səslənir ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli öz aralarında namizədlə bağlı anlaşa bilməsələr, İctimai Palata dağılacaq...

- İstəməzdik proseslər bu istiqamətdə inkişaf etsin. Vahid namizəd məsələsi İctimai Palata çərçivəsində həll olunmasa, o halda onun fəaliyyətinə nə ehtiyac var? İctimai Palata vahid namizədini müəyyənləşdirməsə fəaliyyətini dayandıracaq.

- Sizcə, İctimai Palatada İsa Qəmbər və Əli Kərimlidən başqa kimlər vahid namizəd ola bilər?

- İctimai Palata vahid namizəd olacaq şəxsləri müəyyənləşdirib. Bunlar Əli Kərimli və İsa Qəmbərdir. Kimin siyasi çəkisi daha artıq olacaq, bu, zamanı gələndə bilinəcək.

- Neytral bir şəxsin vahid namizəd olması variantı da mətbuatda müzakirə olunur...

- Mən belə bir neytral adam tanımıram Hər halda İctimai Palata özünü təsdiq etmiş, müxalifətin ən güclü mərkəzlərindən biri olaraq status qazanmış bir qurumdur. Eyni zamanda siyasi qüvvələrə diktə etmirik ki, hamı yalnız bizimlə hesablaşsın.

Normal seçki mühitinin formalaşdırlması ilə yanaşı müxalifətin daha çox qüvvəsinin İctimai Palataya cəlb edilməsi işi aparılır. Bütün iddialı qüvvələri tanıyırıq və bilirik ki, adını çəkdiyim şəxslərə ciddi rəqib yoxdur.

- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, İctimai Palatanın vahid namizədi olacaq şəxs qurumdan kənar siyasi qüvvələrin dəstəyini də qazanmalıdır. Sizcə, adını çəkdiyiniz şəxslərdən hansı bu dəstəyi qazanmağa yaxındır?

- Bu sualın cavabını vermək çox çətindir. Fərqindəyik ki, İctimai Palatanın vahid namizədi olacaq şəxs müxalifətdə olan əsas qüvvələrin dəstəyini qazanması çox vacibdir. Bu istiqamətdə fəaliyyətmiz davam edir. Əsas məqsədimiz odur ki, bütün qüvvələrlə bu məsələ razılaşdırılsın.

Hesab edirəm ki, vahid namizədlə bağlı müzakirələr hələ tezdir. Demokratik seçki mühiti yaradılmalıdır. Birinci növbədə qanunlarda dəyişikliklər aparılmalıdır. Seçki komissiyaların tərkibində xüsusi dəyişikliklər edilməlidir. Bu məsələyə nail olmadan müxalifət üçün seçkilər çox çətin olacaq.

- Müxalifətin vahid seçki blokunun yaradılması perspektivini necə dəyərləndirirsiniz?

- Müxalifətin bütün qüvvələri bir mərkəzdə toplana bilmirsə, İctimai Palataya kimsə gəlmirsə, quruma kimisi istehza, kimisi barmaqarası yanaşırsa, bu qüvvələrin vahid seçki blokunda toplanması nə qədər realdır? Mən bunu real hesab etmirəm. Söhbət kiminsə İctimai Palataya gəlib-gəlməməsindən getmir. Ən azından əməkdaşlıq haqqında müəyyən razılaşmalar əldə olunmalıdır, bundan sonra ortaq bir qurumun yaradılmasından söhbət gedə bilər. Hələ ki, bu, yoxdur.

- Müxalifət bir mərkəzdə təmsil olunmursa, hər halda günahkarlar da axtarılmalıdır...

- İyirmi illik bir yol gəlmişik. Müxalifətdaxili ümumi siyasi gedişlər olub. Bəzən kimsə başqalarından inciyib, kimsə başqalarını özündən küsdürüb Situasiya elədir ki, o inciklərin üstündən adlayıb bir yerə toplanmaq lazımdır. Adlaya bilənlər isə bu gün İctimai Palatadadırlar. Qalan qüvvələr də anlayacaq ki, kənarda qalmaq mümkün deyil. Keçmişdə olanların keçmişdə qaldığını qəbul etsək bir yerə gələ biləcəyik. Xəyanət olmayıbsa, qalan bütün günahlar bağışlanıla bilər.

- Seçkilərə kimi bunun baş verəcəyinə inanmaq olarmı?

- Əlbəttə, bütün qüvvələr bir araya gəlməyəcək. Kənarda qalanlar da olacaq. Cığallıq edənlər də var. Əsas istəyimiz odur ki, cəmiyyətdə qəbul olunan, siyasi çəkiyə malik qüvvələr bir arada olsun. Üç-beş nəfərlik partiyalar qıraqda qalacaqsa, bu bizi o qədər narahat etmir.

- İctimai Palata indiki formatında seçki mühitinin yaradılması işini qura biləcəkmi, bəlkə yeni bir birlik formatı düşünülməlidir?

- Hesab etmirəm ki, söhbət formatdan gedir. Söhbət seçki mühitinin yaradılmasında məsul olan iqtidar nümayəndələrinin məsələyə münasibətindən gedir.

- Siz İctimai Palatada şəxs qismində təmsil olunursunuz. Partiyaların təmsil olunduğu seçki qurumunun yaradılmasına ehtiyac görürsünüzmü?

- Prinsip etibarilə belə bir şərait var. İctimai Palata 80-ci illərin sonundakı Xalq Cəbhəsinin prototipi kimi yaradılıb. Azərbaycan cəmiyyəti təkcə siyasi partiyalardan ibarət deyil . Biz cəmiyyətin ən geniş təbəqələrini İctimai Palataya cəlb etmək məqsədilə vətəndaş cəmiyyəti formatını seçmişik.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm