“Gürcüstanda Azərbaycan dilində təhsilin üstündən xətt çəkilir” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Gürcüstanda Azərbaycan dilində təhsilin üstündən xətt çəkilir” - MÜSAHİBƏ

“Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı Gürcüstan azərbaycanlılarının bugünkü durumu və problemləri ilə bağlı Publika.Az-a müsahibə verib.

- Kamran bəy, Gürcüstanda yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlər həllini tapırmı?

- Xeyr. Əsas problemlər əvvəlki illərdə olduğu kimi həll olunmamış qalmaqda davam edir. Təhsil, torpaq, işsizlik, azərbaycanlıların dövlət strukturlarında təmsilçiliyi və dini sahədə problemlər qalmaqdadır.

- Bu problemlərdən hansı insanları daha çox narahat edir?

- İnsanları narahat edən iki ciddi problem var. Birincisi azərbaycanlıların təhsillə bağlıdır uzun illərdir mövcud olan problemdir. Gürcüstanın təhsil qanununun 4-cü, 5-ci maddələri birbaşa milli azlıqların diskriminasiyasına xidmət edir. Həmin maddələrdə deyilir ki, Gürcüstanda ümumi orta təhsil gürcü və abxazcadır, başqa dillərdə təhsil ola bilməz.

Gürcüstanda abxazların sayı cəmi 50 min civarındadır. Halbuki Gürcüstanda 500 min azərbaycanlı, 400 min nəfərə yaxın erməni yaşayır. Yəni burada təkcə azərbaycanlıların yox, bütün milli azlıqların hüquqları pozulur. Bu, o deməkdir ki, təhsil qanununun 4-cü və 5-ci maddələri ləğv olunmasa, yaxud dəyişikliyə uğramasa Gürcüstanda yeni dərs ilindən, yəni sentyabr ayından təhsil tədricən gürcücə aparılacaq.

Baxmayaraq ki, onlar 2011-ci ildən bunu istəyirlər, ancaq Azərbaycan ictimaiyyətinin, eləcə də Azərbaycan və Gürcüstandakı qeyri-hökumət təşkilatlarının ciddi müqaviməti sayəsində bunun qarşısı alınıb. Formal olaraq indi azərbaycandilli məktəblər qalır.

Düzdür, bu məktəblərin sayı da kəskin şəkildə azalıb. Sovetlər dövründə 181 məktəbimiz var idi. Bu gün 120 məktəbimiz qalıb. Yəni 20 il ərzində 61 məktəb bağlanıb. Ona görə təhsil qanununun 4-cü və 5-ci maddələri dəyişdirilməsə üzümüzə gələn tədris ilindən ümumiyyətlə Gürcüstanda Azərbaycan dilində təhsil məsələsinin üstündən xətt çəkiləcək.

Bu azmış kimi hazırda bir sıra kəndlərdə məktəb direktorları milliyyətcə gürcüdür. Halbuki o kəndlərdə bir nəfər də gürcü yaşamır. Məsələn, Bolnisi rayonunun böyük kəndlərindən olan Arıxlı kəndinin 5 mindən çox əhalisi var. Beş minin arasında bircə nəfər gürcü olmadığı halda o kənddə məktəb direktoru gürcüdür.

Gürcüstanın təhsil sistemində Qəyyumlar Şurası deyilən bir struktur var. Məktəb direktorlarını Qəyyumlar Şurası seçir. Əgər Qəyyumlar Şurasının məktəb direktoru seçdiyi insan Təhsil Nazirliyi tərəfindən qəbul olunmursa, yenidən seçki keçirilir. Arıxlı kəndində konkret olaraq Qəyyumlar Şurası gürcü məktəb direktorunu qəbul etmədiyi halda Təhsil Nazirliyi onu direktor təyin etdi.

Yaxud Bolnisi rayonunun İmirhəsən kəndində bir nəfər gürcü yaşamadığı halda orda da məktəb direktoru gürcüdür. Yenə Bolnisi rayonunun böyük kəndlərindən olan Qoçuluda bir gürcü yaşamadığı halda direktor gürcüdür.

Son iki ildə ən ciddi problemlərdən biri də ondadır ki, məktəblər daxilində müəllimlərin sayında balansı pozmaq üçün hər məktəbə gürcü dili tədris edən 5-6 müəllim gətirirlər. Tiflisdən gəldiyi üçün onlara 1000 lari, yəni 500 AZN civarında, azərbaycanlı müəllimlərə isə 400 lari, yəni 200 AZN qədər maaş verirlər.

Bunu gələcəkdə bütün məktəblərdə həmin müəllimlərdən birini seçib direktor təyin etməyə zəmin hazırlamaq üçün edirlər.

İkincisi torpaq məsələsi də ənənəvi problemdir. Bilirsiniz ki, Borçalı aqrar bölgədir. Orada camaat əsasən kənd təsərrüfatı sahəsində çalışır. Hələ sovetlər dönəmində Gürcüstanın kənd təsərrüfatı məhsullarının ən azı 1/3-ə yaxınını Borçalı bölgəsi verirdi. Gürcüstanda torpaqların özəlləşdirilməsi zamanı azərbaycanlılar çox böyük ədalətsizliklərlə üzləşdilər. Onlara məxsus torpaqlar gürcülər tərəfindən özəlləşdirildi.

Son vaxtlar bu prosesi internet vasitəsilə edirlər. Kəndlərdə də internet imkanları olduqca zəifdir. Son pis bir nümunə kimi mən Saqareco rayonunun Qaraçöp nahiyəsində baş vermiş hadisəni misal göstərə bilərəm. Həmin nahiyənin tərkibindəki 7 kənddə 25 min nəfərə yaxın azərbaycanlı yaşayır. Orada 5 min hektara yaxın ərazi internet vasitəsilə guya özəlləşdirməyə çıxarılıb və keçmiş “raykom” katibi və bir nəfər də Rəşid adlı iranlı həmin torpağı alıb.

Bununla bağlı orada 41 icarədar prezident Mixail Saakaşviliyə şikayət məktubu ünvanladı, amma bugünədək heç bir nəticə yoxdur. Yəni 5 min hektar ərazi soydaşlarımızın əlindən çıxdı. Həmin 7 kənddə bir nəfər də gürcü yaşamadığı halda kənardan bir nəfər gələrək o torpaqları mənimsədi.

- Həmin iranlı barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Açığı, onun milliyyəti mənə məlum deyil. Ümumiyyətlə, onu orada görən olmayıb. Amma kənd sakinləri tərəfindən bu fikirlər söylənir və dəqiqdir. Onun bu torpağı hansı məqsəd üçün aldığı bəlli olmasa da Gürcüstan hakimiyyəti çalışır ki, azərbaycanlılarda torpaq, mülkiyyət sahibi mümkün qədər az olsun. Bu, əslində sıxışdırmadır. Bunun başqa adı yoxdur.

- Yer adları ilə bağlı məsələ nə yerdədir? Bu istiqamətdə hansısa dəyişiklik varmı?

- Bu problem də əvvəlkitək öz həllini tapmayıb. Bolnisi rayonunda adı dəyişdirilmiş 31 kəndin adı gürcücə qalmaqdadır. Baxmayaraq ki, bununla bağlı həmin vaxtdan indiyədək həm Gürcüstandakı yerli QHT-lər, azərbaycanlı ziyalılar, həm də Azərbaycandakı QHT-lər, ziyalılar tərəfindən dəfələrlə müraciətlər edilib.

Hətta Azərbaycan parlament nümayəndə heyəti Tiflisə səfərləri zamanı bu məsələ rəsmi səviyyədə dəfələrlə qaldırılıb. Bizim ordakı QHT-lər beynəlxalq strukturlara, Avropa Şurasına və digər təşkilatlara müraciətlər ediblər. Ancaq Gürcüstan hakimiyyəti bu məsələlərə normal yanaşmır və Azərbaycan kənd adlarını bərpa etmir.

- Dini sahədə vəziyyət nə cürdür?

- Bilirsiniz ki, Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi fəaliyyət göstərirdi. Məşədi Əli Əliyev də həmin nümayəndəliyin rəhbəri idi. Bir il öncə rəsmi Tiflisin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinə alternativ bir qurum yaratdılar. Dövlət strukturlarında çalışan azərbaycanlılar, Kvemo-Kartli (Borçalı) qubernatorunun müavini, azərbaycanlı deputat, kənd təsərrüfatı nazirinin müşaviri də həmin alternativ qurumun təsisçiləri oldular.

Həmin qurum qeyri-hökumət təşkilatının səlahiyyəti daxilində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi funksiyasını yerinə yetirir. Rəsmi qurumlarda çalışan azərbaycanlıları çıxmaq şərtilə müsəlmanların əksəriyyəti yeni yaranmış qurumu qəbul etmir. Ona görə ki, hökumət dini də tam nəzarətə götürmək istədi.

Amma insanlar inanclarında azaddır. Kim Qafqaz Müsəlmanları İdarəsini qəbul edirsə ona tərəf, başqası da digər tərəfə üz tutacaq. Sadəcə dini müstəvidə də insanlarımız arasında qarşıdurma yaratmaq istədilər. Şükürlər olsun ki, o qarşıdurma alınmadı.

- Bəs, azərbaycanlıların yaşadıqları kəndlərdə qoyulan xaçlar qalırmı?

- Xaçlar götürülmədi, öz yerlərində qalır.

- Faxralı məscidinin taleyi necə oldu?

- Faxrılı məscidi fəaliyyətini bərpa edib. Çünki bu məscidlə bağlı çox böyük səs-küy qalxdı, hətta bu məscidin məsələsi ABŞ Dövlət Departamentinin illik hesabatına da daxil edilmişdi. Bundan müəyyən müddət keçdikdən sonra həmin məscidin bərpasına icazə verildi.

- Yəni məscid kimi fəaliyyət göstərir?

- Bəli. Amma əksər məscidlər orada ağsaqqallar evi və ya şəxsi ev kimi fəaliyyət göstərir. Məscidlərin heç birinin rəsmi statusu yoxdur. Yalnız Tiflisdəki Cümə məscidinin Gürcüstan mədəniyyət nazirliyinin balansındadır. O da məscid kimi deyil, tarixi abidə kimi...

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm