Siyavuş Novruzovdan “Freedom House” açıqlaması
Bizi izləyin

Nida.az

Siyavuş Novruzovdan “Freedom House” açıqlaması

“Freedom House” təşkilatının Leyla Yunusu müdafiə etməsi bu şəxsdən öz məqsədi üçün istifadə etdiyini sübut edir. Görünür, təşkilatı insan haqları, yaxud demokratiya yox, öz adamları maraqlandırır”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.


S. Novruzov Leyla Yunus və digər QHT rəhbərlərinin istintaqının Azərbaycanın daxili işi olduğunu bildirib. Onun sözlərinə görə, heç bir kənar dövlət, o cümlədən beynəlxalq təşkilat, yaxud hansısa QHT səviyyəli qurumlar başqa ölkənin daxili işinə qarışa bilməz: “Bu beynəlxalq hüquq səviyyəsində tanınan məsələdir. “Freedom House” kimi hüquqdan, qanundan danışan təşkilatlar isə öz maraqları gələndə beynəlxalq hüquqa məhəl qoymur. Bu tip təşkilatların vergidən yayınmaya və digər hüququ pozuntularına görə saxlanılan QHT rəhbərlərini canfəşanlıqla müdafiə etməsi şübhələr yaradır. Görünür, onların bu təşkilatlarla əlaqələri olub və istintaqın bu qaranlıq əlaqələri ortaya çıxarmasından qorxurlar. Ona görə də hər addım başı məsələni qaldırır, Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli, ədalətsiz fikirlər səsləndirilər”.


YAP rəsmisi “Freedom House” təşkilatının İdarə Heyətində bir neçə erməninin olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı bu cür qərəzli mövqenin arxasında onların da barmağı var.


“Məhz erməni lobbisindən aldığı maliyyə hesabına Azərbaycan haqqında müxtəlif ölkələrdə, qurumlarda qeyri-dəqiq, qərəzli rəy formalaşdırılır. Bu prosesdə onlara satılmış bir neçə avropalı siyasətçilər də var. Onların da iç üzü yavaş-yavaş açılır. Hər kəs Azərbaycanın müstəqil ölkə olduğunu anlamalıdır. O cümlədən “Freedom House” təşkilatı da. Biz öz müstəqilliyimizi “Freedom House”un, onlara donos yazanların, yaxud onların diktəsi ilə oturub-duranların maraqlarına qurban verə bilmərik. Hər kəs bu təşkilatın Azərbaycanla bağlı verdiyi məlumatın heç bir əsası olmadığını bilir. Sadəcə olaraq, Leyla Yunus və ona bənzər vətən xainlərinin informasiyaları hesabına hazırlanır. Hamısı da bir mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunur. Belə təşkilatların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini aparacaq və hər bir dövlətlə bərabər hüquqlu əlaqələrini quracaq”, - deyə YAP rəsmisi qeyd edib.


Qeyd edək ki, “Freedom House” təşkilatı Leyla Yunusun müdafiəsini təşkil edən vəkillərin uzaqlaşdırılması ilə bağlı bəyanat yayaraq Azərbaycan hökumətini ittiham edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm