“İŞİD Azərbaycanda siyasi müxalifət ola bilməz” – Sabiq təhlükəsizlik zabiti şərh edir
Bizi izləyin

Nida.az

“İŞİD Azərbaycanda siyasi müxalifət ola bilməz” – Sabiq təhlükəsizlik zabiti şərh edir

Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Publika.az-a müsahibəsində Azərbaycanda dinin siyasiləşməsi, İŞİD təhlükəsi və gələcək perspektivləri şərh edib.


- Azərbaycanda dinin siyasiləşməsi və müxalifət düşərgəsində boşluğu doldurması tendensiyaları zaman-zaman gündəmə gəlir. Bu haqda bir sıra Qərb ekspertləri də danışıblar. Bu tendensiyalar nə qədər realdır?


- Siyasi müxalifətlə dini baxışları və əqidəni bir çərçivəyə salmaq yanlış yanaşmadır. Tolerantlıq baxımından, bəlkə də, Azərbaycan qədər ikinci bir dövlət yoxdur. Azərbaycan dövləti dünyəvi dövlətçilik və idarəçilik formasını seçib və bu idarəçilik Konstitusiya ilə təsbit edilib. Ölkəmizdə din dövlətdən ayrıdır. Amma bu heç də dövlətin dindən ayrı olması demək deyil. Dövlət tərəfindən dini qurumlara, icmalara, din xadimlərinə müəyyən səlahiyyətlər verilir, daxili və xarici siyasətdə bundan istifadə edilir. İki cür baxış var: dövlət məscidin içində olsun və ya əksinə, məscid dövlətin içində. Yaxın Şərqdə, ərəb ölkələrində, İraqda, Suriyada baş verən hadisələr dövləti məscidin içərisinə soxmaq, özü də bunu zor gücünə etmək cəhdlərinin acınacaqlı nəticələrə, müharibələrə, qırğınlara, müsəlmançılığı gözdən salmağa gətirib çıxardığını bir daha göstərir.


Azərbaycanda dinin azad olduğunu bir daha xüsusi qeyd etmək istəyirəm. Bir çox dövlətlərdə hətta namaz qılınandan sonra məscidlər bağlanır, bizdə isə istənilən vaxt qadağasız məscidlərin qapıları açıqdır. Bundan başqa, istər dövlət, istərsə də özəl qurumlarda vicdan və etiqad azadlığını həyata keçirmək üçün şərait var və dini ayinləri həyata keçirməyə qadağa yoxdur. Eyni zamanda, İslami dəyərlər üzərində qurulmuş siyasi partiya və hərəkatların istənilən vaxt seçkilərdə iştirakına da heç bir maneə törədilmir.


- Bir müddət öncə “Karnegi” fondunun britaniyalı eksperti Tomas de Vall Suriyaya döyüşə gedən, bu gün İŞİD və bir sıra terror qruplaşmalarının tərkibində döyüşən azərbaycanlıların geri qayıtmaq təhlükəsindən danışdı. Ekspert onların geri qayıtdıqdan sonra siyasi arenada boşluğu doldura biləcəyini və siyasi müxalifətə çevrilmək təhlükəsini açıqladı. Bu haqda nə deyə bilərsiniz?


- İŞİD-in yaradılmasında əsas məqsədlərdən biri Suriya və İraqda mövcud rejimi dəyişmək və bu dövlətləri parçalamaq idi. Ən əsası İŞİD ABŞ və bir sıra Qərb dövlətlərinin tapşırığı, maliyyə və digər dəstəyi ilə Bəşər Əsəd rejiminə qarşı Azad Suriya Ordusunun bazasında yaradılmışdı. Bunu Qərbin ekspertləri də təsdiq edirlər.

İstənilən qurumun tərkibində döyüşlərdə iştirak etmiş bu şəxslər öz daimi yaşayış yerlərinə, ölkələrinə qayıtdıqdan sonra qanun qarşısında cavab verməli olduğu məlumdur. Artıq Azərbaycanda da bunun hüquqi bazası var və Cinayət Məcəlləsi ilə təsbit edilir. Qərb dövlətlərindən Suriyada və İraqda döyüşlərdə iştirak edən həmin şəxslər daha çoxdur və öz ölkələrinə qayıdanda böyük təhlükəyə çevrilə bilərlər. Burada artıq insan haqları məsələsi ikinci plana keçməlidir. Düşünürəm ki, müasir şəraitdə Azərbaycanda onların siyasi arenaya çıxmaları qeyri-mümkündür.


- Maraqlı bir məqam var. Yerli ekspertlərdən bəziləri qərbli şərhçilərin bu cür proqnozlarının arxasında ölkə müxalifətinin dayandığını düşünür. Yəni, müxalifət Qərbə “bizə dəstək verməsəniz, yerimizi daha radikal olan dini kəsimlər tuta bilər” mesajını verir.

- Zənnimcə, iqtidara keçmək üçün hər cürə siyasi manevrlərə əl atmaq mümkündür. Lakin müxalifət də bunun mümkün olmayan məsələ olduğunu dəqiq bilir. Yəni hətta qərbli ekspertlərə bu cür mesajlar verilsə belə, bu gün Azərbaycanda dindarların siyasətdə kifayət qədər nə gücü, nə də təmsilçiliyi yoxdur. Yaxın gələcəkdə olacağını da düşünmürəm. Çünki elə bir mühit yetişməyib və xalq belə bir prosesin baş verməsinin əleyhinədir. Yəni bu inandırıcı versiya deyil.


- Suriya və İraqda ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya qüvvələri İŞİD, Əl-Nusra və digər qruplaşmalara qarşı hücumları kəskinləşdirib. Bildiyimiz kimi, bu qruplaşmalar tərkibində azərbaycanlılar da döyüşür. Belə hücumlar onların geri qayıtmasını və Azərbaycan üçün təhlükəyə çevrilməsini nə qədər aktuallaşdırır?


- Mən bir neçə dəfə öz çıxışlarımda qeyd etmişəm ki, keçirilən əməliyyatlardan əvvəl Birləşmiş Ştatlar tərəfindən əsasən ərəb ölkələrindən ibarət koalisiya yaradılıb və İŞİD-in maliyyə mənbəyinin kəsilməsi ilə bağlı Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanına tapşırıq verilib. Yəni bu gün İŞİD-in artıq öz işini gördüyünü və ona çox az ehtiyac qaldığını demək olar. Məhz buna görə də keçirilən əməliyyatlar öz effektini verəcək. Əlbəttə, yenə də yuxarıda qeyd edildiyi kimi məqsəd Suriya və İraqdır. Bundan başqa, İran Qərb qüvvələrinin onun sərhədinə həddən artıq yaxınlaşdığından narahat olmalıdır. Yəni bu dəstənin və ya daha doğrusu onun havadarlarının əsas hədəfi İraq və ən əsası Suriyadır. Orada terror və digər qanunsuz əməllərlə məşğul olmuş azərbaycanlıların geri qayıtması isə böyük sual altındadır. Birincisi, qayıdanlar özlərini leqallaşdırmalıdırlar, ikincisi isə, qanun qarşısında cavab verməlidirlər.


- Bu gün ölkə üçün ən əsas təhlükə İŞİD tərkibində döyüşən soydaşlarımız olduğu deyilir.


- Əlbəttə, İŞİD və digər terror qruplasmalarındakı azərbaycanlılar geri qayıdarlarsa və qanundan kənarda qala bilərlərsə, müəyyən “narahatçılıq”lara səbəb ola bilərlər. Bunun qarşısının vaxtında və kəskinliklə alınacağını hesab edirəm.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm