“Moskva Şimali İranı işğal etmək üçün dəhliz açmağa hazırlaşır” – Şok iddia
Bizi izləyin

Nida.az

“Moskva Şimali İranı işğal etmək üçün dəhliz açmağa hazırlaşır” – Şok iddia

Bir neçə gün bundan əvvəl Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyası fraksiyasının azərbaycanlı deputatı Azər Süleymanov bizimlə söhbətində Ermənistanı Rusiya ilə bağlayacaq Abxaziya dəmir yolu ilə bağlı şok bir iddia irəli sürmüşdü. Onun sözlərinə görə, Abxaziya dəmir yolunun açılması Rusiya ilə razılaşdırılıb və yaxın günlərdə bu plan reallaşdırıla bilər.


“Bu danışıqlar Ermənistan baş nazirinin müavini ilə Tiflis hökuməti arasında aparılıb. Gizli şəkildə aparılan danışıqlarda dəmir yolunun açılması məsələsi razılaşdırılıb. Danışıqların detalları tam məlum deyil. Amma Gürcüstan mediası da bu haqda xəbər verib”, - deyə azərbaycanlı deputat bildirmişdi.


Rəsmi Bakı Abxaziya dəmir yolunun açılmasına qarşıdır. Çünki bu, Ermənistanın Rusiya ilə quru yolunu aça bilər. Saakaşvili hökuməti dəmiryolun açılmasından qəti şəkildə imtina etsə də, 2012-ci ildə “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsindən sonra məsələ yenidən aktuallaşıb. Gürcüstan ali rəhbərliyində baş verən son dəyişikliklərdən sonra isə bu məsələnin reallaşdırılması ehtimalları daha da yüksəlib. Gürcüstanda baş verənlərin və nazirlərin istefasının Kremlin istəyi ilə həyata keçirildiyi bildirilir. Postlarını tərk edən Maya Pancikidze (xarici işlər naziri), Aleksi Petriaşvili (avrointeqrasiya üzrə dövlət naziri) və İrakli Alasaniya (müdafiə naziri) ölkənin xarici siyasət kursunu həyata keçirən əsas şəxslər idi. Onların hər üçü Qərbə inteqrasiyaya xüsusi bağlılığı ilə tanınırdı.

İ.Alasaniya isə Rusiyanın əsas düşməni rolunda çıxış edən NATO-ya inteqrasiyanın çılğın tərəfdarıdır. Məhz onun əməyi sayəsində NATO və Gürcüstan arasında yeni əməkdaşlıq paketi razılaşdırılıb. NATO-nun Gürcüstanda yaradacağı təlim bazası, ABŞ-ın qurmaq istədiyi raketdən müdafiə sistemi ölkənin təhlükəsizliyinin demək olar ki, alyansa etibar edilməsi anlamına gəlir. Artıq onların heç biri, daha doğrusu Kremlin sevmədiyi “üçlük” hökumətdə təmsil olunmur. Əksinə, “Rusiya oliqarxı” kimi tanınan sabiq baş nazir Bidzina İvanişvili tərəfindən idarə olunduğu deyilən Qaribaşvili hakimiyyətdədir. İddialara inansaq, dolayı olsa belə Kremlin Qaribaşviliyə yüksək təsir imkanları var. Beləliklə də, Abxaziya dəmir yolunun açılışı ilə bağlı Kremlin maraqları Tiflis tərəfindən yerinə yetirilə bilər. Baxmayaraq ki, Gürcüstan ərazisinin 20 faizinə qədərinin məhz Rusiya tərəfindən işğal olunduğu faktdır.


İlk baxışdan hesab etmək olar ki, Abxaziya dəmir yolunun fəaliyyətinin bərpası Avrasiya İttifaqına daxil olan Ermənistanın qurumun digər üzvləri ilə iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə imkan verəcək. Məlumdur ki, Ermənistanın Avrasiya İttifaqının digər üzvləri ilə ümumi sərhədi yoxdur. Bu isə vahid gömrük məkanı üçün olduqca vacib amildir. Məlumata görə, İrəvan Avrasiya iqtisadi məkanından idxal olunacaq məhsulların gömrük rüsumlarının aşağı salınması üçün Tiflislə danışıqlar aparır. Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinə gəlincə, iki ölkə arasında yeganə quru əlaqəsi Gürcüstanın Yuxarı Lars sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Qış aylarında isə burada ciddi problemlər yaşanır. Abxaziya dəmir yolunun fəaliyyətinin bərpası isə İrəvana ikinci nəfəs verə bilər.


Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin “Nyupost” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi iddia isə onu deməyə əsas verir ki, Abxaziya dəmir yolu Ermənistandan daha çox Rusiyaya lazımdır. Onun sözlərinə görə, Rusiyanın əsas hədəfi Ermənistandakı Gümrü bazasına Gürcüstan vasitəsilə yol açmaqdır.


Keçmiş müdafiə naziri qeyd edir ki, “Gürcüstan regionlarının müdafiəsi" Kremlin Tiflisə yeni təhdididir: “Rusiya Dövlət Dumasında Gürcüstana qarşı daha bir ideyaya baxılır. Rusiya hərbçiləri və ekspertlər Gürcüstanda müharibə meydanının genişləndirilməsi məsələsinə baxırlar. Əsas təhlükə Gümrüdəki baza ilə bilavasitə əlaqə yaratmaq üçün Rusiyanın böyük arzusunun yaranmasıdır. Bu yollardan biri də Abxaziya dəmir yoludur”.


D.Şaşkin həmçinin iddia edir ki, digər bir plan yeni ərazilərin işğalı ilə Ermənistana birbaşa dəhlizin açılmasıdır: “Hazırda Avar-Kaxetiya yolu tikilməkdədir. Abxaziya ilə Moskvanın razılaşmalarının kökündə Ermənistanın sərhədinə çıxış dayanır. Rusiyalı ekspertlər qeyd edir ki, 2008-ci il müharibəsinin əsas məqsədlərindən biri - Ermənistan sərhədinə çıxış planı yerinə yetirilməyib. Rusiyaya Ermənistan sərhədinə birbaşa çıxış üçün Kaxetiya yolu lazımdır. Bu vəziyyətdə Gürcüstan potensial qurbana çevriləcək. Rusiyada əvvəlki kimi İranda vəziyyətin kəskinləşməsi halında Şimali İranın işğalı haqqında söhbətlər davam edir. Rusiya Baş Qərargahı artıq açıq şəkildə bildirir ki, bunun üçün onlara Gürcüstan vasitəsilə dəhliz lazımdır.


Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili də ötən ay Rusiyanın Tiflisi almaq üçün yol çəkdiyini barədə açıqlama vermişdi: “Rusiyanın siyasətinə və Avar-Kaxetiya yolunun tikilməsinə reaksiya verilməlidir. Biz onları bu yolun - hərbi yolun nə üçün istifadə ediləcəyini açıqlamağa məcbur etməliyik. Putin deyir ki, yol ona hərbi texnika üçün lazımdır. Bunu o, 2008-ci ildə deyib. Dediyi hər şeyi də edir. Oçamçir və Qalidə (Abxaziya, Qərbi Gürcüstan), dəmir yolu salındı, 350 tank yeritdi. Roksk tunelini nə üçün istifadə etdiyini hamımız gözəl bilirik. Sxinvalidə kəsmə yol ilə texnika yürütdü. Hər dəfə yol tikdikdə onu hərbi təyinatda istifadə edir. Avar-Kaxetiya yolu Tiflisi almaq üçün lazımdır”.


Gürcüstanın sabiq müdafiə nazirinin yenidən bu fikri səsləndirməsi narahatlığa kifayət qədər əsasların olduğunu göstərir: “Bu yeni ideyalar onu göstərir ki, bizdən alınan 20 faiz torpaqla Rusiya 2008-ci ildə öz hədəfinə nail olmadı. Tiflisi almaq 2008-ci ildə hədəf idi. Nədən Rusiyanın belə bir hədəfi var? Gümrüdəki bazaya yeganə quru yol Gürcüstan vasitəsilə, Tiflis vasitəsilə keçir. Şimali İrana müdaxilə olacağı halda 100 minlik hərbi korpus lazımdır. Tiflis yolu bunun üçün ən münasib yoldur”.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm